Kəndimizdə bir gözəl var. Salam Qədirzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Kəndimizdə bir gözəl var - Salam Qədirzadə страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Kəndimizdə bir gözəl var - Salam Qədirzadə Milli ədəbiyyat

Скачать книгу

nidalar təzə açılan səhərin sakitliyində əks-səda verdi.

      Fikrət çaşdı, özünü itirdiyindən nə edəcəyini bilmədi. Sevincdən irəli atılaraq qarını elə möhkəm qucaqladı ki, sümükləri şaqqıldadı, onun qax kimi qırışmış üzündən öpdü…

      Doğum evinin hündür darvazası qabağında mavi rəngli bir “Moskviç” dayandı, əlində gül dəstəsi tutmuş Fikrət tez maşından düşüb pillələri tələsik addımlarla iki-iki qalxaraq, yuxarı çıxdı.

      Çox keçmədən bənizi saralmış Günəşlə, onun qoluna girmiş xadimə qapıda göründü. Cavan ananın sifətinə, gözlərinə elə xoş bir ifadə həkk olunmuşdu ki… Sonra da ağ krujevalı, ipək bələkdə olan körpəsini ehtiyatla qucağına almış Fikrət gəldi. Həyətə düşcək uşağın üzündəki tül örtüyü qaldırıb işıqda diqqətlə ona baxdı; dodaqlarını körpəyə yaxınlaşdırdı, ancaq qıymadı, diksinəcəyindən qorxub geri çəkdi.

      Xadimə Günəşi maşında əyləşdirib xeyir-dua verdi:

      −Balan xoşbəxt böyüsün, qızım. O gün olsun toyunu eləyəsiniz, elə bu “Moskviç”də ona gəlin gətirəsiniz…

      −Al, qoy bu igid oğlan da yanında otursun, darıxmayasan, − deyə Fikrət uşağı ehmallıca içəri uzadanda Günəş məhəbbətlə ərinə baxdı, xəfifcə gülümsədi. Kirpiklərini bir dəfə endirib-qaldırdı, gözləri ilə onu öpdü. Sonra əlindəki gülləri qırağa qoyub, körpəsini sinəsinə sıxaraq, yerini rahatladı.

      Fikrət maşından bəzəkli bir qutu götürüb, üzünü qarıya tutdu:

      −Xala, al! Bu, cumbulu oğlumuzun adından sənə hədiyyədir!.. Salamat qal.

      −Yaxşı yol ay bala, boya-başa çatsın körpəniz.

      Qarı doluxsundu. Fikrət sükanın arxasında əyləşib xadiməyə bir daha razılıq edərək, maşını hərəkətə gətirdi.

      −Anan nə əcəb gəlmədi? – deyə doğum evinin yaşıl həyətindən küçəyə burulanda Günəş soruşdu.

      −Evdə sənin üçün xörək hazırlayırdı.

      −Nə bişirirdi?

      −Quymaq.

      Fikrət boylanıb qarşısındakı kiçik aynadan dala baxdı:

      −Mənim pəncərəm açıqdır, sizə soyuq olarsa, örtüm.

      “Sizə!” Onun bu sözü Günəşlə oğluna aid idi.

      −Yox, örtmə, qoy uşağa yayın havası dəysin.

      Maşın geniş bir prospektə çıxdı, Fikrət çox asta sürürdü. Günəş bayıra tamaşa edir, nə haqdasa fikirləşirdi. Dəniz lap yaxında idi. Sahildə oynaşan köpüklü dalğaların şırıltısı eşidilirdi. Uzaqlarda sular gömgöy görünürdü.

      −Fikrət!

      −Ay can!

      −Ləpədöyəndəki o hündür, qara daş sənə tanış gəlmir?

      −Bəli, bilirəm nəyə işarə vurursan. Siz mənimlə olmasaydınız, bu dəqiqə çıxıb, lap paltarlı onun üstündən yenə suya tullanardım.

      O, istər-istəməz ilk görüş axşamını xatırladı. İndi isə ata olmuşdu.

      −Günəş, oğlumuza ad fikirləşməmisən?

      −Onu ananla məsləhətləşmək lazımdır.

      Fikrət bir siqaret çıxarıb damağına qoydu, uşaq yadına düşcək, tez ağzından alıb qırağa atdı. “Bundan sonra heç evdə də çəkməməliyəm” – deyə özlüyündə qət etdi.

      −Anamın arzusu odur ki, nəvəsini atamın adı ilə − Nadir çağıraq. Bilmirəm buna sən necə baxırsan?

      Fikrət əlini pəncərədən çıxarıb sola döndü. Günəş bir anlığa susdu. Nə cavab verəcəyini fikirləşdi. Əslində o, lap birinci gündən oğlu üçün “Gündüz” adını seçmişdi, indi daha bu sözdən sonra onu Fikrətə eşitdirməyin mənası yox idi.

      −Anan ixtiyar sahibidir. Madam ki, ürəyi istəyir, Nadir çağırarıq.

      −Çox sağ ol. Arvad yaman sevinəcək!

      Maşın şəhərin mərkəzində beşmərtəbəli bir binaya yaxınlaşanda yavaşıyıb, həyətə buruldu. Pəncərədən onların gəldiyini görən qarı evdən nə vaxt, necə çıxdığını bilmədi. Arvad şadlıqla irəli cumaraq nəvəsini qucağına aldı və titrək dodaqları ilə gəlininin alnından öpdü.

      −Əlində, ovcunda qalsın, ay qızım! – dedi. – Axır ki, bizim də bəxtimiz güldü.

      Bəli! Soltanovlar ailəsinə xoşbəxtlik gəlmişdi!..

      Onca dəqiqə sonra, evdə nənə uşağın bələyini açanda hamını dəhşət bürüdü! Günəş səsi gəldikcə heyrətlə çığırıb bayılmadımı?! Qıçları əsən qarı özünü ayaq üstə saxlaya bilmədiyindən divana yıxılmadımı?! Fikrət gözlərini yumub, ikiəlli başına vurmadımı?!.

      Günəşə doğum evindən oğlunun yerinə qız uşağı vermişdilər?

      İKİNCİ NOVELLA

      Müharibə qurtarmışdı.

      Əkrəm evə kor qayıdırdı. Dörd il cəbhələrdə odun-alovun içərisində vuruşarkən, həmişə − gecə də, gündüz də, doğma Bakını təzədən görmək, bir daha onun geniş küçələrində gəzmək arzusu ilə yaşayan Əkrəm, indi iki gözdən məhrum, çəliyini vağzalın daş pilləkənlərinə döyəcləyə-döyəcləyə qaranlıq, zülmət bir şəhərə enirdi. Evinə hansı yollarla, necə gedəcəyini bilmirdi.

      O, səkiyə düşcək bir kənara çəkilib ayaq saxladı, çamadanını yerə qoydu; üzü divara dayandı, tez-tez kirpik çalaraq fikirləşdi: “Görəsən, bir azdan qapının zəngini basanda, qarşıma kim çıxacaq? Yəqin ki, Yeganə! Bəs o məni görəndə nə edəcək? Sevindiyindən boynuma sarılıb uşaq kimi hönkür-hönkür ağlayacaqmı? Yoxsa… bu vəziyyətdə qayıtdığım üçün qonşuların yanında xəcalət çəkəcək? Eh!.. Mən də çox qəribə şeylər düşünürəm. Dörd il əvvəl Yeganə elə bu vağzaldan məni cəbhəyə yola salanda göz yaşları içərisində nələr deməmişdi: “Get, əzizim! Amanın günüdür, özündən muğayat ol! Məndən əsla nigaran qalma, həmişə yolunu gözləyəcəyəm, Əkrəmcan! Səni and verirəm istədiyinə, məktublarının arasını kəsmə, tez-tez yaz, sənə qurban olum, məni yaddan çıxarma!..”

      Elə bil Əkrəm indi də bu sözləri Yeganənin dilindən eşitdi; onun titrək, musiqili səsi qulaqlarında cingildədi.

Скачать книгу