Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi
Чтение книги онлайн.
Читать онлайн книгу Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi - Fərəh Pəhləvi страница 11
Başqalarını və özümü kəşf elədiyim, şəxsiyyətimin ortaya çıxdığı bu illər ərzində necə uşağıydım mən? Burda sözü rahibə Klerin məni çox riqqətləndirən, o qədər də tərəfsiz olmayan şəhadətinə verirəm:
“O, bəlkə də digər uşaqlardan çox üstün deyildi, amma ağıllı, qabiliyyətli və məsuliyyət hissi olan uşağıydı. Dərsləri fransızca alırdı. Bunu təkcə dil qabiliyyəti olan uşaqlar bacarırdılar. Ədəbiyyatdan çox riyaziyyat və fənn sahələrində daha bacarıqlıydı. Geyiminə həmişə çox diqqət verirdi. Çalışması mükəmməliydi, yoldaşlarının üzərində böyük təsiri varıydı, həyat sevinciylə dolu, sağlam və həmişə köməyə hazır olan qızıydı. Mənə görə, o, iranlı qızın ən yaxşı cəhətlərini şəxsiyyətində toplamışdı; incə, hər şeyin yerini bilən, zərif, dostlarıyla ilıq davranan sadiq insanıydı”.
Dosdoğruydu; mübaliğəsiz, təbii olaraq, xoşbəxtliyə can atmaq kimi cəhətlərimi atamdan miras aldığıma heç şübhəm yoxdu. Həm də bu xüsusiyyətlərimin əsasını gözündən heç bir şey qaçmayan anamın sərt xasiyyətinə borcluydum. Gənc qızların təhsili barədə söhbət düşəndə, xüsusilə adət-ənənələrə ciddi əməl eləyən cəmiyyətdə məni təkbaşına böyütmək məcburiyyətində qalması, əlbəttə, anamı çox qorxudurdu. Baxmayaraq ki, Qütbi dayım yavaş-yavaş mənə atalıq eləməyə başlamışdı, amma o, gündəlik məsələlərlə çox maraqlanmırdı, mənə kömək eləyir, həyatla bağlı böyüklük göstərir, gələcəyimi hazırlayırdı. Arvadı Luiza bibim məndən heç şeyi əsirgəməzdi. Məni daim azalmayan sevgiylə sevərdi, onun gözlərində qüsursuzuydum; indi geriyə dönüb baxanda, anamla birlikdə məni ən çox sevən insan olduğunu düşünürəm.
Anamın gözü daim üstümdəydi, ən kiçik səhvimdə sanki misli görünməmiş fəlakətə səbəb olmuşam kimi, qəzəbindən göyə çıxardı. On üç-on dörd yaşlarındaydım, ilin sonunda imla dərsindən zəif qiymətlər alıb, sentyabrda təkrar imtahana qalmışdım. Anam qatlandığı bu qədər fəlakətdən sonra ona belə əzab verməyə haqqım olmadığını təkrarlayıb durmuş, adəti üzrə özünü itirmişdi, mən də ailənin üzqarası olduğumu düşünmüşdüm. Qorxulu vəziyyətiydi, sarsıntıdan alt-üst olmuşdum, yadıma düşəndə, bu gün belə həyəcanlanıram. İmladan uğursuz çıxmağım sanki gələcəyimi məhv eləmişdi, bütün günü otağıma qapanıb ağlamışdım.
Digər tərəfdən, elə həmin illərdə ölkə miqyasında mənim siyasi biliyimi sürətlə inkişaf etdirəcək həddən artıq əlamətdar hadisələr baş verirdi. 1952-ci iliydi, hökumət neftin milliləşdirilməsini təmin eləmək üçün dönməz iradəylə ingilislərə qarşı mübarizə aparırdı. İranlıların ingilislərə duyduğu qəzəbi istiqamətləndirməyi bacaran Millətçi Cəbhənin başında duran Məhəmməd Müsəddiq Şah tərəfindən hökumətə rəhbər təyin olunmuşdu. Müsəddiq cəsur və qətiyyətli hərəkət eləmişdi, amma barışmaz xasiyyəti üzündən ingilislər bizim neft istehsalımızı dondurdular; İrandan bir damcı neft ixrac eləmək mümkün deyildi, buna görə də bütün ölkədə iqtisadi geriləmə başlamışdı. Ölkəmiz hər sahədə itirirdi: beynəlxalq məhkəmələrdə haqlarını əldə eləməsi gecikirdi və bundan başqa, ingilislərin embarqosunun qurbanı olduğundan, İran cəmiyyətinin bütün təbəqələrinə təsir eləyən böhrana sürüklənirdi.
Şahın çox narahat olduğunu danışırdılar. Şah milliləşdirmə cəhdlərində ingilislərin bütün müzakirə istəklərini inadla rədd eləyən Müsəddiqin çox irəli getdiyini düşünürdü. Xalqın get-gedə yoxsullaşması, narazılığın artması şübhəsiz, kommunist Tudə Partiyasının çörəyinə yağ sürtürdü. Tudə heç zaman bu qədər güclü olmamışdı. Bəziləri Müsəddiqin özü də istəmədən kommunistlərin oyununa düşdüyünü iddia edəndə, başqaları yeritdiyi siyasətin uğursuzluğuna baxmayaraq, millətçi müqavimətiylə ölkənin nüfuzunu yüksəltdiyini deyib, ona dəstək verirdi.
Böhran təhlükəli hal aldığına görə, Şah baş nazirinin istefasını tələb elədi, amma Müsəddiq tələbə boyun əymədi; onun bu barədə göstərdiyi inad iranlıların yaddaşında bu gün belə, yara izləri hələ ağrıyan vicdani toqquşmaya yol açdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.