Ürəyimdən kimlər keçdi. Mustafa Çəmənli
Чтение книги онлайн.
Читать онлайн книгу Ürəyimdən kimlər keçdi - Mustafa Çəmənli страница
ÜRƏYİMDƏN
KİMLƏR KEÇDİ
(xatirələr, esselər)
“Xatirə Ədəbiyyatı” silsiləsindən 37-ci kitab
XATİRƏLƏR
NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM
Sən mükafatını insanlığa xidmətdə ara,
Əbədi zövqü, təsəllini həqiqətdə ara.
A.Səhhət
Elə bir yaş dövrü gəlir ki, tez-tez keçib gəldiyin ömür yoluna boylanırsan, özün-özünə hesabat verirsən, olub-olmuşlar bircə-bircə xəyalında canlanır. Bəzən sevinirsən, bəzən kədərlənirsən. Qismət elə gətirib ki, mən ömrümü kitaba, kitabçılığa, nəşriyyat işinə sərf etmişəm. Hərdən düşünürəm: bəs bu şərəfli sahədə saç ağartmaqla nə qazanmışam, nə itirmişəm? Yəqin ki, ömrünü nəşriyyat işinə həsr etmiş bir çox həmkarlarım da elə mənim kimi düşünüblər və düşünürlər.
Elə bir il olmaz ki, qəzet-jurnal, radio-televiziya sahəsində çalışan insanların əməyi, zəhməti dövlətimiz tərəfindən dəyərləndirilməsin, müxtəlif mükafatlara, fəxri adlara layiq görülməsinlər. Bütün bunları, əlbəttə, ürəkdən təqdir edirik, ancaq jurnalistikanın bir qolu olan nəşriyyat işinə – bu sahədə çalışan redaktorlara, korrektorlara, poliqrafçılara – onların şərəfli zəhmətlərinə nə səbəbdənsə biganəlik var.
Bizim indiki Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə jurnalistika fakültəsinin üçüncü kursunda tələbələr ixtisas qrupuna bölünürdü. İnsafən ixtisas seçimi tam sərbəst və azad idi. Kim mətbuatın hansı sahəsini sevirdisə onu seçə bilərdi. O zaman tələbələrin bir qismi qəzetçilik, bir qismi radio-televiziya, bir qismi isə nəşriyyat işi üzrə ixtisas kursu keçirdi. Mən qəzet-jurnal sahəsini seçmişdim. Jurnalistika fakültəsinin tələbələri birinci kursdan başlayaraq seçdiyi ixtisasa görə, respublikanın qəzet və jurnallarında, radio-televiziyada, nəşriyyatlarda təcrübə keçərdi. Mən də təhsil illərində “Azərbaycan gəncləri”, “Bakı”, “Mingəçevir işıqları”, “Lenin yolu” qəzetlərində təcrübə keçmişdim və adını çəkdiyim bu mətbuat orqanlarında xeyli sayda yazılar dərc etdirmişdim.
Sovet dövründə jurnalistika fakültəsini bitirən gənclərin təyinatı ilə Mərkəzi Komitənin ideoloji şöbəsi məşğul olurdu. Çünki Sovet hökuməti ideoloji sahəyə xüsusi önəm verirdi və bu mətbuat daim onun nəzarətindəydi. Hər il bu şöbə jurnalistika fakültəsini təzəcə bitirmiş əlli nəfər gəncə sahib çıxmalı, onları ölkənin müxtəlif mətbuat orqanlarında, televiziya və radio verilişləri komitəsində yerləşdirməli idi.
Mən 1977-ci ildə universiteti bitirəndə məlum oldu ki, “Yazıçı” adlı yeni bir bədii ədəbiyyat nəşriyyatı açılıb. Beləliklə, mən də daxil olmaqla, ixtisas seçimimizdən asılı olmayaraq, 9 nəfər məzunun təyinatını yeri və ünvanı hələ bəlli olmayan “Yazıçı” nəşriyyatına verdilər. Beləcə, işsiz-gücsüz halda Bakının küçələrində veyllənir, yeni nəşriyyatın haçan fəaliyyətə başlayacağı günü səbirsizliklə gözləyirdik. Biz vaxtaşırı təzə xəbər sorağıyla Mətbuat Komitəsinə (Azərbaycan Dövlət Nəşriyyat Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi) gedər, orada bizi daha isti qarşılayan, nəşriyyatlar idarəsinin rəisi, yazıçı Əlfi Qasımovun xudmani otağına doluşardıq. O zamankı gənclik, əsərlərini oxuduğu yazıçı və şairlərə xüsusi rəğbət bəsləyər, az qala onu ideal şəxs hesab edərdi. Xüsusən əyalətdən gəlmiş gənclərdə əsərlərini oxuyub, o vaxta qədər ünsiyyətdə olmadığı yazıçılara, onların yaratdığı müsbət qəhrəmanlara qəribə, məhrəm bir simpatiya vardı.
Əlfi müəllim ortaboylu, qarayanız, gülərüz, əlli yaşlarında bir kişiydi. Bizimlə dostcasına davranırdı, darıxmamağı, səbirli olmağı tövsiyə edirdi. Mən orta məktəbdə oxuyanda indi adını xatırlaya bilmədiyim yaşıdım olan bir qızdan Əlfi Qasımovun yenicə çapdan çıxmış (1964) “Adilənin taleyi” romanını alıb, bütün gecəni yatmayıb oxumuşdum. İndi işə bax ki, romanını az qala birnəfəsə oxuduğum yazıçıyla üzbəüz dayanmışdım. Əlbəttə, mən xasiyyət etibarilə sən deyən də qılıqlı adam olmadığımdan bu barədə Əlfi müəllimə heç nə demədim.
O dövrdə Mətbuat Komitəsi indiki Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin binasında yerləşirdi. Mətbuat Komitəsinin sədri Marat Allahverdiyev idi. O, bütün sovetlər ittifaqında ən gənc nazir hesab olunurdu. Bu barədə Moskvada nəşr olunan bir jurnalda oxumuşduq. Marat Allahverdiyevin müavini nasir, tənqidçi, tərcüməçi Cəlal Məmmədov idi. Hərdən onun da qəbulunda olurduq. O da bizə darıxmamağı məsləhət bilmişdi. Nə isə, altı-yeddi aydan sonra hələ də binası olmayan “Yazıçı” nəşriyyatına Elxan Rəhimov adlı bir nəfəri direktor müavini təyin etdilər. Məlum oldu ki, Elxan Rəhimov bu çağa qədər “Gənclik” və “İşıq” nəşriyyatlarında direktor müavini vəzifəsində çalışmışdır. İndi isə Bakı ali partiya məktəbini bitirdiyi üçün onu yenicə açılmış “Yazıçı” nəşriyyatına müavin göndərmişdilər. Beləliklə, 9 nəfər gənc mütəxəssisin işə götürülmə əmrini Elxan Rəhimov verdi. Əlbəttə, o dövrdə bizi birdən-birə redaktor götürməzdilər. Redaktorluq savad və biliklə yanaşı, adamdan səriştə, təcrübə də tələb edir. Səriştəli redaktor olmaq üçün nəşriyyatlarda mərhələlərdən keçməlisən. Bu əsas mərhələlərdən biri də korrekturadır. Gərək korrektor işləyəsən ki, gözlərin əlyazmaları oxumağa, mətn üzərində iş aparmağa, orfoqrafik, üslub səhvlərini görməyə alışsın.
Lütfkarlıq edib məni də “Yazıçı” nəşriyyatına böyük korrektor vəzifəsinə götürdülər. Hələ nəşriyyatın öz binası olmadığından biz “Azərnəşr”in (indiki Standartbank) ikinci mərtəbəsində yerləşən çox geniş və işıqlı korrektura otağında otururduq. Çox çəkmədi ki, “Azərnəşr”in bir qrup əməkdaşı – Mustafa İsgəndərzadə, Vilayət Rüstəmzadə, Müzəffər Şükür, Cavad Zeynal, İsa Hümbətov, İsmayıl Vəliyev, Mehdi Mirkişiyev, Firuzə Rzabəyova, Zəkiyyə Qiyasbəyli, Səkinə Hüseynova, Fəridə Bakıxanova və başqaları “Yazıçı” nəşriyyatına köçürüldülər. O zaman “Azərnəşr”in direktoru mərhum Əjdər Xanbabayev idi. Onu “Azərnəşr”-in direktoru vəzifəsindən azad edib “Yazıçı” nəşriyyatına direktor təyin elədilər. Əlbəttə, Sovet dövründə əsasən siyasi ədəbiyyat nəşriyyatının direktoru olmaq gələcək vəzifə yüksəlişində mühüm pillə ola bilərdi. Yəqin, buna görə bu təyinat heç də onun ürəyincə olmamışdı, ancaq mərkəzdən belə məsləhət görəndən sonra nə etmək olardı? Yeni nəşriyyatı qurmaq üçün təcrübəli, peşəkar, işgüzar bir naşir lazımdı və Əjdər Xanbabayev də respublikada təcrübəli naşirlərdən hesab olunurdu. “Azərnəşr”ə qədər o, Elmlər Akademiyasının nəşriyyatında korrektor, redaktor, 1956-cı ildən isə baş redaktor vəzifəsində çalışmışdı. Əjdər müəllim nəşriyyat işini çox gözəl bilirdi. Savadlı və zövqlü bir insan idi. O, pedaqoji fəaliyyətlə də məşğul olurdu, ADU-nun (indiki BDU) jurnalistika fakültəsində nəşriyyat qrupuna nəşriyyat işindən dərs deyirdi.
Çox keçmədi ki, “Yazıçı” nəşriyyatı indiki AzərTACın binasında yerləşdi. Beləliklə, direktor, baş redaktor, baş redaktor müavinləri, mühasibat və kadrlar şöbəsi dördüncü mərtəbədə, redaksiyalar və onların əməkdaşları, istehsalat, korrektura şöbələri isə altıncı mərtəbədə qərar tutdu. Altıncı mərtəbədə “Yazıçı” nəşriyyatı ilə yanaşı, “Kitabsevərlər cəmiyyəti” də yerləşirdi. Cəmiyyətin sədri xalq rəssamı Tahir Salahovun bacısı Zərifə Salahova idi. “Kommunist” – indiki “Xalq qəzeti”nin redaksiyası, Jurnalistlər İttifaqı da bu binada fəaliyyət göstərirdi. Və biz hər üç təşkilatın əməkdaşları ilə tez-tez qarşılaşardıq. Şəxsən mənim “Kommunist” qəzetinin əməkdaşları Rafael Nağıyevlə, Hidayət Zeynalovla,