Zindan xatirələri . Seyid Cəfər Pişəvəri

Чтение книги онлайн.

Читать онлайн книгу Zindan xatirələri - Seyid Cəfər Pişəvəri страница 3

Zindan xatirələri  - Seyid Cəfər Pişəvəri Xatirə ədəbiyyatı

Скачать книгу

zəmin üzərində yaranırdı. Çünki diktatorun11 nüfuzu artdıqca, tamahı da artıb sırtıqlaşırdı. Buna baxmayaraq, o öz vəziyyətindən xəbərdar idi. İran xalqlarını yaxşı tanıyırdı. Ətrafındakı adamların yaltaqlığını da hamıdan yaxşı başa düşmüşdü. Onların yalan satdığını bilirdi. O bilirdi ki, ətrafındakıların hamısı riyakarlıq edir və istəyirlər ki, onun nüfuzundan, əmirlərindən faydalansınlar. Buna görə də o, hamıya qarşı şübhəli və bədbin idi. Öz səltənətini və var-dövlətini itirmək qorxusundan gözünə yuxu getmir və narahat idi. Qabağa çıxa biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün bütün qüdrətini işə salaraq, şübhəli adamları öz yolu üzərindən kənar edirdi. O hiss edirdi ki, nüfuzlu düşmənini ortadan aparmaqla, özü üçün yüzlərlə başqa nüfuzlu düşmən yaradır. Onun əxlaqını yaxşı öyrənmiş leş yeyən yaltaqlar bu odu daha da yelpikləyirdilər. Şübhəli dairələr genişləndikcə, axıdılan qanların sayı da artırdı. Bu iş müxtəlif şəkillərdə təzahür edərək böyük bir yanğın kimi yaş-qurunu öz ağuşuna çəkir və onların hamısını yandırıb məhv edirdi. Bu dəhşətli işlərdən xalq az-çox xəbərdar idi. Biz isə on bir il zindanda qaldığımız müddətdə onun daha şiddətli kötəyinə məruz qalmışdıq. Qəddarlıqların bir çoxu bizim gözümüzün qarşısında həyata keçirilirdi.

      Bizi mərkəzi zindanda12 saxlayırdılar. Böyükdən tutmuş kiçiyə qədər siyasi məhbusların hamısını oraya gətirdilər. Zindandan xaricdə baş verən hər hansı pis hadisənin təsiri dərhal zindanda özünü göstərirdi. Biz edam olan şəxslərə məxsus intizar otağında mənzil salmışdıq. Nüsrətüddövlə, Teymurtaş, Fərruxi, Bəxtiyarilər, Mazandaran mülkədarları, Çahkutahi xanları, kürdlər, lor xanları, siyasi partiyalara mənsub olan dəstələr və şəxslər bizim qarşımızdan gəlib keçirdilər.

      * * *

      “Qəsrin” dastanı kədərli, dəhşətli, eyni zamanda oxunmalıdır. Təəssüflər olsun ki, mövcud vasitələrlə bu dastanı bütünlükdə təsvir etmək mümkün deyil. Biz bu xatirələrdə onların bəzi qabarıq yerlərini nəzərə çatdırmaqla kifayətləndik. Həmdə hadisələri hekayə kimi şərh etsəydik, çox uzun və yorucu ola bilərdi. Buna görə də müvəqqəti bəhs yerlərini bə istintaq günlərini qələmə alıb, qalan məsələləri ayrı-ayrı mövzular kimi qeyd edəcəyik. Bizcə bu üslub ilə həm xatirələr yorucu olmaz, həm də oxucu istədiyi bölməni asanlıqla tapıb istifadə edə bilər. Buna görə də qeyd etdiyimiz yazı üslubu, eləcə də yeri gəldikdə qədim lüğət və ibarələrdən istifadə etmək müəllif üçün icbari bir hal olmuşdur. Çünki qədim sözlərin yerinə, yaxşı bələd olmadığım təzə sözləri işlətmək üçün lüğət kitablarına baxsaydım, çox güman ki, cümlələrin yazılmasında sünilik meyddana gələrdi. Beləliklə də xatirələr dəyərsiz bir hala düşərdi. Hər halda, mən bu yazını kitab hesab etmirəm. O, təkmil bir xatirə və ya qeydlərdən ibarət deyil, sadəcə olaraq, zindanda gördüyüm hadisələrin müxtəsər təsviridir. Burada yazılış, imla və mətləbləri olduğu kimi şərh etmək sahəsində də bir çox nöqsanlara yol verildiyini etiraf etməliyəm. Oxucu da yaddan çıxarmamalıdır ki, o, on bir il zindanda qalmış bir adamın yorğun və sarsılmış beyninin məhsulunu nəzərdən keçirir.

      Bu xatirələrin müəyyən hissəsi əziz dostum ağayi Əmid Nurinin təşəbbüsü ilə çap olan “Dad” qəzetində “Simruğ” imzası ilə “Zindandan Kaşanadək” sərlövhəsi altında çap olunmuşdu. İndi redaksiya heyəti üzvlərinin təsdiq və məsləhəti ilə həmin bu xatirələrin digər hissəsini bu nömrədən etibarən ardıcıl surətdə çap edəcəyik. “Fərruxu zindanda” və “Doktor Əraninin matəmi” adlı məqalələr də xatirələrə daxil edilmişdir. Hörmətli “Nahid” qəzetinin bir və ikinci nömrələrində ardıcııl surətdə çap olunmuş “Zindan qurbanları” başlıqlı kədərləndirici yazı da həmin xatirələrdən götürülmüşdür.

      1339-CU İL DEY AYININ ALTISI

      On bir il bundan əvvəl dey ayının altıncı günü (27.XII.1930-cu il) mənim üçün bir tarixi gün hesab olunur. Mən, 6. 10. 9 tarixini (6 dey, onuncu ay, 1319-cu ili nəzərdə tutur) bu gunədək bir saat da olsun yaddan çıxarmamışam. Həmin gündə olan hava şəraiti də lap bu gün kimi nəzərimdədir. Yerlər buz bağlamışdı, bala-bala qar yağırdı. Şimran dağları uzaqdan ağ yumurta kimi görünürdü. Məhəmməd Ənzabi13 ilə nahar etdikdən sonra mənzildən çıxdıq. O günlərdə biz Qəvamüssəltənə xiyabanındakı Entexabiyə küçəsində yaşayırdıq. Ənzabi məndən ayrılıb öz evinə qayıtdı. Mən isə dostlardan biri ilə işim olduğu üçün onun evinə getməli idim. Beləliklə, qapının yanında bir-birimizdən ayrıldıq. O, Qəvamüssəltənə xiyabanına tərəf getdi, mən isə sağa döndüm. Həmin dəqiqələrdə nəyin haqqında fikirləşdiyim yaxşı yadıma gəlmir. Lakin həmişə olduğu kimi, başımı aşağı salıb, paltonun yaxasını qaldıraraq sürətlə irəliləyirdim. Küçə xəlvət və soyuq idi. Küçənin başında, sol tərəfə dönmək istədikdə qəflətən tanımadığım bir adam qarşıma çıxdı. O, yöndəmsiz libas (paltar) geyinmişdi. Əlində əsa var idi. Bu yöndəmsiz adamı görən kimi fikrimdə ona qarşı şiddətli nifrət oyandı. Onun xoşagəlməz səsi bu nifrəti daha da artırdı.

      – Ağa sizin adınız filan… deyil? – deyə bu şəxs mənə müraciət etdi.

      – Nə üçün, özüdür ki, var? – deyə cavab verdim.

      Zahirdə ədəbli rəftar etmək istəyən, lakin ədəbsiz baxışları və gülüşləri ilə xəbis niyyətini göstərən bu adam əlavə etdi:

      – Ağa şəxsən bəndənin sizə deməli sözü yoxdur. Məni göndəriblər ki, bir neçə dəqiqəlik Ettelaat İdarəsinə (Təhlükəsizlik İdarəsinə) təşrif gətirməyinizi xahiş edim. Zənnimcə, sizdən kiçik bir söz soruşmaq istəyirlər.

      Mən işin bu qədər də sadə olmayacağını başa düşdüm. Axı indiyədək Ettelaat İdarəsi ilə mənim azacıq belə işim olmamışdı. Bu idarəyə girən adamlar heç də asanlıqla ordan çıxa bilməmişdilər. Əlacsız qalaraq dedim:

      – Belə olduqda, qayıdaq mən evə xəbər verim.

      O dedi:

      – Buna ehtiyac yoxdur. Tezliklə qayıdacaqsınız.

      Mən başa düşdüm ki, o polis dərsini əzbərləmişdir. Qaçmaq haqqında da əslən fikirləşə bilməzdim. Yəqin ki, o, tək deyildi. Digər tərəfdən mən özümü günahsız hesab edirdim. Buna görə də mənzilə qayıtmaq haqqında israr etməyərək polis ilə birlikdə yola düşdüm. Bu sadə, səssiz-səmirsiz bir dəvət ilə həyatımda yeni dövrün başlamasını hiss etdim və bildim ki, bir daha öz meylimlə könlüm istəyən yerə gedə bilməyəcəyəm. Artıq ixtiyarım başqalarının əlinə keçmişdi. Buna baxmayaraq, bu işin aqibəti haqqında hələlik məlumatım yox idi. Ayağımın altında birdən-birə açılmış uçurumun haraya gedib çıxacağını bilmirdim.

      Pəhləvi dövrünün nəzmiyyəsi14 çox təhlükəli bir təşkilat idi. Qatil

Скачать книгу