Müşfiqli günlərim. Dilbər Axundzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Müşfiqli günlərim - Dilbər Axundzadə страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Müşfiqli günlərim - Dilbər Axundzadə

Скачать книгу

Müşfiqi incitmə. O səni tez-tez görməyəndə darıxır, bir yerdə qərar tutmur. Şair qəlbi kövrək olur. Onunla ehtiyatlı ol.

      Bu söhbətdən bir neçə gün sonra Ziba yanıma gəlib Müşfiqin məni çağırdığını dedi. Mən onun sözünü yerə salmadım. Küçəyə çıxanda Müşfiqin necə həyəcan və narahatlıqla yolumu gözlədiyini gördüm. O məni görən kimi sevindi və irəli gəldi. Görüşdük. Baxışları küskün, çöhrəsi dalğın idi. O, birdən mənə elə baxdı ki, sanki baxışlarından üstümə qığılcım yağdırdı. Lakin düşündüyüm kimi olmadı; məni çox mehriban və səmimi dindirdi:

      – Necəsən, Dilbər?

      – Çox sağ olun, yaxşıyam. Bəs siz necəsiniz?

      Mənə elə gəldi ki, sualımın cavabında umu-küsü edəcək. Lakin o ürəyindən keçənləri gizlədə bildi.

      – Niyə, pis deyiləm, – dedi. Baxışlarını ətrafda dolandırıb birdən mənim üzərimdə saxladı. – Dilbər, əgər vaxtın varsa, gəl Pionerlər (indiki Ə.Vahid – red.) bağına gedək. Sənə deyiləsi çoxlu sözüm var.

      Mən getmək istəmədim. O, təkid etdi:

      – Məktubumu aldınmı?

      – Bəli.

      – Bəs niyə cavab yazmadın?

      – Şair məktubuna cavab yazmaq o qədər də asan deyildir.

      Sözlərim Müşfiqin eynini açdı.

      – Mənim məktubumun cavabında ürəyin nə istəsə yaz, – dedi.

      Mən gülümsündüm.

      Biz ətrafdakı gül-çiçək əkilmiş fəvvarəli hovuzun yanındakı skamyaya çatdıq.

      – Bəlkə bir az oturaq, Dilbər?

      – Nə deyirəm…

      Yaşıl budaqların çətiri altında yanaşı əyləşdik.

      – Dilbər, bilmirəm sən niyə mənimlə belə soyuq rəftar edirsən? Mənimlə danışanda rəngin allaşır. Özün də ayağının birini həmişə qaçaq qoyursan. Dilbər, sən bilirsən ki, mən səni sevirəm. Yoxsa mənim sevgimi özünə layiq bilmirsən?

      Mən dinmədim. O, sual dolu baxışlarını üzümə zilləyib dedi:

      – Mən sənin gözlərinə məftunam. Bir gözün rəhmə gələndə, o biri ona düşmən olur. Bu, nədəndir?

      O, birdən yerindən qalxıb önümdə dayandı. Onun bu hərəkəti mənə qəribə göründü. Mən indicə onun nəsə edəcəyini düşündüm. Yalvarış dolu baxışlarını üzümdən çəkmədən bu şeiri dedi:

      Qara qaş üstünə tökər qarını,

      Nərgiz gözlərindən məni ayırsan.

      Mənim ümidimin qapılarını

      Neçin gah açırsan, gah qapayırsan?

      Müşfiq şeiri elə bir ahənglə oxudu ki, ürəyim yarpaq kimi titrədi.

      – Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən?

      – Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!

      Mən qeyri-iradi onun gözlərinə baxdım.

      – Niyə birtəhər baxdın, Dilbər? Olmaya sözlərimə inanmırsan?

      Mən gülümsündüm.

      – Söhbətimiz uzandı, mən isə məktəbə gecikirəm. İcazə versən, gedərəm.

      – Nə deyirəm, get. Ancaq səndən bir xahişim var.

      – Buyur, – dedim.

      – Xahiş edirəm, tez-tez görüşə gəlməyə razılıq verəsən.

      – Bir şərtlə!

      – Hər nə desən göz üstədir, söylə görüm şərtin nədir?

      – Görüşə gələndə təzə şeir gətirməyi unutma.

      Mən sanki bu sözlə ona dünyanı bağışladım.

      – Sən görüşə gəlməkdə ol, mən o qədər şeir gətirim ki, oxuyub qurtara bilməyəsən. İstəsən, səni lap şeirlə bəzərəm.

      O iti nəzərlərlə başdan-ayağa məni süzdü və baxışlarını yaşıl budaqlara zillədi. Mənə elə gəldi ki, onun xəyalı bir anlıq harasa gedib qayıtdı. Təbəssüm dodaqlarını tərk etdi. Baxışları qatılaşdı. Onun bu halı mənə çox qəribə göründü. Birdən mənə tərəf döndü:

      – Dilbər, xahiş edirəm incimə, – dedi, – ürəyimə bir-iki sətir söz gəldi, qoy deyim.

      – Heç şeirə xahiş olar? – dedim.

      Mehriban nəzərləri yenə də üzümdə gəzdi və bədahətən bu şeiri dedi:

      Sevgilim əyninə yaşıl geyinmiş,

      Sallanışı sərvi-çəmən kimidir.

      Bu bənzətmə bir az üzdən olsa da,

      Tamamən görkəmi səmən kimidir.

      Nə arzu eyləsən, könlümdə vardır,

      Eşqimin səhəri bir ilk bahardır.

      Ona könül verən nə bəxtiyardır,

      Fikrim, hissim təzə gülşən kimidir.

      Müşfiqin ürəyi yanaqdan incə,

      Titrəyir bir xəfif rüzgar əsincə.

      Məşuqun ayağı haraya dəysə, –

      Orası aşiqə vətən kimidir.

      Biz ilk görüş yerindən pedtexnikuma tərəf yollandıq. İkimiz də xoşbəxt idik. Gözümüzə küçələr, binalar, qarşımıza çıxan adamlar hamısı əlvan, qəşəng və xoşbəxt görünürdü.

      İndiki Azərbaycan Yazıçılar İttifaqı o zaman “Proletar Yazıçılar Assosiasiyası” adlanırdı. Bu cəmiyyət öz üzvlərini tez-tez qəsəbələrə, zavodlara, fabriklərə, məktəblərə, klublara göndərirdi. Onlar fəhlə və qulluqçular qarşısında çıxış edərək, yeni həyatdan bəhs edən əsərlərlə dinləyiciləri sosializm quruculuğu işinə ruhlandırır, mədəniyyət işçilərinə yaxından kömək edirdilər. Müşfiq də bu işdə fəaliyyət göstərir, çox vaxt fəhlə, qulluqçu və tələbələrin auditoriyalarında çıxış etməyi sevirdi. Yadıma gəlir ki, bu sahədə həvəslə çalışan

Скачать книгу