Mobi-Dik. Герман Мелвилл

Чтение книги онлайн.

Читать онлайн книгу Mobi-Dik - Герман Мелвилл страница 5

Mobi-Dik - Герман Мелвилл Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

bərkidilmişdi. Bir sözlə, qeyri-adi gəmi idi!

      Göyərtədə heç kim gözə dəymirdi. Elə bu vaxt gözümə dorağacının yaxınlığında qurulmuş çadırabənzər bir şey, daha doğrusu, balina bığcıqlarından hörülmüş viqvam[13] sataşdı. Çox güman ki, bu viqvam müvəqqəti, yalnız limanda istifadə olunmaq məqsədilə düzəldilmişdi. Viqvamın içində yaşlı bir kişi buşlatına bürünüb oturmuşdu.

      – Bu gəminin kapitanı sizsiniz? – mən ona yaxınlaşıb soruşdum.

      – Tutaq ki, mənəm. Nə lazımdır? – kişi dilləndi.

      – İşə düzəlmək istəyirəm.

      – Belə de… – kişi susdu. Bir az fikirləşəndən sonra isə əlavə etdi: – Görürəm, gəlmə adama oxşayırsan. De görüm, heç parçalanmış qayıqda üzmüsən?

      – Xeyr, cənab, üzməmişəm.

      – Yəqin, balina ovundan da xəbərin yoxdur?

      – Yoxdur, cənab, ancaq öyrənə bilərəm. Mən ticarət gəmisində…

      – Cəhənnəm olsun sənin ticarət gəmin! – kişi qəfildən əsəbiləşib sözümü ağzımda qoydu. – Bir də mənim yanımda bu sözü ağzına alma, bildin! Buna bir bax! Bəlkə, ticarət gəmisində xidmət elədiyinə görə qürrələnəsən də!

      Dillənmədim. Kişi bir az sakitləşəndən sonra dedi:

      – Bəs niyə birdən-birə balina ovuna çıxmaq fikrinə düşmüsən? Dəniz qulduru-zad deyilsən ki? Bəlkə, öz kapitanını qarət eləyib qaçmısan, hə?

      Mən etiraz əlaməti olaraq başımı buladım.

      – Yaxşı, bəs onda balina ovunda nə itin azıb? – kişi yenidən acıqlı-acıqlı soruşdu. – Səni işə götürməmişdən qabaq mütləq bu suala cavab verməlisən!

      – Bilirsiniz, cənab, – mən astadan dilləndim, – həm bu işi öyrənmək, həm də dünyanı gəzib-görmək istəyirəm.

      – Bəs kapitan Ahavı tanıyırsan?

      – Kapitan Ahav? O kimdir?

      – «Pekod» gəmisinin kapitanı.

      – Mən elə bildim, bayaqdan kapitanla danışıram…

      – Bəli, sən kapitanla danışırsan! Kapitan Faleklə! Başa düşdün, cavan oğlan? Amma indi mənim işim gəminin təchizatı ilə məşğul olmaqdır. Mən kapitan Vildadla birlikdə bu gəminin sahibiyəm. İndi isə gör sənə nə deyirəm, əgər balina ovu ilə məşğul olmaq istəyirsənsə, işə düzəlməmişdən əvvəl bəzi şeyləri bilməlisən. Sonra çox gec olar…

      – Cənab, siz nəyi nəzərdə tutursunuz? – qorxa-qorxa soruşdum.

      – Bu saat deyərəm. Kapitan Ahavı tanımaq istəyirsən? – kişi qışqırdı. – Darıxma, görən kimi tanıyacaqsan! Onun bir ayağını balina parçalayıb, tək ayağı üstə gəzir. İndi balina ovu haqqında az da olsa, təsəvvürün yarandı? Hələ də bu işlə məşğul olmaq istəyirsən, ya yox?

      – Bəli, cənab.

      – Çox gözəl! Yaxşı, de görüm, harpunu diri balinanın ağzına atıb sonra özün də onun dalınca tullana bilərsən?

      – Bəli, cənab… Əgər bu çox vacibdirsə… – inamsızlıqla dilləndim. – Əgər, doğrudan da, bunsuz keçinmək mümkün deyilsə, onda…

      – Yaxşı, bəsdir! – kişi yenə sözümü ağzımda qoydu. – Hə, deyirsən ki, balina ovunu öyrənməklə yanaşı, dünyanı da gəzib-görmək istəyirsən? Elə isə, gəminin burnuna tərəf get və planşirdən[14] o tərəfə diqqətlə bax. Sonra nə gördüyünü gəlib mənə danışarsan.

      Bir müddət tərəddüd içində qalıb yerimdən tərpənmədim. Bilmirdim ki, bu əmri ciddi qəbul eləyim, ya yox. Ancaq kapitan Falek zarafat eləyən adama oxşamırdı. Gözlərini qəzəblə mənə zilləyib dayanmışdı.

      Əlacsız şəkildə «Pekod» un burnuna tərəf addımladım. Dalğaların qoynunda sakitcə yırğalanan gəminin burnu okeana tərəf çevrilmişdi. Planşirdən o tərəfdə mavi sulardan başqa, gözümə dəyə biləcək bir nöqtə belə yox idi.

      – Hə, nə gördün? – geri qayıdan kimi kapitan Falek soruşdu.

      – Heç nə. Sudan başqa nə olacaq ki! – dedim.

      – Gəmidə görəcəyin də bundan artıq olmayacaq. Bəlkə, heç özünə əziyyət verib Horn burnuna[15] kimi getməyəsən, dünyaya elə sahildəncə tamaşa eləyəsən, hə?

      Lakin Falekin bütün bu mülahizələri məni balina ovçusu olmaq fikrimdən daşındıra bilmədi. Axırda o, qərarımın qəti olduğunu görüb dedi:

      – Onda düş qabağıma, gedək, səni matrosların siyahısına salım.

      9

      Biz Faleklə birlikdə kapitan kayutuna düşdük. Orada qəribə bir adamla qarşılaşdıq. Məlum oldu ki, həmin şəxs kapitan Vildadın özüdür ki var. Cənab Falek kimi o da gəminin əsas sahiblərindən biri idi. Yəni «Pekod» gəmisi daha çox bu iki şəxsin mülkiyyəti sayılırdı. Düzdür, gəmidə xeyli sayda dul qadının, yetim uşağın və başqa kasıb-kusub adamların da payı vardı. Lakin bu pay o qədər kiçik idi ki, gəminin iki-üç mismarına, bir taxta lövhəsinə güclə çatardı.

      Altmış yaşını haqlamış kapitan Vildad harpunçuluqdan tutmuş gəmi sahibkarlığına kimi uzun bir yol qət eləyəndən sonra dənizçiliyin daşını ataraq limana sığınmışdı. Vildad dindar adam idi, eyni zamanda xəsislikdə ad çıxarmışdı.

      Biz içəri girəndə o, kresloda oturmuşdu, əynində xirtdəyinə kimi düymələdiyi qara sürtük[16] vardı. Gözlüyü burnunun ucuna düşmüşdü, əlində qalın bir kitab tutmuşdu. Deyəsən, Tövrat oxuyurdu.

      – Vildad! – kapitan Falek ona səsləndi. – Otuz ildir bu kitabı oxuyursan, hələ başa çıxa bilməmisən?

      Vildad, görünür, həmkarının bu cür zarafatlarına alışdığından ona fikir vermədən ağır-ağır başını kitabdan qaldırdı. Məni görüb sualedici nəzərlərlə Falekə baxdı.

      – Deyir ki, dənizçidir, – Falek dilləndi, – bizdə işə başlamaq istəyir. Necə bilirsən, yarayar?

      – Yarayar, – Vildad məni diqqətlə süzüb dedi. Sonra yenə başını kitabın üstünə

Скачать книгу


<p>13</p>

Viqvam – Şimali Amerika hindularının ağac qabığından və ya göndən düzəltdikləri alaçıq

<p>14</p>

Planşir – gəmi göyərtəsinin kənarlarına vurulan tir

<p>15</p>

Horn burnu – Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Cənubi Amerikanın cənub burnu kimi qəbul olunur.

<p>16</p>

Sürtük – uzunətəkli kişi pencəyi