Seçilmiş əsərləri. Ильяс Эфендиев

Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Ильяс Эфендиев страница 2

Жанр:
Серия:
Издательство:
Seçilmiş əsərləri - Ильяс Эфендиев

Скачать книгу

hesab oluna bilərdi. Həmişə birinci mükafatı o qazanardı. O, az zaman içərisində bizim aramızda təsəvvürə gəlməz bir hörmət qazandı. O, hamıdan gözəl geyinir, başını dik və məğrur tutaraq gəzir, həmişə teatrlarda birinci sırada otururdu. Pul xərcləməyə onda düşkünlük hesab olunacaq dərəcədə şiddətli bir arzu vardı. Onunla aşxanaya, teatra və qeyri yerlərə gedən adam əlini cibinə salıb pul xərcləmək istədikdə, o, dilxor olar və “mənim hesabımadır!” sözlərini o qədər şən və həvəslə söyləyərdi ki, adam onun diləyini pozmaq istəməzdi. İnsan ən sıxıntılı vaxtında belə, onun yanında özünü sərbəst və şən hiss edirdi. Ondakı bu tükənməz fərəh bir çoxlarını təəccübləndirirdi. Sanki öz taleyinin hökmünə tabe olaraq, o, güzgüyə baxıb heç bir zaman gülməməli imiş…

* * *

      Darülfünunda yuxarı sinif tələbələrindən tutmuş professorlara, hərbi müəllimlərə qədər hamı ona etimad bəsləyir və hörmət edirdilər. Lakin ona yalnız bir adamın münasibəti qəribə idi. Bu, bizim sinifdə oxuyan Gülara adlı bir qız idi. Həsən nə qədər çirkin idisə, Gülara o qədər gözəl idi. İri, qara gözləri tükənməz bir cəsarətlə yanırdı, qəşəng cizgili nazik dodaqları vardı. Üzündən gülüş əskik olmazdı. Özünü şax tutaraq, kimsəyə məhəl qoymadan getdiyi zaman bütün tələbələr arxasınca baxardılar. Hər işdə birinci olmaq üçün bu qızda qarşısıalınmaz bir həvəs var idi. Bilmədiyi bir şeyi başqası izah etdikdə və ya verilmiş bir məsələni sinifdə hamıdan qabaq Həsən həll edib verdikdə, qız utanar, qızarar, bəzən də özünü saxlaya bilməyərək, uşaq kimi ağlamaq dərəcəsinə gələrdi. O, heç bir vəchlə Həsənin itifikirli və qabaqcıl olmasına dözə bilmirdi. Etiraf edim ki, bizim içərimizdə bu qızla rəqabət edə biləcək yalnız Həsən idi. Gülaranın böyük bir həvəslə birincilik qazanmaq istədiyi bir işi Həsən heç bir güc sərf etmədən asanlıqla həll edir və hamını ötüb keçirdi.

      Xatirimdədir: bir dəfə yaz imtahanlarından birində Gülaranın yarım saat əlləşərək həll edə bilmədiyi bir məsələni Həsən beş dəqiqənin içində həll etdi. Bu zaman qız, Həsənə kin və qəzəb dolu amansız bir nəzər salaraq, tabaşiri əzib yerə tökdü. Çox vaxt Gülara haradansa elə çətin məsələlər tapırdı ki, bizim başımız taqqıldayırdı. Lakin, Həsən soyuqqanlılıqla məsələnin cavabını çıxardıqda, qız dərindən köksünü ötürər, alt dodağını dişləyərək heç kəsin üzünə baxmadan çıxıb gedərdi.

      Mühazirədə oturduğumuz zaman mən hiss edirdim ki, onun xəyalı müdərrisdən çox Həsənin ətrafında dolaşır. Əlini çənəsinə söykəyərək, oğrun baxışlarla onun hər bir hərəkətini, geyimini, qalstukunu, saçlarının vuruluşunu nəzərdən keçirirdi. Lakin mən bir dəfə də olsun, Həsənin Gülaranın üzünə dik baxdığını görməmişdim. Şən və zarafatcıl olmasına baxmayaraq, o, heç bir zaman bu qız haqqında danışmaz, onun tikanlı zarafatlarına heç bir cavab verməzdi. Bəzən bu qızın gözəlliyi haqqında söhbət düşdükdə, onun üzü birdən-birə tutular, qəti bir hərəkətlə dərhal söhbəti dəyişdirərdi. Bir dəfə hərbi təlim zamanı Gülara əlli mümkün xaldan qırx dördünü toplayaraq, birinci yerə namizəd oldu. Onun bu müvəffəqiyyəti cavan oğlanları heyrətləndirdi. Bu vaxt haradansa Həsən gəlib çıxdı. Bayaqkı küt susqunluq gurultulu bir canlanmaya çevrildi.

      – Bircə Həsən qalıb… görək də… Həsən, tüfəngi al! – deyə tələbələr oradan-buradan səsləndilər.

      Uşaqlar Gülaraya işarə ilə bir-birilərinə göz vururdular. Gülara qızğın bir təbəssümlə Həsənə baxırdı. Həsən tüfəngi götürüb hər dəfə nişan alarkən, Gülaranın dodaqları xəfifcə tərpənir, ürəyinin döyündüyü nazik paltarla örtülmüş döşünün tez-tez qalxıb-enməsindən bilinirdi. Həsən dördüncü güllədə otuz beş xal yığdı. Araya dərin bir sükut çökdü. Tələbələrdən bəziləri yavaşca sivişdilər. Ehtimal ki, onun qırx dörd xalı keçəcəyinə ümid etmədilər. Gülaranın üzü bir az açıldı, gözləri şən bir həyəcanla parladı. O, bir yerdə dayana bilmir, gah o yana, gah bu yana keçirdi. Doğrusu, burada mən də Həsənə ürək verdim. Bu, deyəsən, ona bir az toxundu. Mülayim bir nəzərlə mənə baxdı. Ani bir nişanla gülləni atdı.

      – Ura!!! – deyə hamı birdən qışqırdı.

      Güllə tam “10” rəqəminin üstündən dəymişdi. Qəribə burasıdır ki, Həsənin Gülara üzərindəki qələbəsi sanki hamının ürəyindən imiş. Şadlıq hamını bürüdü. Gülara bu istehzalı gurultunu hiss etməyirmiş kimi qəribə bir təbəssümlə Həsənə baxırdı. Heç bir zaman xatirimdən çıxmayacaq bu baxış o qədər dərin mənalar, şəfqətli, incə duyğular söyləyirdi ki, onları sözlə anlatmaq deyil, hiss etmək lazımdı. Mən gözəl qızın bu həzin və incə təbəssümündə, yaşla dolmuş gözlərində birinci dəfə olaraq, qüruru qırılmış, bakirə bir qız könlünün pərişan, əzgin həyəcanını duydum. Qürurlu bir gəncin məğlubiyyətinin nə demək olduğunu hiss etdim… Hamı gənc qıza, onun məğlubiyyətindən mülayimləşmiş zərif təbəssümünə kin və istehza ilə baxırdı. Sanki “hə, indi necəsən?” demək istəyirdilər. Guya ki, Həsənin çirkinliyində bu yazıq günahkar imiş. Mən, gözəl qızın o unudulmaz baxışında, birinci dəfə olaraq, çirkin dostuma qarşı mərhəmətmi, yanıqlıqmı, sevgimi, bilmirəm… incə, xoş bir şeyin titrədiyini və bunun xəfif bir ahla qurtardığını sezdim… Bu duyğu mənə həm xoş gəldi, həm də nə üçünsə izzəti-nəfsimə toxundu. O, “bəlkə də bu qəhrəman, lakin çirkin oğlanın yerində gözəl bir gənc görmək istəyirdi. Yoxsa, bunun belə olmadığına təəssüf edirdi… Kim bilir, bəlkə də onun məğlub könlündə cilvələnən aydın, şirin duyğular üzərinə çirkinliyin qara buludu çökürdü… Bəlkə də, gənc qız bu soyuq, eybəcər buludu könlündən qovmaq əzabı çəkir,” – deyə düşünürdüm.

      Həsən ona yaxınlaşaraq, üzünə baxmadan:

      – Pərt olmayın, Gülara, – dedi, – bu tamamilə təsadüfi bir işdir.

      Gülara boynunu azca sola əyərək, şəfqət qarışıq, bir növ, istehzalı təbəssümlə “doğrudanmı?” – deyə kəlməni xüsusi bir əda ilə uzatdı. Həsən heç bir cavab vermədən sakitcə uzaqlaşdı.

* * *

      Bu hadisə biz üçüncü kursda oxuduğumuz ilin baharında oldu.

      Bundan sonra Həsənin hərəkətlərində kəskin bir dəyişiklik əmələ gəldi. O, birdən-birə soyuq, sakit və fikirli oldu. Hiss edilmədən gəlib yerində əyləşir, dərs qurtaran kimi də hara isə gedirdi. Demək olar ki, kimsə ilə danışmırdı.

      Gülara da son zamanlarda büsbütün dəyişmişdi. Gözlərində kədər qarışıq mülayim bir ifadə yaranmışdı. Fikri dağınıqdı, artıq birincilik üçün atılıb-düşməyən sakit bir qız olmuşdu.

      Mən hiss edirdim ki, Həsənin həmişə ondan qaçmasına baxmayaraq, Gülara hər bir fürsətdən istifadə edib, onunla danışmaq istəyir, bəzən çox ehtimal ki, özünün də həll edə biləcəyi bir məsələni “çətindir” – deyə Həsənə həll etdirir, məzəli sözlərlə onu güldürməyə çalışırdı…

Скачать книгу