Almas İldırım xatirələrdə. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Almas İldırım xatirələrdə - Коллектив авторов страница 2

Almas İldırım xatirələrdə - Коллектив авторов Xatirə ədəbiyyatı

Скачать книгу

geniş həcmli kitabı nəşr edilib.

      Almas İldırımın oğlu Azər Almas ölkəmiz müstəqillik qazandıqdan sonra bir neçə dəfə Bakıya gəlib, atası ilə bağlı təşkil edilən tədbirlərdə iştirak edib. Digər oğlu Aras Almas 13 avqust 1993-cü ildə Bakıda vəfat edib, Şüvəlanda dəfn olunub.

      Onu da qeyd edək ki, Almas İldırımın Şüvəlanda heykəli qoyulub.

      Almas İldırımın sağlığında Bakıda çap olunan yeganə kitabı “Dağlar səslənirkən” (1930, Azərnəşr) olub. Türkiyədə isə sağlığında “Boğulmayan bir səs” (1936) şeir kitabını, iki dəfə nəşr edilmiş “Bayatılar” kitabını nəşr edib.

      Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi 1953-cü ildə “Seçilmiş əsərləri”ni, 1990-da isə “İgidlərə səsləniş” adlı kitablarını çap edib.

      Güney Azərbaycanda isə 1993-cü ildə Böyük Rəsulvəndin tərtibatı ilə şairin “Seçilmiş qoşquları” adlı kitabı dərc olunub.

      Beləliklə, artıq əlimizdə kiçik həcmli də olsa, Almas İldırımla bağlı “Xatirə ədəbiyyatı” seriyasından kitab çıxaracaq qədər material vardı.

      Kitab üçün şəxsi arxivimdə olan Almas İldırımın iki fotosunu, Türkiyədə çıxan ilk və ikinci kitabının üz qapaqlarını, Türkiyədə hazırladığı “Bayatılar” kitabının imzalı variantını və Almas İldırımın mühacir siyasilərdən Mirzə Bala Məhəmmədzadəyə yazdığı məktubu da əlavə elədik.

      Artıq hazırladığımız kitab əlinizdədir, ümid edirəm ki, bu kitabın növbəti nəşrlərinə qədər axtarışlarımız nəticəsində yeni xatirələr, materiallar əldə edəcəyik və daha da zənginləşdirəcəyik.

      Dilqəm ƏHMƏD

      İstanbul, 21 Mart, 2017

      BOĞULMAYAN BİR SƏS

      Almas İldırım 1907-ci ilin martın 25-də Bakının Qala kəndində doğulub. Atası Əbdülməhəmməd və anası Nisə xanımın ilk övladı olub. Almasdan sonra ailənin Sona və Ziba adlı qızları, Əbdüləli, Məhəmmədəli və Heydər adlı oğlanları da doğulub.

      Almasın əsl adı Əbülhəsən olub. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən orada adını İldırım, soyadını Almaszadə kimi yazıb. E.Aras Almas adının onun babasına məxsus olduğunu yazır. İldırım adının qaynağına gəldikdə isə, Ramiz Ardanın xatirələri bu baxımdan maraqlıdır. Ardanın yazdığına görə, Almas doğularkən Bakıda güclü yağış yağır, ildırım çaxırmış. İldırım adı da doğulduğu günün xatirəsidir. Bu məlumatı Almasın özünün Ramiz Ardaya danışması ehtimalı yüksəkdir. Elazığdakı qeydiyyat sənədlərində də şairin adı İldırım olaraq qeyd olunur.

      Bakıdakı ilk kitabında ad-soyad Almaszadə Yıldırım, Türkiyədəki ilk kitabında isə Elmas Yıldırım kimi yazılıb.

      Mühacirətdəki mətbuatda əsas imzası “Elmas Yıldırım” olub. E.Aras “Demokrat Malatya” qəzetində (1952-ci il, 270-ci say) Almas İldırımın “İki Nokta” imzasından istifadə etdiyini qeyd edir.

      Elazığdakı əhalinin qeydiyyatı ilə bağlı sənəddə Almas İldırım atasının adı Mehmet kimi qeydə alınıb.

      Heyvandarlıq, əkinçiliklə yanaşı ticarətlə də məşğul olan Əbdülməhəmməd kişi 1913-cü ildə Bakıdan 40 km məsafədə yerləşən Şüvəlana köçür, ardınca isə Çəmbərəkəndə yerləşir.

      Ailə Saraykin küçəsi, 7 nömrəli evdə yaşayır.

      Enver Aras şairin atasının o dövrün şərtlərinə görə zəngin bir adam olduğunu hesab edir: “İldırımın atasının 1500 illik tarixi Qala kəndində tarlaları, qoyun sürüləri, Çəmbərəkənddə iş yerləri, Şüvəlanda bağ-bağçaları, ticarətxanaları və Xəzərin sahilində yük gəmilərinin olduğu bilinir”.

      Ramiz Ardanın yazdığı xatirələrdən də aydın olur ki, Almasın ailəsi, həqiqətən, müəyyən qədər imkana sahib olub. Təsadüfi deyil ki, Almas İldırım almanlar Bakını azad edərsə, var-dövlətini Ramiz Ardayla bölüşəcəyini ona bildirir.

      1914-1915-ci illərdə Güney Azərbaycandan gəlmiş fəhlələrin övladlarının dərs aldığı “İttihad” məktəbində oxuyan Almas fars dilinə yiyələnir. Onun ilk şeiri hesab edilən “Qaldı” rədifli qoşmasının burada oxuyarkən yazdığı ehtimal olunur. 1925-ci ildə buranı bitirdikdən sonra Abdulla Şaiqin “Nümunə” məktəbində təhsil alır. Bu məktəbdə o, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini öyrənir.

      1927-ci ildə Almas Azərbaycan Dövlət Universitetinin Şərqiyyət fakültəsinin Ədəbiyyat bölümünə daxil olur, lakin atasının tacir olması əsas gətirilərək xaric olunur. Bolşeviklər həmçinin Əbdülməhəmmədin Şüvəlandakı bağını, Çəmbərəkənddəki evlərini də ələ keçirirlər.

      Təbii ki, onun universitetdən qovulmasının səbəbi təkcə atasının tacir olması deyildi. E.Aras yazır: “Ən önəmli səbəblərdən biri milli düşüncələri ilə xalqın hislərinə dərman olmasıydı. Hətta 1927-ci ildə Bakıda yazıb, “Qiyabi çox sevdiyim Faruk Nafizə” sözləri ilə Faruk Nafizə ithaf etdiyi “A dağlar” şeiri mərkəzi Ankarada yerləşən, İstanbulda nəşr edilən “Həyat” jurnalında yayımlanması mühüm səbəb idi”.

      Almas İldırım təhsili ilə yanaşı o dövrdə fəaliyyət göstərən ədəbi dərnəklərin də üzvü idi. O, 1919-cu ildə Seyid Hüseynin qurduğu “Yaşıl qələmlər”, 1922-ci ildə Əhməd Cavadla Hüseyn Cavidin təşəbbüsü ilə qurulan, gizli şəkildə fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəklərində yer alır.

      “Yaşıl yarpaq” dərnəyinin “Yaşıl yarpaqlar” adlı divar qəzetində şeirləri çap edilən Almas İldırımın bu illərdə dostluq etdiyi şəxslərdən biri də şair Mikayıl Müşfiq olur.

      Bu barədə Süleyman Rüstəm yazır: “Köhnə bolşevik Həbib Cəbiyevin köməyi ilə Qızıl Gənc Qələmlər Cəmiyyətini təşkil etmişdik. Həmin Cəmiyyətin rəhbərlərindən biri də mən idim. Biz komsomolçular, Gənc Qızıl Qələmləri yaradarkən sosialist varlığının əleyhinə gizli fəaliyyət göstərən bir sıra millətçi ruhlu, müsavatçı düşüncəli adamların təsirinə düşən gənclər də Sabir kitabxanasında “Yaşıl qələmlər” təşkilatı yaratmışdılar. Onlar burada “Yaşıl yarpaq” adlı divar qəzeti də buraxırdılar”.

      A.İldırım daha sonra Azərbaycan Ədəbiyyatı Cəmiyyəti, 1928-1929-cu illərdə qurulan Kitab Dostları Cəmiyyətində təmsil olunur. O, sonuncu dərnək vasitəsilə Mirzə Ələkbər Sabir adına Dövlət Kitabxanasında tərdib edilən toplantılarda

Скачать книгу