Maresi. Maria Turtschaninoff
Чтение книги онлайн.
Читать онлайн книгу Maresi - Maria Turtschaninoff страница 2
Yatağımdan qalxdım.
“Bəsdirin”, – dedim, – “işləriniz sizi gözləyir. Hər kəs öz işini görsün”.
Sözümü eşitdilər. Gəldiyim ilk günləri düşünəndə bu, mənə çox qəribə gəlirdi. Məni ələ salır, dediyim heç bir şeyi dinləməzdilər. Dörd il idi burada idim, amma nə bir evə, nə də bir rahibəyə bağlı idim. Adaya məndən əvvəl gələn rahibəliyə namizəd Ennike də mənim günümdə idi.
Jaiyə təmiz paltarlarımızı qoyduğumuz dolabı göstərdim. Çöldəki ayaqyolunun yerini deyib yatağını düzəltməyə kömək etdim. Etdiklərimə diqqətlə göz qoyurdu, lakin hələ bir kəlmə də kəsməmişdi.
“Bu gün sənin bir iş görməyinə gərək yoxdur”, – dedim və yorğanının kənarını içəri bükdüm. “Axşam Gül Məbədinə şükran ayininə gedərik. Narahat olma, lazım olan hər şeyi sənə başa salacam. Axşam yeməyinə az qalıb. Bir azdan Ocaq Evinə gedəcəyik”.
Jai hələ də susurdu.
Nə dediyimi başa düşürsən?” mehribanlıqla ondan soruşdum. Bəlkə, çox uzaqdan gəlib və bizim dilimizi anlamır. Adaya təzə gələndə mən də belə idim. Rovas, Urundien, Lavora kimi uzaq ölkələrdən gələnlər sahil ləhcəsində danışılan dilləri bilməzdilər. Sahil dilləri bir-birinə çox bənzəyirlər. Tələffüz və bəzi sözlərin fərqinə baxmayaraq ünsiyyət qura bilirdilər. Rahibə O. dil yaxınlığını sıx ticarət əlaqələrində görürdü. Monastıra gəldiyim birinci il dili öyrənənə qədər çox əziyyət çəkmişdim.
Jai başını yellədi və, birdən, danışdı.
“Burada kişi yoxdur?”
Səsində adamı sarsıdan bir dərinlik var idi. Əvvəllər eşitmədiyim bir aksentlə danışırdı.
Başımı buladım.
“Xeyr”, dedim, “kişilər bu adaya girə bilməz. Alış-veriş etdiyimiz balıqçılar belə. Rahibə Veerk alış-verişi körpüdə edir. Əlbəttə ki, erkək heyvanlarımız var. Dalaşqan bir xoruzumuz və bir neçə təkəmiz. Olan qalan erkəklərimiz bunlardır”.
“Bəs işlərinizi kim görür? Heyvanlara kim baxır, tarlaları kim şumlayır, sizi kim qoruyur?”
Onu yataqxananın hündür dar qapısına tərəf apardım. Burada bir-birinə bənzəməyən xeyli qapı var idi. Onların bizi qoruduğunu dedim. Bir dəfə iyirmiyə yaxın qapıdan keçdiyimi saymışdım.
Gəldiyim yerdə yalnız iki qapı var idi: klubumuzun və çöldəki ayaqyolunun qapıları. Siyirtmələri də dəmirdən deyil, dəridən idi. Onları da atam düzəltmişdi. Ayaqyolunun qapısını içəridən məftil bir dilçiklə bağlayırdıq. Bacım Naraes ayaqyoluna gedəndə qardaşım Akios kiçik bir taxta parçasını qapının arasından soxub dilçiyi qaldırar, ayaqyolunun qapısını açar, Naraesi cinləndirərdi.
Jaiyə ada haqqında danışdım: “Ada daşlı-kəsəkli olduğundan burada taxıl əkmirik. Taxıl ehtiyacımızı kənardan ödəyirik. Amma bostanlarımız var, bir də zeytun bağımız. Rahibələr şərab da düzəldirlər. İldə bir neçə dəfə önəmli günlərdə içirik”.
İsti axşam günəşinə çıxdıq. Yaylığımı gözümün üstünə çəkdim. Rahibə Loeni belə etməyimi xoşlamazdı, çox çirkin görünür deyərdi. Amma mən də günəşin gözlərimə girməsini sevmirdim.
“Bizim keşikçiyə ehtiyacımız yoxdur. Bura çox az gəmi gəlir. Monastırın nə qədər dik qaya üzərində tikildiyini, divarların nə qədər hündür olduğunu görmədinmi? Monastırın, yalnız, iki giriş qapısı var. Biri dəniz tərəfdən, sənin gəldiyin qapı – çox qalındır və çox sağlam siyirtmələri var. Keçi Qapısı adlandırdığımız digər qapı isə divarların dağa baxan tərəfindədir”. İşarə ilə göstərdim. “Keçiləri dağın yamacındakı kiçik otlaqda otarırıq. Buranı tanımayan adam dağ tərəfdəki qapını tapa bilməz. Rahibələrin adaya gəldiyi birinci il quldurlar basqın etmişdilər. Divarları buna görə hörüblər. Adada bizdən başqa heç kim yaşamır. Yəni kimdənsə qorunmağa ehtiyac yoxdur”. Qadadan bəladan uzaq olmaq üçün sağ əlimin şəhadət barmağı ilə sol ovcumun içində dairə cızdım. “Hamımız Qadın Ananın xidmətçisiyik. Lazım olsa o, bizi qoruyar”.
İç həyət boş idi. Bəlli idi ki, hamı çoxdan Ocaq Evinə getmişdi. Adaya təzə balıq gətirilməsi sorağı yayılanda həmişə belə olurdu. Monastıra gəlməzdən qabaq, yalnız, qurudulmuş balıq yemişdim. Dadı-tamı yox idi. Rahibə Ers yeməklərə müxtəlif göyərtilər və ədviyyatlar qatardı. İlk gün bişirdiyi yeməkdən bir qaşıq yeyən kimi tüpürmək istəmişdim. Dadı mənə çox dəyişik gəlmişdi. Rahibələrin sərt, qınayan baxışlarına görə tüpürə bilməmişdim. Yaxşı ki, belə olmuşdu. Başqalarının məni belə görməsini istəməzdim. Onsuz da özümü çox utancaq və adamayovuşmaz sayırdım. Daha sonra bütün bu adət etmədiyim dadların adlarını və haradan gətirildiyini öyrənəcəkdim. Şərqdən darçın, quzeydəki ölkələrdən qazayağı gətirilirdi. Sarıkök ilə kəklikotunu bizim dağın ətəklərindən toplayırdıq.
Jaiyə baxdım. İlk dəfə adaya gələndə keçirdiyim hisləri, yəqin, o da keçirirdi. Onu ürəkləndirmək üçün qoluna toxunmaq istədim. Lakin Jai onu vuracaqlarmış kimi ürpənərək geri çəkildi. Əllərini üzünə qapayıb dayandı. Yanaqları daha da solmuşdu.
Yavaşca “Qorxma” dedim. “Sadəcə, sənə bütün evləri göstərmək istəyirdim. Bax, oradakı Hamamxanadır. Sabah tezdən ora gedəcəyik. Bu pilləkənlər Məbəd Həyətinə, Mədrəsəyə, Rahibələr Evinə və Gül Məbədinə çıxır. Qərbə baxdığından Axşam pilləkənləri deyilir”.
Jainin barmaqları arasından baxdığını görüb danışmağa davam etdim.
“Bu uzun, dar pilləkənin adı Ay Pilləkənidir. İki yüz yetmiş pilləsi var! Özüm saymışam. Ananın otağı oradadır. Ana ilə qarşılaşdın elə deyilmi?”
Jai əllərini aşağı salıb başı ilə işarə etdi. Ana ilə qarşılaşdığını bilirdim, çünki bura gələn bütün qızlar əvvəlcə Ananın yanına götürülürdü. Sadəcə, Jai rahatlasın deyə soruşdum.
“Bu pilləkənlərə nadir hallarda çıxırıq. İndi isə Şəfəq pilləkəninə gedəcəyik. Ocaq Evinə və depoya buradan çıxırıq. Hə, tez ol gəl”.
Daha ona toxunmağa cəsarət etmədim. Qabağa düşüb dalımca gəlməsini gözlədim. Gəldi. Bir neçə addım aralıdan məni izlədi. Rahat olsun deyə danışmağa davam etdim. Yumurtaları yığanda