Xatirələrim. Hacağa Abasov
Чтение книги онлайн.
Читать онлайн книгу Xatirələrim - Hacağa Abasov страница 1
Üz qabığının dizayneri / Teymur Fərzi
Hrcrgr Rbrsov (1906-1907-ci illər)
Qocaman teatr xadiminin xatirələri
Azərbaycan SSR xalq artisti, sovet incəsənəti və teatrının inkişafında diqqətəlayiq xidmətləri olan Hacağa Mütəllib oğlu Abasovun oxuculara təqdim etdiyimiz xatirələri hadisələrlə zəngin olan böyük bir həyatın kiçik bir parçasıdır.
1888-ci ildə adi bir müəllim ailəsində anadan olan Hacağa Abasov hələ 12–13 yaşlarından teatra həvəslənmiş, dram dərnəklərində çalışaraq get-gedə bu sahədə böyük istedad sahibi olduğunu göstərmişdi. Xüsusilə 1905-ci il inqilabından sonra Azərbaycanda teatr sənəti də müəllimlik və mühərrirlik kimi xalqa xidmət etməyin ən əlverişli sahələrindən birinə çevrilmişdi. Hacağa Abasovu da teatra cəlb edən sadəcə gənclik həvəsi deyil, bəlkə teatrın oynadığı tərbiyəvi rol, kütlələrin gözünü açan, onlarda insanlıq ləyaqətinə hörmət, köhnəliyə, cəhalətə və zülmə nifrət oyadan misilsiz bir məktəb olması idi. Teatra sonsuz məhəbbət sahəsində Hacağa az bir zamanda istedadlı bir aktyor kimi şöhrət qazanmışdı.
İlk dəfə M.F.Axundovun "Molla İbrahim Xəlil kimyəgər" komediyasında Molla İbrahim Xəlil rolunda oynayıb müvəffəqiyyət qazanması qocaman aktyorun çox yaxşı yadındadır. Daha sonra o, klassik dramaturgiyamızın bir sıra görkəmli əsərlərində, dram, opera və operettalarda xarakter rollarda çıxış edib, misilsiz aktyorluq məharəti göstərmişdi. Hacağa Abasovun çox müvəffəqiyyətlə oynadığı rollardan biri də C.Məmmədquluzadənin "Ölülər" komediyasındakı Şeyx Nəsrullah rolu idi. Bu rolu aktyor böyük bir məharətlə, özünəməxsus bir yaradıcılıq üsulu ilə ifa etmiş və uzun zaman yadda qalan bir surət yaratmağa müvəffəq olmuşdu.
Hacağa Abasov sadəcə bir aktyor deyil, həm də incəsənət sahəsində gözəl bir təşkilatçı, fəal ictimai xadim idi. Onun bu bacarığını hələ inqilabdan əvvəl N.Nərimanov və M.Əzizbəyov yüksək qiymətləndirmişdilər. Bu görkəmli inqilab xadimlərinin göstərişi ilə Hacağa Abasov fəhlələr arasında işləmiş, onlarda teatra həvəs oyatmış və beləliklə də zəhmətkeşlərin ictimai-bədii tərbiyəsində müəyyən rol oynamışdı. O zaman "Balaxanı dram dərnəyi" ndə, "Nicat" maarif cəmiyyətinin dərnəklərində fəal iştirak edən Abasov bir tərəfdən fəhlələrin mədəni tələblərini ödəməyə, teatr sənəti vasitəsi ilə zəhmətkeşlərin köhnəlikdən, mövhumat qalıqlarından azad olmasına çalışmış, digər tərəfdən isə sənət adamlarının fəhlə həyatına yaxınlaşmasına, onunla qaynayıb qarışmasına müvəffəq olmuşdu.
Söz yox ki, belə bir fəaliyyət sosialist inqilabından əvvəlki şəraitdə, xüsusən irtica illərində çox ağır və təhlükəli idi. Abasov da başqa mütərəqqi adamlarımız kimi hər addımda kapitalistlərin və mürtəce ruhanilərin müqavimətinə rast gəlirdi. Lakin Abasov öz işinin xalq üçün, zəhmətkeşlər üçün faydalı olduğunu dərindən dərk edərək, ruhdan düşmürdü.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacağa Abasovun yaradıcılıq fəaliyyəti xeyli genişləndi. O, sovet teatrının tərəqqisi və inkişafı yolunda daha böyük həvəslə çalışmağa başladı. Gənc sovet respublikasında mədəniyyət və maarif ocaqlarının qapıları zəhmətkeş xalq kütlələrinin üzünə geniş açıldığı bir zamanda Hacağa yeni həvəs və enerji ilə işə girişdi.
1921-ci il noyabr ayının 13-də işə başlayan Azərbaycan "Tənqid-Təbliğ" teatrının banisi və direktoru Hacağa Abasov olmuşdur. Bu, bütün Şərqdə elə yeni, orijinal və demokratik bir teatr idi ki, xalq kütlələri ilə ən sadə dildə danışır, onların ürəklərindən xəbər verir və istismar dünyasının bütün rəzalətlərinə qarşı amansız atəş açırdı. Sovet hökumətinin köməyi ilə Abasov qısa müddətdə həmin teatr üçün nəinki bir aktyor kollektivi, hətta qüvvətli müəlliflər kollektivi də təşkil etmiş, görkəmli dramaturqları teatrın ətrafına cəlb edərək zəngin bir repertuar da yaratmışdı.
Hacağa Abasov nəinki Azərbaycanda "Tənqid-Təbliğ" teatrının banisi və onun başçısı olmuşdur, hətta teatrın yaradıcılıq fəaliyyətində mahir bir rejissor, aktyor və həm də dramaturq kimi fəaliyyət göstərmişdir. Abasov həqiqi bir səhnə fədaisi kimi xalqa xidmət etməkdən doymayan, teatrın böyük tərbiyəvi rolunu təcrübədə görüb ruhlanan sənətkarlardan olmuşdur.
Onun "Tənqid-Təbliğ" teatrı üçün yazdığı pyeslər ("İnqilab şərarələri", "Rur macərası", "Sabirin məhkəməsi" və sair) öz ideyası və təbliği mahiyyəti ilə diqqəti cəlb edən əsərlər idi.
"Tənqid-Təbliğ" teatrı Azərbaycanda sovet teatrının yaranması və inkişafı tarixində çox maraqlı hadisələrdən biridir. Onun tarixi və tədqiqi ilə teatrşünaslarımız xüsusi məşğul olmalıdır. Bu teatrın bəzi tamaşaları şəxsən mənim də yadımdadır. Gənc yaşlarımda mən də hərdən oraya gedər, işıqlar sönəndən sonra tamaşaçıların gurultulu alqışları altında iki aktyorun pərdənin qabağına çıxmasına və üz-üzə duraraq satirik kupletlər deməsinə tamaşa edərdim. Bu aktyorlardan biri Hacağa Abasov, ikincisi isə Mirzağa Əliyev idi. Onlar hər gün tamaşadan əvvəlki çıxışlarına "Hacı Mirzə" adı vermişdir. Günün ən vacib məsələlərinə həsr edilən satirik kupletlər sanki səhnədə göstəriləcək tamaşalara bir müqəddimə idi. Çox maraqlıdır ki, teatrın foyesi də ümumi ahəngə, üsluba müvafiq olaraq satirik-təbliği bir məzmunda tərtib edilirdi. Divarlara din, mövhumat, gerilik və köhnəlik əleyhinə çevrilmiş böyük və rəngli karikaturalar vurulmuşdu. Bütün bu şəkillər teatrın qapısından içəri girən kimi tamaşaçını müəyyən bir istiqamətdə hazırlayır, ona hərtərəfli təsir bağışlamağa kömək edirdi.
"Tənqid-Təbliğ" teatrından sonra Hacağa Abasov 1923-cü ildən 1929-cu ilədək Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışmış, Azərkinoda bir sıra filmlərdə (xüsusən "Hacı Qara" filmində) çıxış etmiş, respublikada teatr-kino mədəniyyətinin inkişafında fəal rol oynamışdır. Hacağa Abasovun təşkilatçılıq bacarığına arxayın olan partiya və hökumət onun rəhbərliyi altında respublikanın uzaq rayonlarına, qonşu respublikalara, Sovet Dağıstanına teatr briqadaları göndərir və bu barədə ona lazımi köməklik edirdi.
Hacağa Abasov Azərbaycan mədəniyyəti və incəsənəti aləmində bir çox maraqlı və əhəmiyyətli hadisələrin bilavasitə iştirakçısı və canlı şahididir. Bu gün də yaşının ötməsinə baxmayaraq Abasov incəsənət məsələləri ilə, xüsusən teatr və musiqi məsələləri ilə yaxından maraqlanır, öz məsləhətləri, xatirələri və məqalələri ilə gənc incəsənət xadimlərinə yaxından və məmnuniyyətlə kömək edir.
Hacağa Abasovun həyat kitabında çox-çox mənalı və maraqlı səhifələr vardır. Azərbaycan teatr kollektivləri ilə birlikdə İranın bir çox şəhərlərinə qastrola getməsi, burada dövrün görkəmli adamları ilə görüşməsi, H.Ərəblinski, H.Sarabski, Ü.Hacıbəyov, M.A.Əliyev kimi məşhur incəsənət xadimləri, bir sıra tanınmış rus teatr adamları ilə əməkdaşlıq etməsi, böyük rus ədibi Lev Nikolayeviç Tolstoyun yaşadığı "Yasnaya Polyana" ya gedib məşhur "Hərb və sülh"ün müəllifi ilə görüşməsi, görkəmli inqilabçı və dövlət rəhbərləri olan N.Nərimanov, S.M.Kirov, Q.Musabəyov, R.Axundov və başqalarından göstəriş alaraq işləməsi – bu zəngin həyat kitabının parlaq səhifələridir. Bu nöqteyi-nəzərdən Hacağa Abasovun xatirələri çox qiymətlidir.
Biz əminik ki, qocaman incəsənət xadiminin xatirələri oxucularımızı sevindirəcək, onları Azərbaycan teatrının və mədəniyyətinin keçdiyi yollarla tanış edəcək, teatrımızın tarixini öyrənənlərə əməli kömək edəcəkdir.
Keçmiş Bakı haqqında
Teatrımızın keçmişi, onun inkişaf edərək bugünkü səviyyəyə çatması üçün böyük qayğı