Həsən bəy Zərdabi xatirələrdə. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Həsən bəy Zərdabi xatirələrdə - Коллектив авторов страница 4
Həsən bəy çox çalışırdı, dəmirçiyə təbliğ etdi. Onu oğlunu məktəbə qoymağa məcbur etdi. Oğlunun xərcini ödəməyən dəmirçi Həsən bəyə çox şikayətlər edərdi. Həsən bəy bu şikayətlərə qarşı: “Palas-paltarını sat, amma oğlunu oxut” demişdi.
Dəmirçinin oğlu oxudu. Sonralar məşhur doktorlardan oldu. Həsən bəyin bu cahil atalar arasında apardığı təbliğat bəzilərinə təsir edirdi. Bu surətlə əməkçi kütləsindən də gimnaziyalara yaxınlaşmağa başladı. Fəqət bunların ədədi barmaqla sayılacaq bir dərəcədə idi. Bunlarla bərabər, Bakı bəyzadələri və tacir balaları da məktəbə gəlirdi. Həsən bəy bunların həqqində böylə yazır: “Bunları elm təhsil edən hesab etmək olmaz” (“Əkinçi”, birinci il, 8-ci nömrə, 4-cü səhifə). Məktəbə yeni gəlməyə başlamış varlı balalarının arasında əməkçi çocuqlarının günü yaxşı keçməyirdi. Onlar məktəb xərcinin öhdəsindən gələ bilməyirdilər. Həsən bəy bu yoxsul tələbələrin də halını düşünməyə başlayır.
Bu vəqtlər Mirzə Fətəli yeni-yeni yazmağa başlamışdı. (Əslində, M.F.Axundov 6 komediyasını 1850-1855-ci illərdə qələmə almışdı. – T.A.) Həsən bəy bu komediyələri öz tələbələrinə verərək onlarla tanış olmalarını tapşırır. Bunlardan “Hacı Qara”nı seçərək ilk dəfə gimnaziyanın salonunda oynayırlar. Bu pyesin biletləri qapı-qapı gəzdirilərək satılır. Bakı varlıları bu işə yaxın belə durmaq istəməyirlər. Tamaşaya gələnlərin çoxu Bakıda yaşayan özgə yerlilər idi. Bu tamaşanın hasilatı yoxsul tələbələr arasında bölünür. Bundan sonra bir müsəlman bayramı (Novruz bayramı – T.A) yaxınlaşdığı vəqt yoxsul tələbələrin nəfinə olaraq bir teatro tamaşası verilir. Həsən bəy yoxsul tələbələrə yardım etməklə türk teatrosunun da ilk banisi olmuşdur.
Gimnaziyanın salonundan hər zaman istifadə etmək olmayırdı. Buna görə də yalnız teatro mədaxili ilə yoxsul tələbələr təmin olunmayırdı. Digər tərəfdən də o vəqtlər Bakıda teatroya məxsus bina da yox idi. Bunun üçün də başqa və daha əsaslı tədbirə müraciət etmək lazım gəlirdi.
O zamanlar Bakıda yaşayan millətlərin hamısının cəmiyyəti-xeyriyyələri var idi. Həsən bəy də türklərə məxsus cəmiyyəti-xeyriyyə təşkili fikrinə düşür. Bir çox süründürmələrdən sonra Həsən bəy cəmiyyəti-xeyriyyənin proqramının təsdiqinə müvəffəq olur.
Həsən bəy Bakı dövlətlilərini Qazı Molla Cavad Axundun evinə toplayaraq cəmiyyətin proqramını onlara oxuyur. Hər kim bu məsələyi təsvib edir. Ortalığa para adı gəlincə hamısı bir bəhanə ilə məclisi tərk edirlər. Dövlətlilərin böylə düşüncəsiz hərəkəti Həsən bəyi qətiyyən ümidsiz etməyir.
1872-ci ilin yay fəslində Həsən bəy rəsmi bir dəftər ilə bərabər Qafqazın məşhur şəhərlərinə gedərək cəmiyyətə üzv yazdırır. Üzvlər üzvülük həqqindən başqa, cəmiyyətə xüsusi surətdə ianə də verəcəklərini vəd edirlər. Bu surətlə Həsən bəy “cəmiyyəti-xeyriyyə”nin ilk binasını qurmuş olur. Həsən bəy Bakıya qayıtdıqdan sonra üzvlərdən para almağa başlayır. Bu vəqtlər gimnaziyaya təyin edilmək üçün iki nəfər də yetim çocuq göndərirlər. Bunları da Həsən bəy məktəbə qeyd etdirməyə müvəffəq olur.
Məsələnin ağır cəhəti bunların iaşə və tərbiyəsi idi. Çocuqları tərbiyə etmək üçün hər halda bir tərbiyə görmüş savadlı türk qızı lazım idi. O zamanlarda böylə bir qızı bulmaq çox çətin idi. Məzkur ildə Tiflisdə “Svyataya Nina” məktəbini qurtarmış qızların siyahısı qəzetədə elan edilmişdi. Bunların arasında Hənifə xanım Abayeva adlı bir qız da bulunurdu. Bu xanım Şimalı Qafqazda yaşayan “bolqar” (balkar – T.A.) adlı türk elinə mənsub idi.
Bu xəbəri almış Həsən bəy Tiflisə gedir. Məktəbdə qız ilə görüşərək onu bəyənir. Qız da Həsən bəyi xoşladığı üçün evlənməyə razı olur. Həsən bəy əski adətlərin ziddinə olaraq məktəbə bir molla dəvət edərək məktəbdə nikah əqd edir. Bununla da Həsən bəy elçi və ataların vasitəsi olmadan ilk dəfə nikah qaydası qoymuş olur.
Həsən bəy Hənifə xanım ilə bərabər Bakıya gəlir. Həsən bəy müəllimliyə davam edir. Hənifə xanım da bir neçə məktəb çocuğunun tərbiyəsi ilə məşğul olaraq onların bütün zəhmətlərini üzərinə alır.
O vəqtlər Bakı küçələrində heç bir türk qadını başı açıq gəzə bilməzdi. Hənifə xanım buna əhəmiyyət verməyərək əri ilə bərabər küçəyə çıxardı. Bu iş əski qafalı kişilərin xoşuna getməzdi. Onların dalınca daş atar, onları küçədə təhqir edərdilər. Həsən bəy evində saxladığı şağirdlərin sayını gündən-günə artırardı.
Həsən bəy əvvəlki qaidə üzrə başqa şəhərlərdən para almağa davam edir. Fəqət para göndərənlərin miqdarı getdikcə azalmağa başlayır. Ən nəhayət, mədaxili məxaricdən az olur. Bununla da cəmiyyəti-xeyriyyə qapanır. Bu məsələ Həsən bəyi olduqca mütəəssir edir. Çünki başqa millətlərin cəmiyyəti-xeyriyyələri olmazın işlər görür. Yüzlərcə tələbələrini ali məktəblərdə oxudurlar. Onlara hər dürlü yardımda bulunurlar. Bu münasibətlə Həsən bəy “Həyat” qəzetəsinin 107 və 115-ci nömrələrində yazmış məqaləsində deyir ki: Bir danə Qarabağ əməkçisi suçu (Karapetin) millət qeyrəti bütün Qarabağ bəylərində yoxdur. Karapet işin biləndə su daşıyaraq min rublə toplamış və bunu erməni cəmiyyəti-xeyriyyəsinin rəisi bulunan doktor Rustamyana məktəb şagirdlərinə sərf olunmaq üçün vermişdir.
Həsən bəy Qafqazya şəhərlərində üzv toplayarkən Şuşaya da gəlmişdir. Burada bəylərin evlərinə gedərək onlardan müavinət istəmişdi. Cəmiyyət adını eşidən bir bəy “ay aman” deyərək nökərinin qucağına yıxılmışdı, digər bir bəy də erməni məktəbinə, rus kəlisasına, Rusiyada yanmış şəhərlərə müavinət etdiyini göstərərək artıq para vermək imkanı olmadığını qeyd etmiş və atasının ərvahinə and içmişdi.
Cəmiyyətin məzkur qaytanlı dəftəri bu son illərə qadar dururdu. Təəccüb orasıdır ki, bunda bir nəfər Bakı müsəlmanının imzası böylə yoxdur. Digər tərəfdən o vəqtdə Qazarov, Trusov kimi rus və erməni adları vardır. O vəqtin qubernatoru Staroselski dəftərə aşağıdakı sözləri yazmışdır: “Bakıda qubernator olduğum müddətdə müsəlman cəmiyyəti-xeyriyyəsinə yüz manat para verməyi özümə borc bilirəm”.
Bir