Gülüstani İrəm. Аббас-Кули-ага Бакиханов

Чтение книги онлайн.

Читать онлайн книгу Gülüstani İrəm - Аббас-Кули-ага Бакиханов страница 4

Gülüstani İrəm - Аббас-Кули-ага Бакиханов

Скачать книгу

IV əsr tarixçilərindən Ammian Martsellinin[20] yazdığına görə, ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları çıxmasın. Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyərdilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisindən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və susuzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman atdan enərdilər. Həya və əxlaq sahibi deyildilər. Talançı, qaniçən, qanun bilməyən, yalançı və dinsiz idilər. Atillanın yanında olan Rum səfirlərindən Prist belə nağıl edir: «Biz onunla orduda görüşdük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilində şeirlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əhatə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər çağı evinin qapısında oturub, xalqın divan işlərilə məşğul olurdu. Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl camlarda, özü üçün isə ağac qablarda yemək-içmək gətirdərdi. Yeməkdən sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından bəhs edən şerlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar, qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar…»

Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adından alınıb.

Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada yaşayırdılar. Sərmat padşahı Qıpçaq çölündən gəlib, onları məğlub etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran arasında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII əsrlərdə də bunların dövləti mövcud idi. Bunların padşahlarından Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını layiqi deyə yazırlar.

Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır…

Həbibüssiyər sahibinin yazdığına görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur. Bunu, Tiflisdə ərəblər tərəfində zərb edilən dirhəmlər də göstərir.

İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.

Yaqutun[21] yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə zamanı Tiflis şəhərini ələ keçirdilər.

Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuşdur.

Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padşahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasında yerləri tutmuşlar. Onlar cəsarətlə, vəhşi xasiyyətlə və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot[22] deyir ki, Skif gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır. Lakin Qatterer[23] isbat edir ki, Sərmat tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların yerlərinə sahib olmuşdu.

Alan tayfası şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb ona səcdə edərdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. Prokopi[24] Alan tayfasını Masaget nəslindən və Böyük Get mənasında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir.

Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasında məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsldən və ya Maqos və Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin[25], alan sözünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı, qədim zamanda Altay dağlarında yaşadıqları üçün, belə adlandırmışlar.

Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir. Alanlar, Bətləmyusun zamanından XIV əsrə qədər, Qafqaz dağlarının şimal-qərbində məşhur olmuşlar. Məsudinin yazdığına görə, Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səddindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Qubanın Şabran mahalında, Gilhinçayın sol kənarında, qalanın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də mövcuddur.

Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı – ehtimala görə, əslən Alğonlı olmuş – kəndinin üst tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin üstündən Baba dağına doğru gedir.

Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası Qafqazın şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki tərəfdən hücum yolları var idi. Alan adı məşhur olduğu üçün, bir çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıların hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin yazdığına görə,

Скачать книгу

20

Ammian Martsellin – Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. «Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. Ammian Martselinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır.

21

Yaqut Həməvi – 1178 və ya 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə vəfat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Möcəmülbüldan» dır. Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.

22

Herodot – ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər arasında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ticarət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi üçün olduqca qiymətlidir.

23

Qatterer – alman tarixçisidir. 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan Ümumdünya tarixi» adlı kitabıdır.

24

Prokopi – yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən məşhur tarixçisidir.

25

Dekin – fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların. türklərin, moğolların və sair tatarların ümumi tarixi» adlı kitabıdır.