Xiyabani. Панахи Макулу
Чтение книги онлайн.
Читать онлайн книгу Xiyabani - Панахи Макулу страница 4
Məhəmməd özünü saxlaya bilməyib çağırdı:
– Ay Allah, o mənim dayımı döyüb, divanını elə…
Kürsünün bu tərəfində oturub corab toxuyan ana oğlunun qışqırığını eşidib, dərhal uşağın yanına yüyürdü.
– Məhəmməd, Məhəmməd, bala… Dur, daha bəsdir. Yuxu görürdün, hə?
Gördüyü yuxu Məhəmmədin xəyalından silinmirdi. O, gözlərini məchul bir nöqtəyə zilləyib baxırdı.
– Yuxu görürdün, bala?
– Köpək oğlu xan qorxudan siçan deşiyini satın alır-dı, – deyə Məhəmməd gördüyü yuxunu anasına, Fatı nənəyə danışdı. Onlar gülüb Məhəmmədi öpdülər…
3
Məhəmməd çay içəndən sonra durub həyətə düşmək istəyirdi ki, Fatı nənə onu dəhlizdə saxladı:
– Hara? Bu əziz axşamda hara getmək istəyirsən?
– Bu axşam niyə əziz oldu?
– Bəs bilmirsən? Bu axşam çillə qarpızı kəsəcəyik. Bütün qardaşlar bacılarına, atalar qızlarına, oğlanlar öz ni-şanlılarına xonçada çilləlik hədiyyə göndərəcəklər.
– Bəs sənə kim çilləlik göndərəcək, nənə?
Qadının gözləri yaşardı:
– Mənim kimim var ki, çilləlik də göndərsin? Dayı-can xanımına göndərəcək.
Fatı nənənin kimsəsizliyinə Məhəmmədin yazığı gəl-di:
– Qoy yekəlim, – dedi, – sənə də özüm göndərərəm, Fatı nənə. – O, qadına ürək-dirək verdi. Sonra otağa, ana-sının yanına qayıtdı. – Fatı nənə deyir ki, ana, o yekə qarpızı bu gecə kəsəcəyik, doğrudur?
– Doğrudur, oğlum.
– Fatı nənə deyir, sənə çilləlik gələcək?
– Elədir, bala.
– Çilləlik nədir, ana?
– Axşam görərsən.
Məhəmməd daha bir söz demədi. Otağın bir buca-ğına çəkildi. Rəngbərəng aşıqlarını, atasının göndərdiyi rezin topunu qabağına töküb oynamağa və axşamı səbirsizliklə gözləməyə başladı. Uşaq hər beş-on dəqiqədən bir dönüb pəncərəyə baxır, darıxmış halda deyirdi:
– Eh, bəs axşam niyə belə gec gəlir?
Nəhayət, Fatı nənə çırağı taxçadan götürüb kürsü-nün üstünə qoyanda, uşaq da oyuncaqlarını yığışdırıb, kür-sünün başına gəldi:
– Bəs hanı, çillə gəlmədi?
Anası Zəhra xanım mehribanlıqla gülümsədi:
– Çillə bu gün səhərdən gəlib. Çilləlik gələcək, – dedi.
Məhəmməd təəccübləndi.
– Bəs, ana, çillə gələndə mən harada idim ki, gör-mədim?
Anası özünü saxlaya bilməyib, ucadan güldü. Fatı nənə də ona qoşuldu. Zəhra xanım oğlunu başa saldı:
– Qış fəsli ağır fəsildir, bala. Adamlar işə getmirlər. İşə getməyən adam darıxar. Ona görə də qışı dörd yerə bö-lüblər. Birinci böyük çillədir – qırx gün olur. Sonra iyirmi gün – kiçik çillə gəlir. On gün çillə-becərlərdir. Yerdə qalan on altı gün də çar-çarlardır, rəğeyibdir. Rəğeyibdən sonra bəh-bəh, toydan sonra nağara, xoş gəldin, bayram ağa; bir də görürsən ki, havalar qızdı.
Xıdır Nəbi, Xızır İlyas,
Çiçəkləndi, gəldi yaz…
Anasının dediklərinə qulaq asan Məhəmməd hey-rətlə qışqırdı:
– Oho, nə qədərdir?! Bunların hamısında qarpız kəsirlər? Onda bizə bir qarpız çatmaz ki…
–Yox, oğlum, onların hərəsinin ayrı-ayrı adətləri var. Xıdır Nəbidə qovud qoyarlar. Xızır peyğəmbər gecə gəlib qovuddan bir az yeyər, sonra pəncəsini qovuda basar. Sə-həri həmin qovudu qonşulara paylarlar. Kiçik çillə təkcə ar-vadların bayramıdır, kişilər arvadlara hədiyyə verər. Hər kəs öz arvad qohumunu yada salar. Hallı halına görə ona pay göndərər.
Anası sözünü qurtarmamışdı ki, həyət qapısı döyül-dü. Məhəmməd tez səsləndi:
– Fatı nənə, dur, deyəsən çilləlik gətirirlər!
Özü qapını açmağa getmək istəyəndə anası onu ça-ğırdı:
– Sən gəl, otur. Qapını Fatı nənə açar.
Məhəmməd anasının yanında oturub, gözlərini düz otaq qapısına zillədi.
Gələn dayısı evinin xidmətçisi idi. Onun qucağında üstünə məxmər örtük çəkilmiş bir məcməyi var idi. Örtüyün kənarından sallanan enli zəncirlərin saçaqları tərpənir, otağa işıq salırdı. Xidmətçi qadın məcməyini kürsünün üstünə qo-yub çəkildi. Zəhra xanım xonçanın üstündən örtüyü götür-dü. Məcməyidə rəngbərəng peşmək, neçə dənə qırmızı alma, nar və bir boxça var idi. Boxçaya bir çarqat, bir neçə metr də çit qoyulmuşdu. Zəhra xanım şeyləri götürəndən sonra boş-qablardan birinə on şahı xırda pul atdı. On şahını görən xid-mətçinin gözləri işıqlandı:
– Allah sənə ömür versin, – deyə məcməyini götürüb getdi.
Qapını bağlamaq üçün Fatı nənə də onunla bərabər həyətə düşdü. Zəhra xanım bir alma, bir nar, bir nəlbəki peş-mək oğluna verib, bir o qədər də Fatı nənə üçün ayırdı. Son-ra qalan şeyləri götürüb sandıqxanaya keçəndə Məhəmmə-din səsi eşidildi:
– Ana, bəs qarpız?
– Dayan, Fatı nənə gəlsin, gedib zirzəmidən gəti-rərsiniz.