Zindan xatirələri . Seyid Cəfər Pişəvəri

Чтение книги онлайн.

Читать онлайн книгу Zindan xatirələri - Seyid Cəfər Pişəvəri страница

Zindan xatirələri  - Seyid Cəfər Pişəvəri Xatirə ədəbiyyatı

Скачать книгу

ləri

      “Xatirə Ədəbiyyatı” silsiləsindən 41-ci kitab

      TƏRTİBÇİDƏN

      Həqiqi həyatda yaşanmış hadisələrin əksi olan memuar və xatirələr müəyyən bir dövrdəki durumu (siyasi, iqtisadi, mədəni, məişət və s.) öyrənmək baxımından ilk mənbə kimi çox önəmli və dəyərlidir. Bu baxımdan, oxuculara təqdim olunan Seyid Cəfər Pişəvərinin “Zindan xatirələri” kitabı 20-30-cu illərdə İrandakı siyasi mühitlə, “Qəsr Qacar”1 adlanan zindanda baş vermiş dəhşətli olayların bir qismi ilə tanış olmağımıza imkan verir.

      Rza şah Pəhləvinin Qanlı diktaturasının tüğyan etdiyi illərdə (1925-1941) “Qəsr-Qacar” zindanı demokratik düşüncəli, vətənpərvər və milli qüvvələrin liderləri üçün cəza və ölüm düşərgələrindən ən amansızına çevrilmişdir. İranda və Güney Azərbaycanda demokratik və azad düşüncənin öndər daşıyıcılarından olan Seyid Cəfər Pişəvəri çoxda uzun olmayan 55 illik ömrünün 3920 gününü (10 il 6 ayını) məhz bu cəza və ölüm düşərgəsində – “Qəsr-Qacar” zindanının divarları arasında keçirməli olmuşdur.

      S.C.Pişəvəri “Qəsr-Qacar” zindanında həbsdə olduğu illərdə bu dəhşətli cəza məkanının içərisində baş vermiş ağlagəlməz ağır və qanlı olayların bir qismini qeydə almış, azadlığa çıxdıqdan sonra onları “Zindan dəftərindən xatirələr” başlığı altında çap etdirmişdir.

      Araşdırmalar, dostlarının2 onun haqqında yazdıqları və xatirələri göstərir ki, S.C.Pişəvəri təbiətcə sadə və təvazökar adam olmuşdur. O, yoldaşları və ictimaiyyətin nümayəndələri tərəfindən yerli-yersiz təriflənməyi, haqqında yazılar verilməsini istəmirmiş. Ona və yoldaşlarına zindanda verilən işgəncə və əzabları, şahidi olduğu haqsızlıq və zorakılıqları sonra qələmə alıb, oxuculara təqdim etməyin şəxsiyyətinin abardılması kimi qiymətləndirilməsini istəməyən S.C.Pişəvəri zindan xatirələrini bir müddət çap etdirmək istəməmişdi. Bu iş onun çoxdan tanıdığı “Dad”3 qəzetinin naşiri Ümüd Nurinin təkidi və məsləhəti ilə baş tutmuşdur. Zindan xatirələri əvvəl hissə-hissə “Simruq” imzası ilə “Zindandan Kaşanadək” başlığı altında “Dad” qəzetində, sonra isə “Ajir” də çap edilmişdir.

      S.C.Pişəvəri özü haqqında yazmışdır ki, hansı vəzifə və məqamda olmasına baxmayaraq o, “özünü ağır və əzablı günlərin adamı”4 kimi hiss etmişdir. S.C.Pişəvərinin təvazökarlığından söhbət açan Azərbaycan Milli Hökumətinin zabiti, hərbi qərərgahın işçisi mərhum Bağır İmrani S.C.Pişəvərini xatırlayarkən deyirdi: “Bir gün bizə xəbər verdilər ki, sabah saat 11-də Pişəvəri Baş Hərbi Qərərgaha gələcəkdir. Biz təbii olaraq otaqlarda səliqə-səhman yaratdıq.

      Səhəri saat düz saat 11-də ağaye Pişəvəri Qərərgaha gəldi. Onu qarşılayanlarla səmimi salamlaşdı. Divara vurulmuş üç portret: Səttarxan, Xiyabani və bir də Pişəvərinin öz portreti onun diqqətini çəkdi. O, bu otaqda kimin çalışdığını soruşduqda mən hərbi qaydada “Mən çalışıram, cənab Baş Ali Komandan”, – deyə cavab verdim. O, barmağı ilə Səttarxanın portretinə işarə edərək dedi: “Səttarxan Məşrutənin sərkərdəsi olmuşdur. O, İrana azadlıq gətirmək istəyirdi və bunun uğrunda da canını fəda etdi. Xiyabani isə mütəfəkkirdir, milli qiyama ləyaqətlə başçılıq etmiş və millətimizin azadlığı yolunda şəhid olmuşdur. Bəs bu sonuncu (o, öz portretinə işarə edərək) nə etmişdir? Sonra əlini çiynimə qoyaraq dedi: “Oğul, hər şey nəticə ilə ölçülür. Biz son nəticəyə çatanda mənim də portretimi asarsan. Xahiş edirəm, mənim portretimi oradan çıxart”. Mən isə onun buyuruğuna tabe olmaya bilməzdim".

      S.C.Pişəvərini yaxından tanıyan, onun mübarizə və zindan yoldaşları olmuş Salamulla Cavid, doktor Ənvər Xamei, eləcə də “Ajir” qəzetinin çapında S.C.Pişəvərinin yaxın köməkçisi olmuş Kərim Kəşavəzr və bir çoxları S.C.Pişəvəri haqqında xatirələrində onu zəkalı, bilikli, mətin və mübariz olmaqdan əlavə, sadə, səmimi və təvazökar şəxsiyyət kimi xarakterizə edirlər.5

      * * *

      S.C.Pişəvəri (Cavadzadə) Azərbaycan xalqının keçən yüzillikdə yetirdiyi görkəmli siyasi xadimlərdəndir.

      Onun həyatının bütün mərhələləri xalqının azadlıq və inkişafına həsr olunmuşdur. O özü bunun haqqında yazmışdı: “Məni bu böyük və şərəfli yola çəkib gətirən azadlıq istəyim və birdə millətim haqqında düşüncələrim olmuşdur”. XX əsrin əvvəllərində mübarizə meydanına əvvəl bir maarifçi, sonra istedadlı jurnalist kimi qədəm qoymuş S.C.Pişəvəri sonrakı illərdə millətinin nicatı üçün ideoloji-siyasi yol axtarışına çıxaraq, əvvəl maarifçi-demokrat, sosial-demokrat, kommunist və sonda milli-demokrat, olmuşdur. O, ömrünü demokrat kimi də başa vurmuşdur. S.C.Pişəvəri istintaqa verdiyi izahatda kommunistliyi, onun ideologiyasını 10 il öyrənib, mütaliə etdikdən sonra bu ideologiyanın prinsiplərinin İranın milli zəmininə tətbiqinin mümkünsüzlüyünü dönə-dönə etiraf etmişdir.

      S.C.Pişəvərinin başçılıq etdiyi firqəninin I qurultay (1945-ci il) materiallarında və qəbul edilmiş məramnanədə heç bir “izm”dən söhbət açılmır. Proletar diktaturasından, “Bütün ölkələrin proletarları birləşsin!” ənənəvi kommunist şüarından, sosializm, kommunizmdən, sinfi mübarizədən heç bir yerdə bəhs edilmir. S.C.Pişəvəri xatirələrində yazır: “… Bizim firqəmiz kommunist firqəsi deyildi… Biz elə edə bilməzdik ki, milli bir firqə olduğumuz halda birinci qədəmdə təbəqati (sinfi – Ə.R.) mübarizəni alovlandıraq. Bizim o günkü hədəfimiz Azərbaycanda milli-demokratik bir rejim vücuda gətirmək, dərəbəylik rejiminin rişəsini ortadan qaldırmaq və xalqı müasir mütərəqqi yola çəkməkdən ibarət idi. Ona görə kommunist və ya sosialist adını üstümüzə qoya bilməzdik.

      S.C.Pişəvərinin dünyagörüşünün formalaşmasında və sabitləşməsində keçdiyi mübarizə yolunun təcrübəsi ilə yanaşı, onun 10 ildən çox “Qəsr-Qacar”dakı zindan həyatının, buradakı siyasi mühitin xüsusi rolu olmuşdur. Zindanda siyasi məhbus olarkən o, 10-15 ildə keçdiyi mübarizə yoluna tənqidi nəzər salır, olmuşları götür-qoy edir və çox ehtiyatla bu nəticəyə gəlir ki, onun vətəni üçün Arazın o tayındakı Sovet rejimi, kommunist rejimi yararsızdır. Onun bu haqda fikir və düşüncələrini təkcə istintaq materiallarından yox, həm də “Ajir” qəzetində çap etdirdiyi məqalələrdəki sətiraltı fikirlərdən, sonralar öz əli ilə yazdığı xatirələrdən, ən nəhayət, onunla bir zindanda (hətta bir il bir kamerada) yatmış və məsləkcə o zaman kommunist olan Ənvər Xameinin yazılarından da görmək olur. Sonralar S.C.Pişəvəri “Qəsr-Qacar”da keçirdiyi zindan illərini bir “məktəb” adlandırmışdı. S.C.Pişəvəri ağır zindan günlərində də qələmi yerə qoymamışdı. O, “Ədalət firqəsinin tarixi”, “Zindan xatirə dəftərindən”, “Cəngəl hərəkatı” və başqa bu kimi siyasi-tarixi səpkidə olan kitablarını, bir sıra başqa elmi, bədii, tənqidi yazılarını, həmçinin, “Nadirə” və “Məhinbanu” adlı romanlarını zindanda yazmışdı.

      Onun “Zindan xatirələri” adlı yazı toplusunda Pəhləvi rejiminin amansızlığı, “Qəsr-Qacar” zindanındakı insan qatillərinin siyasi məhbusları dirigözlü məhv etməyə yönəldilmiş alçaq əməlləri məharətli jurnalist-yazıçı qələmi ilə qeydə almışdı. S.C.Pişəvəri zindan xatirələrinin6 müqəddiməsində yazır: “…Qəsrin dastanı kədərli, dəhşətli, eyni halda oxunmalıdı. Təəsüflər olsun ki, mövcud vasitələrlə bu dastanı bütövlükdə təsvir etmək mümkün deyil7. Biz bu xatirələrdə, onların bəzi yerlərini nəzərə çatdırmaqla qənaətlənmişik. Eyni halda hadisələri hekayə kimi şərh etsəydik, çox uzun və yorucu ola bilərdi. Buna görə də müvəqqəti həbs və istintaq günlərini qeyd olunan tərzdə qələmə alıb, qalan məsələləri isə ayrı-ayrı mövzular kimi qeyd edəcəyik. Bizcə, bu üslub ilə həm xatirələr yorucu olmaz, həm də oxucu istədiyi bölməni asanlıqla tapıb istifadə edə bilər. Buna görə də, qeyd etdiyim yazıdakı səpki və eləcə də, yeri gəldikcə qədim lüğət və ibarələrdən istifadə etmək

Скачать книгу