Duel. Антон Чехов

Чтение книги онлайн.

Читать онлайн книгу Duel - Антон Чехов страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Duel - Антон Чехов

Скачать книгу

Mənim gənc ruhum isə qaynardır, mən əməl adamıyam. Biz çətin ki, bir-birimizi başa düşək. Yaxşısı, saxlayaq söhbəti burda. Mustafa, borcumuz nə qədərdir?

      Həkim diksinib Layevskinin əlini tutdu.

      – Xeyr, xeyr, mən ödəyəcəyəm… çünki mən qonaq eləmişəm.

      Bağıraraq qarsona səsləndi:

      – Mustafa, mənim hesabıma yazarsan!

      Qalxdılar. Ensiz sahil boyu gəzişməyə başladılar. Bulvara çathaçatda ayaq saxlayıb təbəssümlə əl sıxışdılar. Samoylenko köks ötürdü.

      – Bunun adı şıltaqlıqdır, cənab! Tale sənə gənc, gözəl, bilgili bir qadın göndərdi, amma sən onu rədd edirsən. Kaş Tanrı mənim qabağıma belə sevimli, ürəyitəmiz bir qadın çıxaraydı. İstəyir, qozbel qarı olsun lap. Beləsinə dünəndən razıyam. Üzüm bağımızda qəşəngcə dolanardıq, – Samoylenko dərhal özünü yığışdırdı, – arvad samovarı qaynatsın, bəsimdir.

      Layevskidən ayrılıb bulvarda gəzişməyə başladı. Heybətli tövrlə, ağır-ağır, üzündə sərt ifadə, əynində qar kimi bəyaz jaket, ayağında boyalı çəkmə, sinəsində lentli Vladimir ordeni ilə köksünü qabardaraq yeridikcə Samoylenkoya elə gəlirdi ki, bütün dünya heyranlıqla ona tamaşa edir. Başını çöndərmədən sağa-sola baxdı, bulvarın düzəngahını bəyəndi. İki tərəfdə sıra ilə evkalipt və cavan sərv ağacları, cılız olsa da, gözünə gözəl görünən palmalar əkilmişdi. Vaxt gələcək, bu ağacların geniş kölgəsi olacaqdı. Çərkəzlər qürurlu, qonaqsevər xalq idi.

      “Qəribədir, Layevskinin Qafqazdan niyə xoşu gəlmir?!”– deyə düşündü.

      Qarşıdan beş silahlı hərbçi gəlirdi. Ona hərbi salam verdilər. Bulvarın sağındakı piyada səkisindən bir məmur arvadı oğlu ilə keçirdi. Samoylenko nəzakətlə gülümsəyib səsləndi:

      – Marya Konstantinovna, sabahınız xeyir! Üzməkdən gəlirsiniz? Ha-ha-ha! Nikodim Aleksandroviçə çoxlu salam söyləyin.

      Üzündə həmin təbəssüm yoluna davam etdi, ancaq irəlidən gələn bir səhiyyə məmurunu görüb birdən qaşlarını çatdı, adamı saxlayıb soruşdu:

      – Lazaretdə kim var, kim yox?

      – Heç kim yoxdur, əlahəzrət.

      – Necə? Nə?

      – Heç kim yoxdur, əlahəzrət.

      – Yaxşı, get.

      Məğrur-məğrur yanını basaraq, limonad köşkünə doğru addımladı. Samoylenko alaya komanda verirmiş kimi yüksək səslə piştaxta arxasındakı gürcü bəzək-düzəyi taxmış yəhudi qadına səsləndi:

      – Zəhmət olmasa, bir bardaq soda!

      II

      Layevskinin Nadejda Fyodorovnanı sevməməyi ən çox da özünü bu yerdə büruzə verirdi: bu gənc qadının bütün sözləri, bütün davranışları ona saxta, süni təsir bağışlayır, Layevski məhəbbət və qadınlar haqqında bütün oxuduqlarına özündən, Nadejda Fyodorovna və onun ərindən daha yaxşı nümunə olmadığını fikirləşirdi.

      Evə girəndə Nadejda Fyodorovna artıq geyinib-kecinmiş, saçları daranmış halda pəncərənin qabağında oturmuşdu. Qalın bir jurnalı vərəqləyərək qayğılı-qayğılı qəhvə içirdi. Layevski düşünüb qəhvə içməklə qayğılı sima arasında bir əlaqə tapa bilmədi. Bundan əlavə, otaqda Layevskidən savayı, kimsə olmadığı üçün saçını son dəblə daramağı da izafi əziyyət idi. Jurnal vərəqləməyi də süni təsir bağışlayırdı. Geyinib-daranmağını gözəl, jurnal vərəqləməyini isə bilgili görünmək üçün elədiyi açıq-aşkar bilinirdi.

      Qadın:

      – Bu gün üzməyə getsəm, qəbahət olmaz ki, yox?! – deyə soruşdu.

      – Qəbahət niyə olsun axı?! Sən üzməyə getsən, dünya dağılmayacaq ki…

      – Fikirləşdim ki, həkim hirslənib-eləyər, ona görə soruşdum.

      – Elədirsə, get həkimin özündən soruş, mən həkim-zad deyiləm.

      Layevskinin həmin gün Nadejda Fyorovnada ən çox xoşuna gəlməyən şey ağ, çılpaq boynu ilə ənsəsindəki hörüklər idi. Anna Kareninanın ərindən soyuyandan sonra ən çox ərinin qulaqlarından xoşu gəlmədiyini xatırlayıb düşündü: “Necə də doğru imiş!”

      Bədəni əzgin idi, beyninin içində yorğunluq hiss edirdi. İş otağına keçib divana uzandı. Ağcaqanadlardan qorunmaq üçün üzünü dəsmalla örtdü. Yağışlı bir payız axşamında hey yol alıb gedən qatar kimi tənbəl, cansıxıcı düşüncələr uzanıb gedirdi.

      Nadejda Fyodorovnaya və onun ərinə qarşı özünü günahkar hiss edirdi, ona elə gəlirdi ki, kişi onun ucbatından ölüb. Özəl həyatını, ali ideyalarını və iş mühitini də öz əllərilə dağıtmışdı. Qiymətini gec bildiyi bu şeylərin vəhşi türklərin və dayaz abazinlərin6 məskunlaşdığı bu sahillərdə deyil, operanın, teatrın, qəzetlərin, hər cür yaradıcı təfəkkürün mövcud olduğu şimalda var olduğuna, bu şeylərə yenidən ancaq quzeydə qovuşa biləcəyinə inanırdı. İnsan buralarda yox, ancaq orada özünü nəcib, bilgili, uca və təmiz saxlaya bilərdi. Özünü məqsədsiz adam olmaqda, yaşamına istiqamət verən düşüncələrinin olmamağında da günahkar hiss edirdi. Bunun nə demək olduğunu indi-indi anlayırdı. İki il əvvəl Nadejda Fyodorovnaya vurulmuş, həyatın boşluğundan, yeknəsəqliyindən qurtulmağın yeganə yolunu bu qadınla birləşməkdə, onunla bir yerdə Qafqaza getməkdə görmüşdü. İndi də inanırdı ki, özünə gərəkli olanı yalnız və yalnız Nadejda Fyodorovnanı tərk edib Peterburqa dönməklə əldə edə bilər.

      Qanrılıb oturdu, dırnaqlarını gəmirərək:

      – Qoyub qaçmaq lazımdır! Elə bu saat qaçmaq lazımdır! – deyə mızıldandı.

      Xəyalında canlandırdığı tabloda səhər tezdən buxarlı gəmiyə minir, gəmidə qəlyanaltı edir, soyuq pivədən içir, göyərtədəki qadınlarla söhbətləşirdi. Sevastopola çatan kimi özünü ilk qatara atıb yola düşürdü. Və budur, azadlıq! Ard-arda sıralanan stansiyalar, get-gedə soyuyub-sərtləşən havalar, qayın və şam ağacları, nəhayət, Kursk, Moskva! Stansiya bufetlərində kələm borşu, qoyun ətindən şorba, nərə balığı, pivə… Qısası, bura artıq Asiya deyil, Rusiyadır, ana vətən Rusiya! Qatarda sərnişinlər ticarətdən, yeni müğənnilərdən, Fransa-Rusiya münasibətlərindən danışır; hər yerdə canlılıq, sivil, aydın, təptəzə bir həyat qaynayır… Bir az da, daha da sürətli! Sonda Nevski xiyabanı, Bolşaya Morskaya prospekti, bir vaxtlar tələbə yoldaşları ilə qaldığı Koven küçəsi, gümüşü, doğma göy üzü, çiskin yağmur, islanmış

Скачать книгу


<p>6</p>

Abazinlər (abazalar) – əsasən, Qaraçay-Çərkəz, Adıgey və Abxaziyada məskunlaşmış Şimali Qafqaz xalqı. Hal-hazırda əksəriyyəti Türkiyə, Misir və bəzi ərəb ölkələrində yaşayır.