Uzaq sahillərdə. Гасан Мехти оглы Сеидбейли
Чтение книги онлайн.
Читать онлайн книгу Uzaq sahillərdə - Гасан Мехти оглы Сеидбейли страница 4
Şults alışqanı yandıraraq onun siqarına yaxınlaşdırdı.
– Təşəkkür edirəm, – deyə polkovnik burnunun altında mızıldadı.
Polkovnik kimin tərəfindən və nə təhər olursa-olsun özünə göstərilən hörməti qiymətləndirməyə adət etmişdi. Əslində, polkovnik polis qoşunlarını o qədər də sevmirdi. Bu mayor isə yaxasındakı nişana görə gözətçi hissələrinə mənsub idi. Polkovnikin fikrincə, gözətçi hissələri də polis deməkdir. Lakin nəzakət həmişə insana xoş gəlir…
Polkovnik diqqətlə mayora baxdı, onun qaşları təəccüblə yuxarı dartıldı.
– Fon Şults?
Şults yüngülcə baş əydi.
– Hm… – Polkovnik gülümsündü. – Mən sizi hələ bığsız bir kadet olduğunuz vaxtdan xatırlayıram. Səhv etmirəmsə, sizinlə atanızın malikanəsində görüşmüşdük. Hafizəm məni çox nadir hallarda aldadır.
Şults yenə də baş əydi:
– Bəli, bunlar mümkün olan şeydir.
– Triyestə çoxdan gəlmisiniz? – deyə polkovnik soruşdu.
– Xeyr, təzəcə gəlmişəm.
– Yəqin ki, fövqəladə səlahiyyətlə gəlmisiniz?
– Xeyr, mən yalnız okruqda partizan hərəkatını yatırmaq işləri üzrə gestapo rəisinin müaviniyəm.
– Nə etmək olar. Uğur olsun, – deyə polkovnik mətləbə dəxli olmadan əlavə etdi, – Sizin rəhmətlik atanız çox yaxşı general idi, bəli, çox yaxşı!
O, baş barmağını kitelinin yaxasına keçirib dabanları üstə döndü və bufetə tərəf yönəldi.
Əlbəttə, polkovnikin yaxın tanışı olan fon Şultsun atasını xatırlamasında heç bir qəbahət yox idi. Amma onun ötəri dediyi bu tərif mayor fon Şultsu çox qəzəbləndirmişdi. O, başa düşürdü ki, polkovnik bu sözləri deməklə generala hörmətini bildirməkdən ziyadə, belə bir hörmətli zatın oğlu, qədim pruss nəslinin nümayəndəsi olan fon Şultsun hərbi karyera seçməkdənsə, polisdə xidmət etdiyinə təəssüflənir…
Şults bu dəqiqə böyük məmnuniyyətlə qəliz bir söyüş söyərdi.
O, polkovnik kimi küt və lovğa hərbi qulluqçularla tez-tez toqquşmalı olurdu. Bu adamlar elə zənn edirdilər ki, onlar dünyanın məhvəridirlər. Guya onlar dünyada elmin ən yüksək zirvələrini fəth etmişlər: hücum, məngənə, mühasirə və sairə… Guya elm bundan ibarət imiş.
Onun atası Qustav fon Şults da həmin zümrəyə daxil idi. O, əlli beş yaşlarında belə, qamətini cavan oğlan kimi şax saxlaya bilməsi ilə fəxr edərdi: həmişə kabinetində qoyduğu ensiz səfər çarpayısında yatardı, qışda və yayda soyuq suda çimərdi. Yanında qeyd dəftərçəsi gəzdirməzdi, hər şeyi əzbər yadında saxlayardı.
Onun Şimali Prussiyadakı malikanəsində olan min hektarlarla torpağın bir santimetri də əkilməmiş qalmırdı. Evlərinin soyuq otaqlarındakı parket döşəmələrdə xırdaca bir ləkə də tapılmazdı.
Generalın özünə həyat yoldaşı seçdiyi Elza fon Hauzen hər cəhətdən ərinə yaraşan bir arvad idi: həm əsil-nəcabətinə, həm boy-buxununa, həm də səliqəsinə görə ərindən geri qalmazdı. Elza üç uşaq doğmuşdu – bir oğlan, iki qız (məhz ərinin istədiyi qədər).
Atası Ottonu hər səhər yuyunmağa məcbur edər, belini bükəndəsə əlinin yanı ilə gücü gəldikcə onun kürəyindən vurardı. Hər gün oğlu üçün yeknəsəq və təmkinli bir səslə Klauzevitsin əsərlərini ucadan oxuyar və onun beyninə yeritməyə çalışardı ki, tarixdə Birinci Fridrix, Bismark və Moltgedən böyük simalar yaranmayıb.
– Bütün dünya Almaniyanın olmalıdır! – deyə o, həmişə yerli-yersiz səsini ucaldardı.
Onun diviziyasını Polşa, Sedan və Rusiyada əməlli-başlı əzişdirdilər.
Kayzerin taxt-tacdan imtina etdiyi gündə general alt paltarını dəyişib üzünü qırxmış və kabinetində özünü güllə ilə başından vurub öldürmüşdü.
Otto, özünün general nəslindən olduğunu bəzən məmnuniyyətlə qeyd edərdi. Lakin bu məsələyə az hallarda toxunardı.
Otto öz xeyrini valideynindən daha yaxşı başa düşürdü. O, lovğa deyildi və heç vaxt yersiz təkəbbür göstərməzdi. Dələduz və axmaq yefreytor Almaniyada hakimiyyət başına keçərkən, o, özünü təhqir olunmuş hesab etmirdi. Bunun yeri deyildi – onun məqsəd və mənafeyi yefreytorun tələblərinə uyğun gəlmirdi. Əsil-nəcabətinin isə bir o qədər də əhəmiyyəti yox idi. Çünki artıq zəmanə dəyişmişdi. İndi hər şeydən artıq gücə, zorakılığa hörmət edirdilər.
Buna görə də kiçik fon Şults özünün ata-baba malikanəsini satıb pulunu Krupun konserninə qatdı. Bu, həm mənfəət gətirir, həm də az zəhmət aparırdı.
O, nasional-sosialist partiyasına daxil oldu. İndi rütbə etibarı ilə qat-qat yüksək olsalar da, köhnə hərbi qulluqçulardan çoxu ona birinci baş əyirdi.
Atası çalışırdı ki, Otto böyük adam olsun.
Nə olar, insanın cəmiyyətdə tutduğu mövqe poqonlarındakı ulduzların sayı ilə təyin edilmir! Otto vəziyyəti başa düşməyi, əvvəlcədən görməyi, hansı tərəfin daha güclü olduğunu təyin etməyi bacarır. Ola bilsin ki, sabah tərəzinin gözü dələduz yefreytorların xeyrinə hərəkət etməsin. Təfavütü yoxdur, məqsədləri onunla həmahəng olan yeni zorlu adamlar tapılar.
Yemək vaxtı yaxınlaşırdı…
Zabitlər yavaş-yavaş holldan salona keçməyə başlayırdılar. Şults da onların ardınca tələsdi.
Qoz ağacından hazırlanmış naxışlı qutunun içindəki saat ikini göstərəndə yüksək rütbəli zabitlər almanlara xas dəqiqliklə masalarda öz yerlərini tutmağa başladılar. Salondakı balaca orkestr səsləndi, xörəkpaylayan qadınlar səssizcə o baş-bu başa yüyürüşdülər. Yavaş-yavaş salon zarafat-gülüş səsləri və papiros tüstüsü ilə doldu. Ober-leytenant və onun əsgəri içəri girdilər.
Ober-leytenant yaxındakı masalardan birinin boş olduğunu görüb “Cırtdan”a dalınca gəlməyi işarə etdi.
Ağır çanta əsgərə mane olurdu. O, çantanı çıxarıb masanın altına qoydu və yerini rahatladı.
– Bura zabitlər üçündür, – deyə arıq bir xörəkpaylayan qadın “Cırtdan”a tərəf əyilib pıçıldadı. – Aşağı mərtəbəyə enin.
Ober-leytenant