Mir Cəlal xatirələrdə. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Mir Cəlal xatirələrdə - Коллектив авторов страница 4

Mir Cəlal xatirələrdə - Коллектив авторов Xatirə ədəbiyyatı

Скачать книгу

sentiyabr axşamında mənim mənzilim – mədən komitəsinin binasındakı otaq qonaqlarla dolmuşdu. Adətən, qonaqları çay-çörək süfrəsilə qarşılayırlar. Bizdə belə imkan yox idi. Bizim üçün ayrılan otağın təchizatı da sahmanda deyildi. “Biz” deyirəm, ona görə ki, mənimlə bərabər qonşu, yaxın kəndlərin (Qumlu, Söyüdlü) müəllimləri də var idi. Onlar bir-iki günlüyə də olsa, rayon mərkəzində, bizim otaqda qalmaq istəyirdilər.

      Rayon işçiləri, qocaman fəhlə kommunistlər bizə “xoş gəldin” eləmək üçün yığışmışdılar. Buna baxmayaraq, biz yerlilərin açıq dedikləri arzu və tələbləri eşidirdik. Həmin günlərdə mən 19 yaşlı cavan bir seminarist idim. Görünür, yerlilərin “bu təzə müəllimdən” gözləri su içmirdi. Çünki onların aləmində qalustuk, yaxşı qatdama köynək, komsomol qayışı “ bu yerlərə” o qədər də münasib deyildi, birtəhər gəlirdi.

      60-70 yaşlı qocaman mədən fəhləsi Əlihüseyn əmi masaya dirsəklənərək diqqət və ərk ilə mənə baxıb deyirdi:

      – Oğlum, arxayın ol, fəhlə camaat müəllimin qədrini biləndir. Nə qədər ki biz varıq, bir köpək oğlu müəllimə deyə bilməz ki, gözün üstə qaşın var! Müəllim bizim əzizimiz, uşaqlarımızın tərbiyəçisidir. Bu şərt ilə ki, bəzi-bəzi işlər gərək bizim yerlərdə görünməsin.

      Əlihüseyn əmi ətəklərini yığışdırıb ayağa qalxdı, bir də oturub dedi:

      – Mən nəyi deyirəm: mən iki babətdən deyirəm, mültəfit ol!

      Biri budur ki, müəllim gərək içki sarıdan özünü gözləsin, biri də əxlaq sarıdan, qadın babətindən, abır-həya babətindən özünü gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa salıram ki, bunlardan özünü gözlə! Bura rayon yeridir, fəhlə yeridir. Burada gərək özünü gözləyəsən. Camaat sənə uşaqlarını etibar eləyir! Bu təmizlik ki oldu, gözüm üstə yerin var. Bütün mahalda bir kişinin sənə dolaşmağa cürəti yoxdur…

      Qoca fəhlə bir ata nəsihəti ilə danışır, mənim gözümün içinə baxırdı. Əyləşənlərin Əlihüseyn kişinin nəsihətinə diqqətlə qulaq asmağı o demək idi ki, bu tapşırıqlar tək bir adamın yox, rayon camaatının hamsının adındandır.

      Mən dillənməmiş məktəbin köhnə müəllimi Əli Qara qocaman fəhləni arxayın elədi:

      – Əlihüseyn əmi, Mir Cəlal seminariyanın özündə tələbə təşkilatının sədri idi, 500 tələbə onun öhdəsinə tapşırılmışdı. İçki-filan, əxlaq, ədəb-ərkan məsələsi onun öz nəzərindəndir. Bir də ki, bizim məqsədimiz burada dərs-tərbiyə, mədəni-inqilab yolunda çalışmaqdır. Firqəmizin tapşırığı yolunda can qoymaqdır. Əl-ələ verib işləyəcəyik. Tək əldən səs çıxmaz. Sizin köməyiniz, fəhlə sinifinin rəhbərliyi olmadan kənd müəllimi nə eləyə bilər?

      Əli Qaranın bu sözləri, görünür, Əlihüseyn əminin ümidini təmin edirdi. Kişi təsbeh dənəsi kimi kiçik göz bəbəkləri ilə gülərək, müəllimi arxayın salırdı:

      – Rəhbərlik bizdə, mədən fəhlələri məktəb üçün heç nəyi əsirgəmirlər. Raykom da, zavkom da məktəbin qayğısını çəkəcək, arxayın olun!

      Əlihüseyn əminin sözləri bir onun yox, bütün valideynlərin sözü idi.

      Müəllim heyətini abırlı görəndən sonra fəhlələr məktəb üçün xüsusi can yandırmağa, raykomun, ispalkomun, ukomun (qəza komitəsi) yanında tez-tez danışmağa, tərif etməyə başladılar. Bu diqqət və hörmət sayəsində məktəbə kəndlərdən gələn uşaqlar üçün 25 nəfərlik pansion açdıq. Musiqi komitəsi düzəltdik, piano gətirtdik. Neçə hektarlıq bir bağçanı məktəb təcrübə tarlasına çevirdik. Bütün rayon məktəbləri üçün istinad məktəbi yaratdıq. Ayda bir dəfə müəllimlərin rayon müşavirsi, təcrübə mübadiləsini təşkil etdik.

      Bərpa dövründən sonra mətbuatda, müzakirə, mübahisələrdə rekonstrukasiya dövrü və bu söz ilə əlaqədar mətləblər dəbdə idi. Mən də həvəslənərək, bir məqalə yazmışdım: “Rekonstrukasiya dövrünün müəllimi!” Bu məqaləni Xalq Maarif Komissarlığının jurnalı dərhal çap elədi və rayon müəllimlərinin çoxuna oxumağı məsləhət gördü. Redaksiyanın xeyirxah münasibəti (o zaman komissarlıqda çalışan Ələkbərli Məhəmməd sonralar Maarif naziri oldu) məni həvəsləndirmişdi.

      Məktəblilər üçün “Ədəbiyyat nəzəriyyəsi” kitabı yazmaq iddasına düşmüşdüm. Bu kitabın ilk qaralama nüsxəsini, hətta, tədris pedaqoji şurasına, o zaman orada çalışan Hənəfi Zeynallıya təqdim etmişdim.

      Sonralar başım təhsilə qarışdı, aqibətilə maraqlana, izləyə bilmədim.

      Vəli Xuluflu Gəncədə məşhur “Mədrəseyi-ruhani” deyilən yeni tipli orta məktəbdə müəllim, həm də məktəb kitabxanasının müdiri idi. O zaman həmin məktəbə xüsusən Şərqdən – Türkiyə, Misir, Tehrandan xeyli kitablar gətirilmişdi. Bu zəngin mirasın həm istifadəsi, həm həm də səliqə ilə qorunması Vəli Xulufluya, Qasım Qənbəroğluna və məktəbin müdiri Pişnamazzadəyə tapşırıldı.

      Məktəblərdə oxuya marağı artırmaq üçün ən münasib kitablar seçilib, onlara verilir, oxunan kitab haqqında rəy soruşulurdu. Mən Tolostoyun bir çox hekayələrini həmin kitabxanada oxumuşdum.

      Qarşıqlıq illərdə həmin kitabxananın aqibəti və fondu necə oldu, bilmədim.

      Gəncədə Sovet hökuməti qurulan günlərdə mən müəllimimiz Xuluflunu izdihamlı yığıncaqlarda görürdüm. Şah Abbas məscidinin həyətində və məktəb qabağındakı bağda onun çıxışlarını, hərarətli, həm də sadə nitqlərini eşidirdim.

      Vəli Xuluflu sonralar akademiyanın filialında tarix, dil, ədəbiyyat işlərinə rəhbərlik edirdi. Lüğətlər institutunun direktoru olanda cavan mütəxəssisləri işə dəvət edirdi. “Gənc işçi”də işlədiyimi, aspiranturada oxuduğumu biləndən sonra məni çağırdı. İnstitutda işləməyi təklif etdi, mən də razı oldum.

      Çox hazırlıqlı və fəal kommunist, mədəniyyət xadimlərindən idi. Ağamalı oğlu, Ruhulla Axundov, Müzəffər Nərimanov ilə yaxın idi. Çox mühüm məsələlərdə, məsləhət, müzakirələrdə iştirak edirdi. Azəri dilinin təmizliyi, inkişafı haqqında çox ciddi-cəhd edən kommunistlərdən idi.

      Hələ Gəncədə, seminariya təhsili illərində mən mətbuat ilə əlaqədar idim. Aşqabadda çıxan “Zəhmət” qəzetində (böyük qardaşım orada çörəkçi işləyirdi və yerli qəzetləri mənə göndərirdi), Tiflisdə çıxan “Yeni fikir” qəzetində Gəncənin mədəni-təsərrüfat həyatını əks etdirən yazılarım nəşr olunurdu. Bunlar yalnız müxbir məktubları, adi xəbərlər xarakterində yox, mühərrir yazıları mahiyyətində idi: “Məhərrəmlik mövhumatı kimin əsəridir?”(1926), yeni əlifba, dərsliklər, maarif

Скачать книгу