Köhnə Bakı. Hüseynqulu Sarabski
Чтение книги онлайн.
Читать онлайн книгу Köhnə Bakı - Hüseynqulu Sarabski страница 3
Əhalinin bir qismi kənd təsərrüfatı ilə – əkinçilik, bağçılıq, dəyirmançılıq, atçılıq və maldarlıqla, bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlmaşıçılıq, qənnadıçılıq, halvaçılıq, çörəkçilik, hamamçılıq, baqqallıq, bəzzazlıqla məşğul olardı. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xüşkbarçılar, ipəkçilər, xalçaçılar, qənd-çay alış-verişi edənlər, qara neftçilər də az deyildi. Bunların çoxu İranla alış-veriş edənlərmiş.
NOVRUZ BAYRAMI
Novruz bayramı Bakıda qurban və orucluq bayramlarından dəfələrlə artıq təntənə ilə keçirilərdi. Novruzu bir ay əvvəldən qarşılamaq Bakıda adət idi. Həftənin hər çərşənbə axşamı hər evin həyətində və ya darvazasında tonqal qalanar, bu tonqala arvadlar üzərlik töküb bu sözləri oxuyardılar:
Üzərriksən, havasan,
Cəmi dərdə dəvasan.
Hər yerdə sən yanarsan
Qada-bala apararsan.
Bakıda gəmiçilik edən, dənizdə işləyən çox olardı. Hələ buna görə oğlu, əri dənizdə olan ana, arvad və ya atasının səfərdən gəlməsini gözləyən uşaq bu misraları da əlavə edərdi:
Əs, xəzri, mən də verim nəziri,
Əs, gilavar, əs, qadasın aldığım!
Xəzri, yat, gilavar, gəl,
Yaxud:
Giləvar, yat, xəzri, gəl,
Atam (yaxud: oğlum, ərim) gəlsin səfərdən…
ÇƏRŞƏNBƏ GECƏLƏRİ XONÇA DÜZƏLTMƏK, ŞAM YANDIRMAQ ADƏTİ
Novruza iki həftə, on gün qalmış hamı halına görə hazırlıq görərdi. Qapı-bacanı əhənglə ağartmaq, evlərin bayır-bacasını süpürmək, palaz-xalçanı çırpıb təmizləmək, evi, otağı səliqəyə salmaq, yeni ili təmizlik içərisində qarşılamaq ümumi həvəs idi. Varlılar, tacir və alverçilərin hazırlığı daha geniş olardı. Onlar bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava və bu kimi şirniyyatlar bişirib hazırlardılar. İmkanı olmayanlar bayramı sadəcə xüşkbar ilə keçirərdilər.
Bir həftə əvvəl istər Aşağı bazarda , istərsə Yuxarı bazarda qızğınlıq müşahidə edilirdi. Baqqallar dükanlarını güzgülər, Firdovsinin şahnaməsindən alınaraq ağ parça üstünə çəkilmiş cürbəcür şəkillər, kağız fanuslar ilə bəzərdilər. Hər dükançı qapısından böyükcə bir zəng asardı. Onu çalaraq qışqırıb malını tərifləyirdi, kimi yola saldığı müştərisinin arxasınca da o zəngi təkrar çalardı.
Bayrama bir neçə gün qalmış məhəllə uşaqları həyətləri gözləməklə “kosa-kosa” adlanan xüsusi oyun oynar, tamaşaçılardan xüşkbar, pul toplardılar.
Rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geydirər, üzünə kağızdan qayrılmış üzlük (masqa) taxıb, başına da kəllə qənd kağızından uzunca şiş papaq qoyardılar. Belinə zınqırovlu kəmər bağlanar, boynundan zınqırovlar asılardı. Məhəllə uşaqları hazırlanan kosanı araya alıb həyətləri gəzərək xüsusi bir hava ilə aşağıdakı sözləri xor halında oxuyardılar. Kosa isə oynardı:
A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
A uyruğu, uyruğu,
Saqqalı it quyruğu.
Kosam bir oyun eylər,
Qurdunu qoyun eylər.
Yığar Şabran düyüsün,
Mahmudun toyun eylər.
Novruz-novruz bahara,
Güllər-güllər nahara,
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun.
Bal olsun, həm yağ olsun,
Evdəkilər sağ olsun!
Verənə oğul versin,
Vermiyənə qız versin,
Xanım dursun ayağa,
Kosanın payın versin.
Mərmər hovuzun dörd qırağında
Bülbüllər oxur şax budağında,
Hər nə istəsəm, xudadan allam,
Dəllək dükanın yadına sallam.
Dəllək dükanı bütün Çırağban,
Məclisə gedər əlində qəlyan.
Qurbanın olum yaşıl çuxalı,
Dərbəndlisən, yoxsa buralı.
Bu nəğmə ilə qaytağı oynayan kosa “Kosa mürd” söylənildikdə yerə uzanar, beləcə, aşağıdakı sual-cavab başlanardı:
– Kosa, haradan gəlmisən?
– Qubadan.
– Nə gətirmişdin?
– Qax, qoz.
– Qax, qozu neylədin?
– Satdım.
– Pulunu neylədin?
– Arvad aldım.
– Bəs arvadı neylədin?
– Döydüm, öldü!
Kosanın bu cavabı üzərinə yenə xor halında aşağdakı sözlər oxunardı:
Başın sağ olsun, kosa,
Canın sağ olsun, kosa.
Arşın uzun, bez qısa,
Kəfənsiz ölməz kosa.
Sonra uşaqlar iki dəstəyə ayrılar, birinci dəstə aşağıdakı sözləri oxuduqca ikinci