Üzeyir Hacıbəyli xatirələrdə. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Üzeyir Hacıbəyli xatirələrdə - Коллектив авторов страница 4
Sənin qaibanə dostun H.Üzeyir”.
Üzeyir ilə yaxından tanışlığımız Oktyabr inqilabından sonra başladı. Mən iyirminci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım, yalnız rəssam Əzimzadə və Haqverdiyevlə görüşə bilmişdim. Bir az sonra mərhum Cəfər Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni “Əxbar” qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə olaraq üz-üzə gəldik və tanış oldum. Bu görüşdə, yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək dedi: – Daha qorxmursan ki!..
Əlbəttə, bir dəfə görüşməklə Üzeyir kimi bir sənətkarı öyrənmək mümkün ola bilməzdi. Təsadüfi görüşlər zamanı dəxi sənət barəsində danışmaq çətin idi. Bəzən görüşlərdə iştirak edən başqa adamların aralığa atdığı cürbəcür mövzular sənət barəsindəki söhbətlərə imkan vermirdi. Mən Üzeyirin əsərlərinin heç birisini görməmişdim. Birinci olaraq onun “Arşın mal alan” musiqili komediyasının tamaşasına getdim. Zənn edirdim ki, gecədə Üzeyir bəy ilə görüşmək mümkün olacaqdır. Lakin o, teatra gəlməmişdi. Bu əsərin tamaşasından aldığım təsirat çox böyuk oldu. Əvvəla, bu əsərdə Üzeyir bəyin bir bəstəkar olmaqdan başqa, bacarıqlı dramaturq və satira ustası olduğunu müəyyən edə bildim və öz-özümə: “Üzeyir bəy öz epoxasının təzə adamıdır” – deyə şadlandım. O, bu əsərində çürümüş aristokratiyanın iç üzünü göstərdiyi kimi, qadınlar barəsində olan köhnə nəzəriyyəni də lazımi qədər baltalamışdı. Üzeyir bəy ilə yaxından tanışlığımız 1929-cu illərdən başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə olunurdu.
Üzeyir bəy bu məsələdə hamıdan artıq rahatsız olur və musiqimizin gələcəyi üçün düşünürdü. Musiqimiz üzərində başlamış dedi-qodular gündən-günə artırdı. Bu zaman partiya və hökumətin köməyi ilə Üzeyir bəy Azərbaycan radio komitəsinin təşəbbüsü nəticəsində xalq çalğı alətlərindən notlu orkestr düzəltməyə başladı. Həmin bu zamanlarda mən Azərbaycan radio komitəsinin ədəbiyyat şöbəsini təşkil və idarə edirdim. Üzeyir bəylə tez-tez görüşürdüm. Bəzən onun çalanlarla keçirdiyi məşqlərlə maraqlanırdım. Buradan aldığım qənaət notlu orkestr barəsində aralıqda gedən dedi-qoduların və bədbinliklərin yersiz olduğunu göstərirdi və mən Üzeyirin müvəffəqiyyət qazanacağına qəti inanmağa başladım. Bu zamanlar Üzeyir məni nəğmələr üçün şeir yazmağa maraqlandırdı. Bir neçə şeirimə musiqi yazdı. Nəhayət, günlərin birində o, radio idarəsində (tənəffüs zamanı) yanımda oturub ədəbi verilişlərimizin vəziyyəti barəsində danışdı. Sonra bir papiros yandırıb dedi ki: “Xırda işlərdən fayda yoxdur. Hələlik orkestr ilə məşğulam, bir neçə gündən sonra sənə bir söz deyəcəyəm, elə bilirəm ki, sən onu bacararsan, ancaq nigaran qalma, dediyim söz incəsənətə aiddir”.
O, gedəndən sonra mən çox düşündüm… nəhayət, onun təzə bir opera yazmaq fikrində olduğunu müəyyən etdim. Bu söhbətdən bir ay sonra məni opera teatrına çağırdılar və “Dəmirçi Gavə” pyesi əsasında bir opera librettosu yazmaq üçün müqavilə bağladılar. Mən bu barədə Üzeyir bəylə tez-tez görüşürdüm. Biz əsərin xorları, ariyaları barəsində məsləhətləşirdik. Bəzən o mənə ölçülər verdiyindən məlum olurdu ki, o, əsərin ariya və xorlarından bir çoxunu yazmışdır. Bu əsər üçün görüşlərimiz bir ilə qədər davam etdi. Bu müddətdə librettonu yazıb bitirdim. Onu oxuyub təsdiq etdilər. Artıq oturub işə başlamalıydıq. Üzeyirlə bir neçə gün oturduq, lakin heç bir iş görmədik, nədənsə Üzeyir çox tərəddüdlü görünürdü. Nəhayət, o öz qəlbini açıb dedi:
– “Dəmirçi Gavə”nin librettosu üzərində çox zəhmət çəkdin, mən də az zəhmət çəkməmişəm. Ancaq mən fikrimi dəyişmişəm. Bəzən yaxşı bir iş üçün böyük zəhmətləri qurban etməyin də eybi yoxdur. Biz “Dəmirçi Gavə” operasının əvəzinə elə bir əsər yaratmalıyıq ki, onunla xalqımızın varlığına qəhrəmanlıq ruhu aşılamaq mümkün olsun.
Biz sükuta daldıq. Bu sükut bir çay içmək və bir papiros çəkmək qədər davam etdi. Nəhayət, mən ona sual verdim:
– Nə etmək istəyirsən?
– Koroğlu dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapğın və eşqbaz qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mubarizə apardığını səhnədə görməlidir.
Üzeyir bu sözlərdən sonra mənə bir daha müraciət etdi:
– Demək ki, biz bunu qərara alırıq! – dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub:
– Bəli, qərarlaşdıq, – deyə cavab verdim.
Bir neçə gündən sonra opera teatrının müdiriyyəti məni çağırıb “Koroğlu” operasının librettosunu yazmaq üçün müqavilənamə bağladı.
Biz əvvəlcə bir neçə gün oturub librettonun planını hazırladıq. Ariyaların, xorların və reçitativlərin yeri və ölçüləri müəyyən edildi. Bu iş bir qədər asanlıq yaratdı. Əsər parça-parça yazıldı. Beləliklə, libretto yazılıb qurtardığı zaman, demək olar ki, musiqi də yazılıb qurtardı.
Saat birdən dördə qədər oturub işləməyi qərara almışdıq. Ancaq bəzən vaxtları dəyişdirmək lazım gəlirdi. İşin gedişində onun bir xasiyyəti nəzərimi cəlb edirdi: hər gün işə başla-mazdan əvvəl mənim işə həvəsim olub-olmadığımı yoxlayırdı. Hərgah məndə bir kədər hiss edirdisə, mütləq əhvali-ruhiyyəmi düzəltməyə və lətifələr vasitəsilə kədərlərimi unutdurmağa çalışırdı. Sonra da işə başlayırdıq. Elə günlərimiz olardı ki, vaxtımız yalnız əsərin mündəricəsi üzərində gedən mübahisəyə sərf olunardı, bir misra belə yazmazdıq (hər bir səhnənin yazılışına uzun mübahisələrdən sonra başlardıq). Bizi çox məşğul edən səhnələrdən birisi də Həsən xan ilə Əhsən paşanın görüş səhnəsi oldu, çunki yalnız bu səhnənin vasi-təsilə əsərin siyasi mündəricəsi tamamlana biləcəkdi. Böyük mübahisəyə səbəb olan səhnələrdən birisi də “Çənlibel” səhnəsi oldu. Mən, Koroğlu kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli bir adam göstərilməsinə razı ola bilmirdim. Onun keçəl Həmzə bəyi tövləçiliyə (mehtərliyə) qəbul etməsini yersiz hesab edirdim.
Lakin Qıratı oğurlatdırmaq üçün də başqa bir yol yox idi. Üzeyir bir çox əsərlərdə göstərilən qəhrəmanların sadəürəkli olmalarından misallar gətirib dedi:
– Qəhrəmanlarda