Uzaq sahillərdə. Гасан Мехти оглы Сеидбейли

Чтение книги онлайн.

Читать онлайн книгу Uzaq sahillərdə - Гасан Мехти оглы Сеидбейли страница

Uzaq sahillərdə - Гасан Мехти оглы Сеидбейли Milli ədəbiyyat

Скачать книгу

strong>

      UZAQ SAHİLLƏRDƏ

      Roman

      Birinci fəsil

      Yanvar ayının bazar günlərindən birində Triyest şəhərinin küçələri ilə əlində köhnə vedrə, qoltuğunda böyük kağız topası olan bir qoca kişi veyllənirdi. Onun tük basmış sifətində laqeyd bir ifadə vardı. Qoca əriyib horraya dönmüş qarı yırtıq ayaqqabıları ilə şappıldada-şappıldada şəhərin fəhlə məhəlləsindəki Müqəddəs Yakov küçəsinə döndü. Bir hasarın qabağında dayandı. Vedrədən fırçanı çıxarıb, hasarın daşlarını yapışqanladı, sonra da qoltuğundakı kağızlardan birini ora yapışdırdı. Bu, italyan və alman dillərində yazılmış bir elan idi. Elanda Triyestin əhalisinə xəbər verilirdi ki, “Mixaylo” ləqəbi ilə məşhur olan partizanın tutulması üçün yüz min marka mükafat təyin edilir.

      Bir az sonra camaat elanın qarşısına toplaşmağa başladı. Təəccüblü səslər eşidildi:

      – Yüz min, paho!

      – Nə az, nə azacıq!..

      – Görəsən, bu “Mixaylo” onlara nə eləyib?

      – Yüz min küçəyə tökülməyib ha!.. Görünür, ovqatlarına yaman soğan doğrayıb!

      – Gör, kisələrinin ağzını necə açıblar!

      Elan yapışdıran qoca, adamları laqeyd nəzərlərlə süzüb yoluna davam etdi. Bir azdan bu elanlara hər yerdə rast gəlmək olardı. Onlar hasarlara, ağacların gövdəsinə, evlərin divarlarına, bağların çəpərlərinə, mağazaların boş vitrinlərinə, tramvayların şüşələrinə, liman tikililərinə, hətta qədim Roma amfiteatrını xatırladan xarabalıqlara belə yapışdırılmışdı.

      Triyest əhalisi elanların qarşısında toplaşaraq, bu naməlum adamı – “Mixaylo”nu təsəvvürlərində canlandırmağa çalışırdı. Görəsən, kimdir? Haradandır? Necə adamdır?.. “Mixaylo”nun elanda göstərilmiş nişanələri təxmini idi: “Ortaboylu, qarabuğdayı, enlikürək, qaragözlü, göz qapaqları bir qədər ətli, çənəsi çuxurlu…”

      Elanlar bəzi yerdə almanların hərbi məlumatları ilə yanaşı yapışdırılmışdı. Bu məlumatlarda bildirilirdi ki, hitlerçilər şərq cəbhəsində hücumu davam etdirir, yeni-yeni şəhərlər fəth edirlər. “Mixaylo” haqqındakı elan isə bu xəbərin saxtalığını sübut edirdi.

      – Bir halda ki, faşistlər… hm… şərq cəbhəsində belə “müvəffəqiyətlə” hücuma keçiblər, görəsən, nə üçün bir ovuc partizandan qorxub əl-ayağa düşüblər? Elə bu “Mixaylo”nu götürün, – deyə arıq bir qoca kinayə ilə gülümsəyərək, gözlərindən yorğunluq yağan bəstəboy bir kişidən soruşdu (görünür, onlar tanış idilər).

      – Düzdür, – deyə qonşusu onunla razılaşdı. – Adam bilmir, nəyə inansın. Onların məlumatlarınamı, yoxsa elana. Öz aramızdır, mən radioda qulağımla eşitmişəm ki, ruslar almanları yaman sıxışdırıblar…

      Qoca qorxu və ehtiyatla yan-yörəsinə baxdı, tanışına tərəf əlavə etdi:

      – Keçən həftə “Suzana” qəsəbəsində alman kinoteatrını partladıblar. Deyirlər, səkkiz saat yalnız meyit daşıyıblar… Kişi istəyirəm ki, bu xəbərə inanmasın.

      – Bu, “Mixaylo”nun işidir, – deyə arıq kişi qorxuqarışıq sevinclə pıçıldayıb, yenə də nəzərlərini elana zillədi. – Eh, heç burada göstərilən nişanələrlə onu tapmaq olar?!

      – Yoxsa siz onu tapmaq fikrinə düşmüsünüz? – deyə qoca soruşdu. Onun səsində gizli hədə duyuldu.

      Qonşusu gülümsündü və pıçıltı ilə dedi:

      – Eh, kaş tapaydım…

      Qoca daha da şəkləndi:

      – Tapsaydın, neylərdin?

      – Heç nə. Onun əlini möhkəmcə sıxardım.

      Səliqə ilə geyinmiş bir alman zabiti, həmin elanlardan birinə yanaşdı. O, şinelinin yaxasını açıb, yan cibindən dəri cildli qeyd dəftərçəsini çıxardı və partizanın əlamətlərini tələsmədən köçürməyə başladı.

      – Deyəsən, yüz min qazanmaq istəyirsiniz, cənab ober-leytenant, – deyə arxa tərəfdən yaxınlaşan, leylək kimi uzun və arıq bir zabit gülümsündü.

      Ober-leytenant başını döndərmədən cavab verdi:

      – Niyə də qazanmayım, cənab leytenant? – O, dəftəri büküb cibinə qoyduqdan sonra geri çəkildi.

      Leytenantın təəccübdən nitqi tutulmuşdu. O, dilini güclə tərpədərək soruşdu:

      – Q…qəribədir, sizin ki arxada gözünüz yoxdur, mənim leytenant olduğumu nədən bildiniz?

      – Belə yerdə arxadan da görməyi bacarmaq lazımdır. – Ober-leytenant, leytenantın çiynindəki poqonların əksini elan yapışdırılan qara mərmər sütunun üzərində görmüşdüsə də, üzə vurmayıb, ciddi bir tövrlə əlavə etdi, – Bunu unutmayın.

      Leytenant küt bir hərəkətlə qaşlarını dartdı və “Hayl Hitler!” – deyib uzaqlaşdı.

      Mərmər sütun ober-leytenantın da şəklini ayna kimi əks etdirirdi.

      O, 25 yaşlarında, ortaboylu, enlikürək bir oğlan idi. Bir qədər ətli göz qapaqlarının altından görünən məxmər kimi qara gözləri, düz burnu və çənəsində balaca bir çuxur vardı, bir sözlə, onun xarici görkəmi elanda göstərilmiş əlamətlərə uyğun gəlirdi: əgər o öz sifətinə soyuq və təkəbbürlü bir ifadə verməsəydi, yəqin ki, yoldan keçənlərin çoxu ondan şübhələnərdi.

      Ober-leytenant əsnəyib, ətrafına göz gəzdirdi.

      Onun durduğu yerdən qranit daşlarla döşənmiş sahil görünürdü. Gəmilər burunlarını sahilə dirəyib yan-yana düzülmüşdü. Hərbi nəqliyyat gəmilərindəki top və pulemyotların lülələri göyə dikəlmişdi.

      Səma aydın idi. Sahildə cərgələnmiş binaların arasında “Ekzaltsyor” mehmanxanası və qubernatorun evi diqqəti cəlb edirdi.

      Yanvar ayları üçün nadir olan xoş və ilıq bir hava vardı. Yeni şəhərin asfaltlı hamar küçələri, köhnə şəhərin isə əyri-üyrü döngələri, uçuq daxmaları, Opçina adlı şəhər kənarını mərkəzlə birləşdirmiş funikulyor, müxtəlif dövrlərin memarlıq üslubunun insanı heyrətə gətirən qotik qüllələrlə yanaşı Roma kapitelyaları, ən müasir modern üslubun kubik formaları ilə yan-yana durmuş Bizans tağları və qədim xristian bazilikasının qarışığından yaranmış yaşayış binaları, saraylar, kilsələr, muzeylər, mehmanxanalar, şəhər kənarındakı maşınqayırma və taxta zavodları, toxuculuq fabriklərinin korpus və sexləri günəşin nuruna qərq olmuşdu.

      Ober-leytenant saatına baxdı və görünür, vaxtını keçirməyə bir iş tapmadığı üçün ağır addımlarla meydanın o biri tərəfinə yönəldi. Yanından esesçilərin keşikçi dəstəsi ötdü, iki italyan əsgərinin nəzarəti altında yorğun fəhlələrlə dolu bir yük maşını keçdi. Sonra əynində başdan-başa düymələnmiş qara plaş olan, başına ağ çəpçik qoymuş, arşın kimi düz və arıq bir rahibə göründü. Toz-torpağa bulaşmış bir dəstə kəndli, evlərin nömrələrinə baxa-baxa, haranısa axtarırdı. Böyük bir malikanənin qabağında sahiblərini gözləyən güzgü kimi parlaq “Fiat” maşınları durmuşdu…

      Bir az sonra ober-leytenant şəhərin fəhlə məhəllələrinə

Скачать книгу