Maresi. Maria Turtschaninoff
Чтение книги онлайн.
Читать онлайн книгу Maresi - Maria Turtschaninoff страница
Mən oradaydım.
Mən hekayəçi deyiləm. Amma yaxşı hekayəçi olmağımı gözləsəm, demək istədiyim şeylərin çoxunu unuda bilərəm. Ona görə də xatirələrimi indi isti-isti, hələ təzə ikən yazıram. O vaxtdan çox zaman keçməyib, yalnız bir bahar. Yaddaşımdan silinməyən o qorxunc hadisələri unutmaq üçün əlimdən gələni edərdim. Qan qoxusu. Qırılan sümük səsləri. Bunları bir daha xatırlamaq istəmirəm. Fəqət, məcburam. Ölüm haqqında yazmaq çox çətindir. Lakin çətindir deyə bir kənara qoya bilmərəm.
Monastır unudulmasın deyə yazıram. Baş verənləri özüm də anlamaq istəyirəm. Oxumaq həvəsim ətrafı daha yaxşı anlamağım üçün mənə yardımçı oldu. Yazmağımın da belə olacağını düşünürəm.
Sözlərim üzərində çox düşünürəm. Olanları təhrif etmədən və mahiyətini azaltmadan ifadə etmək üçün hansı sözlərdən istifadə etməliyəm? Sözlərin dəyərini bilməliyəm. Yalnız olanlar haqqında yazmaq üçün əlimdən gələni edəcəyəm. İşimi layiqincə yerinə yetirməsəm Tanrı məni bağışlasın.
Bir hekayənin harada başlayıb harada bitəcəyini bilmək çox çətindir. Sonu harada olacağını bilmirəm. Başlamaq daha asandır.
Hər şey Jai monastıra gələndən sonra başladı.
Jainin monastıra gəldiyi o yaz səhəri dəniz sahilində balıqqulağı toplayırdım. Səbətim yarısına qədər dolmuşdu. Bir az dincəlmək üçün daşın üstündə oturdum. Sahil kölgə idi, günəş Bəyaz Qadın Dağını aşmamışdı. Ayaqlarım üşümüşdü. Dalğalar ayağımın altındakı yumru daşları oynadırdı. Suyun kənarına qırmızı ayaqlı bir quzğun qondu. O da ilbiz axtarışında idi. Bir fırtına quşu uzun dimdiyi ilə ilbizi parçalayan zaman Dişlər dediyimiz dənizin içindən yüksələn uzun və incə qayaların yaxınlığında kiçik bir gəmi göründü.
Adət etdiyim tərəfdən gəlsəydi diqqətimi çəkməzdi. Hər ay buralarda bir neçə balıqçı gəmisi görünürdü. Bizimlə alış-veriş edən balıqçılar ya quzeydəki materikdən, ya da balıqla zəngin olan şərqdəki adalardan gəlirdilər. Gəmiləri çox fərqli idi; gövdələri bəyaz rəngli, yelkənləri səma kimi mavi, iki-üç nəfərlik kiçik gəmilər idi. Bir də materikdən bizim zəruri ehtiyaclarımızı, bəzən də, yeni rahibə namizədlərini gətirən gəmilər vardı. Bunlar şişman, ağır-ağır irəliləyən gəmilər idi. Bu gəmilərdə quldurlara qarşı durmaq üçün silahlı adamlar olurdu. Mən də adaya dörd il bundan əvvəl belə bir gəmi ilə gəlmişdim. Dənizi ilk dəfə gəmiyə minərkən görmüşdüm. Sahilə ən yaxın Dişdən dönüb bizim limana yönələn gəmi tamam başqa idi. Beləsini bir neçə dəfə görmüşdüm. Onlar uzaq, çox uzaq ölkələrdən gəlirdilər. Bu cür gəmilər balıqçıların gəldiyi tərəfdən, materikdən gəlirdilər. Sahil boyunca irəliləyər, ehtiyac olmadan dərin sulara baş vurmağa cəsarət etməzdilər. Bizim adamız çox kiçik olduğundan onu tapmaq çox çətin idi. Rahibə Loeni adanı Qadın Ananın qoruduğunu deyəndə Rahibə O. bacarıqsız dənizçilər haqqında burnunun altında nəsə mızıldanardı. Məncə, ada özü özünü qoruyurdu. Lakin bu gəmi qərb tərəfdən gəlib bizi tapmışdı. Yelkəni zərif, gövdəsi boz idi. Bozu dənizdə görmək çətin olur. “Baxın, mən gəlirəm!” deyən gəmilərdən deyildi.
Gəmi kiçik limana yaxınlaşırdı. Mən yerimdən sıçrayıb limana doğru qaçdım. Balıqqulaqlarını da, səbəti də unutmuşdum. Rabibə Loeni görsəydi, həmişəki kimi, məni tənbeh edərdi. Çox çılğınsan, Maresi, deyərdi. Anaya bax. Heç o, işini yarımçıq buraxar?
Ananın işini yarımçıq buraxmasını düşünməzdim, əlbəttə. Lakin Ananı ayaq barmaqları arasında dəniz yosunları, şalvarını dizlərinə qədər qatlanmış halda ilbiz topladığını da xəyal etməzdim. Yəqin, bir zamanlar mənim kimi rahibəliyə namizəd olarkən o da ilbiz toplamışdı. Əslində, Ananın kiçik bir qız olmasını təsəvvür edə bilmirdim. Ağlıma yerləşmirdi.
Rahibə Veerk və Rahibə Nummel gəmini qarşılamağa gəlmişdilər. Bütün diqqətlərini yaxınlaşan gəmiyə yönəltdiklərindən məni görmədilər. Körpünün cırıldayan taxtaları məni ələ verməsin deyə ehtiyatla irəliləyirdim. Rahibə Nummelin orada nə işi olduğu mənə çox maraqlı idi. Balıqçılarla alış-veriş işinə Rahibə Veerk baxar, Rahibə Nummel isə, yalnız, kiçik rahibələrlə məşğul olardı.
“Ana bununmu gələcəyini görmüşdü?” – Rahibə Nummel dedi. O, əlini gözünün üstünə qoyub gəmiyə baxırdı.
“Hər halda, bu olar”, – Rahibə Veerk dedi. Əmin olmadığı mövzuda heç bir fikir söyləməzdi.
“Kaş elə olmasın. Ananın trans halında söylədiklərini yozmaq çətindir, lakin mesaj çox açıqdır”. Rahibə Nummel onun başıörtülü dediklərini düzəltdi: “Təhlükə. Böyük təhlükə”.
Ayaqlarımın altındakı taxta cırıldadı. Rahibələr mənə tərəf döndülər. Rahibə Nummel qaşlarını düyünlədi.
“Maresi! Burda nə gəzirsən? Sən bu gün Ocaq Evində işləməyəcəkdin?”
“Şey,” – cavab verməkdə çətinlik çəkdim, – “burada balıqqulağı toplayırdım. Sonra bu gəmini gördüm”.
Rahibə Veerk başı ilə işarə etdi.
“Bax, yelkənlərini yığır”.
Adamların manevr edərək körpüyə yaxınlaşmalarını səssizcə izlədik. Gəmidə bu qədər az adam olması qəribə idi. Ön göyərtədə dayanan saqqallı, mavi jaketli yaşlı adam kapitan olmalı idi. Ondan başqa daha üç adam gördüm. Onların üzündə sərt bir ifadə var idi. Kapitan körpüyə çıxdı. Rahibə Veerk onun yanına getdi və onlar danışmağa başladılar. Sakitcə yaxınlaşıb onların nə danışdıqlarına qulaq asmaq istədim, lakin Rahibə Nummel qolumdan tutub getməyimə mane oldu. Bir qədər sonra Rahibə Veerk yanımıza qayıtdı. Rahibə Nummelin qulağına nəsə pıçıldadı. Nummel qolumdan tutub məni oradan uzaqlaşdırdı.
Rahibə Nummelə diqqət etdim, lakin marağımı ödəyə bilmədim. Rahibəliyə namizədlərin yanına xəbərlə dönmək istəyirdim. Başımı çevirib baxdım. Kapitanın gəminin içində kiməsə kömək etdiyini gördüm. Balaca bir qız idi. Sarı saçları zərif çiyinlərinə tökülmüşdü. Əynində qəhvə rəngli qolsuz manto var idi. Onun altından bir zamanlar ağ olduğu bilinən köynək geyinmişdi. Hərəkət edəndə mantosunun düşündüyüm kimi ipəkdən olmadığını anladım. Kirdən parıldayırdı. Üzünü görə bilmədim. Atdığı addımlarını sayırmış kimi başını yuxarı qaldırmırdı. Sanki addımlarını basdığı yerə güvənmirdi. Bu, adını sonradan öyrənəcəyim Jai idi.
Rahibə Nummelin məni oradan uzaqlaşdırmaq istəməsini anlamadım. Jai sonunda bizim yanımıza gəldi. Uzun saçları daranmışdı, lakin hələ də kirli idi. Bizim geyindiklərimiz qiyafədən geyinmişdi: qəhvə rəngli şalvar, ağ köynək və ağ yaylıq. İlk dəfə gördüyüm zaman geydiyi manto da əynində idi.
Jai mənim yanımdakı yatağa yerləşdi. Yeni gələn rahibəliyə namizədlər, adətən, kiçik olduqlarından kiçik rahibəliyə namizədlərin yataqxanasına yerləşdirilirdi. Jai biz böyüklərlə qalacaq yaşda idi. Mənim on üç yaşım var idi. Jai məndən, təxminən, bir ya da iki yaş böyük olardı.
Mənim yatağımın yanındakı yataq boş idi. Yatağın köhnə sahibi Joem Rahibə Ersin yanına təyin olunmuş, Ocaq Evinə daşınmışdı. Ersin tələbələri digər rahibəliyə namizədlərin yataqxanasında qalmazdı. Ocağın alovunu sönməyə qoymamalı, vaxtında Həvva adına