Xatirələrim. Ömər Faiq Nemanzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Xatirələrim - Ömər Faiq Nemanzadə страница 3

Xatirələrim - Ömər Faiq Nemanzadə Xatirə ədəbiyyatı

Скачать книгу

ömrünün qürub çağında Ömər Faiq oxuyacağınız bu xatirələri yazmağa başlayır. Başı qalmaqallardan açılmayan Ömər Faiq, bəlkə də, son günləri olduğunu hiss etmişdi. Ona görə də gələcək üçün gördüyü işləri detallı şəkildə yazmağı düşünürmüş. Amma Sovetin ziyalı qırğını ondan da yan keçmədi. 1937-ci ilin iyulunda Axalsıxda həbs olunur, üç ay sonra güllələnir.

      Beləcə, xatirələr yarımçıq qalır. Amma zəngin materiallarla dolu yarımçıq…

Dilqəm Əhməd

      Xatirələrim

      1878-ci ilin yazı. Günorta zamanı idi. Axalsıx uyezdindəki Azqur molla məktəbində diz üstə oturub yırğalana-yırğalana: “rəbb yəsurr vəla tuassir səhl aleynə ya müyəssər…”i əzbərləyirdim. Diz üstə otura-otura bacaqlarım ağrımış, ayaqlarım əzilmişdi. Bir az rahatlanmaq üçün su içmək bəhanəsi ilə çölə çıxdım. Çöldə kəndlilərin böyük yola doğru getdiklərini, orda yığışdıqlarını gördüm. Ancaq yolda nə olduğunu, nə üçün yığışdıqlarını bilmədim. Mən tez içəri girib arkadaşlarıma[1]:

      – Kənddə tamaşa var, nə durursuz, gəlin qaçaq, – dedim.

      Mən çıxmağa tələsirdim. Arkadaşlarımdan bir neçəsi mənə uymaq istəyirdi. Lakin fələqqənin qorxusundan, yerlərindən tərpənə bilmirdilər. Mən uzun səbr etməyib bu səfər “ayaqyolu”na çıxmaq bəhanəsi ilə özümü çölə atdım. Pəncərədən arkadaşlarıma gizli işarə edərək, onları azdırmağa – qaçırmağa çalışdım. Qabaqca yaxın yoldaşım İsmayıl da bir bəhanə ilə çıxdı. Buna baxaraq iki arkadaş sonradan gəldi.

      Dörd arkadaş bir-birimizə uyub məktəbdən qaçdıq, düz bizim bağçaya getdik. Oradan nərdivanla evin bacasına çıxdıq. Yüksək bir yerdə durub ətrafı tamaşaya başladıq. Bu gün Azqur kəndi ayaqlanmış, bizim evin arxasından keçən kəndi ikiyə bölən böyük yolun hər tərəfini doldurmuşdu. Qadınlar, qızlar da ehramlarına (çarşablarına) bürünüb damlara çıxmış, buxarı və divarların arxalarında yığışmışlardı.

      Uzaqdan kəndə doğru axan qorxulu və uzun qaraltı getdikcə yaxınlaşırdı.

      Kəndlilər dodaqlarını dişlərinə sıxaraq, gözlərini qaraltıya doğru axıdırdılar. Heç kəs qorxulu bir gurultu ilə sel kimi gələn qaraltının nə olduğunu, haraya getdiyini bilmirdi. Hamı sükut və təlaş içində, həyəcan və heyrətdə idi. Ortalığın bu dərin durğunluğu arasında altı şər[2] at qoşulu toplar və bunların yanlarında heybətli əsgərlər, böyük hay-küylə keçməyə başladı.

      Bir yandan top təkərlərinin pıcırtıları, iri kök atların ayaq tapıntıları, bir yandan itlərin hov-hovları bir-birlərinə qarışmış, kəndi yerindən oynatmışdı.

      Bu keçiş bir saata qədər sürdü.

      Bu uzun və maraqlı tamaşada bizim üçün hər şeydən artıq tərləyib buğlayan atların ayaq tappıltıları, pınxıldamaları, gülməyə oxşayan kişnəmələri xoşumuza gəlir, bizi də güldürürdü. Atların pınxıldamalarını bir az daha artırmaq üçün, əlimdəki uzun ağacı qarşımdan keçən dür ata uzatdım. At şahlanıb o biri yana döndü və topun gedişini də o səmtə çevirdi. Bunu görən əsgərlər tez yetişib atları düzəltdilər, sonra biz tərəfə dönüb, bir-iki qamçı ilə də məni düzəltmək fikrində oldular. Lakin mən onların niyyətlərini qanıb tezcə aradan sivrildim. Acıqlanmış əsgərlərin qamçılarımənim yerimə, qaça bilməyən arkadaşlarımın bacaqlarına ilan kimi sarıldı. Yazıqlar qamçı yerlərini əlləri ilə tutub yana-yaxıla ağladılar.

* * *

      Topçu alayı keçib qurtulmuş, kəndlilər arasındakı durğunluq artıq pozulmuş, dodaqlar pıçıldaşmaya başlamışdı:

      – Nə var, nə olmuş, bunlar hara gedir?

      Heç kəs doğrusunu bilmirdi. Hamı maraq və qayğı içində yavaş-yavaş dağılırdı.

      Bir az sonra naxır yerinin yanındakı furunun önündə böyük bir yığıncaq gözümə sataşdı.

      Şərif bəy Muxranskinin nökəri Qurban yığıncağın ortasında durub qorxa-qorxa yavaşca anladırdı:

      – Bizim bəydən duydum ki, ruslarla osmanlılar arasında qovğa açılmış, bu toplar kəsə yolla Kars üstünə gedir. Naçalnikdən bizim bəyə kağız var. Axalkələk bəylərindən Məmmədəlibəy, Mustafabəy Palavandov, Axalsıxdan Feyzullabəy Atabəyov zabit çini almışlar. Osmanlıya qarşı qovğaya gedirlər. Bizim bəy də getməyə hazırlaşır. Kiçik bəy sevinirdi ki, bəy babama nişan və çin verilmiş.

* * *

      O gün axşama qədər arkadaşlarımla əsgərləri, atları yamsılayaraq onlarla vaxt keçirdik. Ertəsi gün arkadaşlarım bizə gəldilər k i, m əktəbə birlikdə gedək. Yolda gedərkən arkadaşım İsmayıl:

      – Öncə kim içər i gi r ərsə, birinci fələqqəni o yeyəcək, bax, indidən sizə deyirəm; mən ən sonda girəcəyəm.

      Məktəb qapısına yaxınlaşınca, hamımız dayandıq. O sırada içəridən çıxan bir şagird bizə yaxınlaşıb:

      – Hey, dəlilər, hara gəlirsiniz? Müəllim and içdi ki, dördünü də fələqqəyə çəkəcəyəm.

      Bundan sonra kim içəri girə biləcək?

      Hamımız qayıtdıq. Mən arkadaşlarıma dedim ki, gəlin, molla məktəbinə daha getməyək, gedək, hökumət məktəbində oxuyaq. Eşitmişəm, orada nə fələqqə var, nə də dəyənək. Diz üstə oturub sallana-sallana başımız ağrıyır, bacaqlarımız əzilir. Həftələrcə “rəbb yəsurr” əzbərləyirik. Deyirlər, orada qəribə-qəribə nağıllar oxuyurlar. Mən özüm gördüm, rahat sıralarda otururlar, saatda bir çölə çıxıb oynayırlar. Hətta müəllim özü də uşaqlarla bərabər gəzir, oynayır, gülür. Mən sabahdan təzə məktəbə gedəcəyəm.

      Arkadaşım İsmayıl bir az düşünüb:

      – Mən də səninlə gedərəm, – dedi.

      Ertəsi günü ikimiz də molla məktəbi yerinə hökumət məktəbinə getdik. Qalan iki arkadaşım atalarının qorxusundan ağlaya-ağlaya, molla məktəbinə getdilər.

      Mən təzə hökumət məktəbinə getdiyimi anama birdən söyləyə bilmədim. Bacılarıma, qardaşlarıma yalvardım ki, onlar açıb desinlər və mənə yardım etsinlər.

      Axşam bacılarım işi anama açdılar. O, mənə acıqlanıb:

      – Orada mırt-mırtdan başqa nə var, nə oxudurlar? “Quran” yox, dua yox, – dedi.

      Atam isə bir söz demədi. Anladım ki, o, ürəkdən mənə tərəf idi. Ertəsi səhər anamın turş üzü dəyişmiş,

Скачать книгу


<p>1</p>

Yoldaşlarıma

<p>2</p>

“Cüt” mənasını verir