Ölü canlar. Николай Гоголь
Чтение книги онлайн.
Читать онлайн книгу Ölü canlar - Николай Гоголь страница 9
Nahar qurtardı, ayağa durdular. Manilov son dərəcə məmnun idi; əlini Çiçikovun kürəyinə qoyaraq, onu qonaq otağına aparmaq istəyirdi ki, birdən qonaq çox ciddi bir tövrlə, çox mühüm bir iş haqqında onunla danışmaq niyyətində olduğunu bildirdi.
Manilov:
– Onda icazə verin kabinetimə buyurmağınızı sizdən xahiş edim, – deyərək Çiçikovu, pəncərələri meşəyə baxan kiçik bir otağa apardı. – Bu da mənim guşəm.
Çiçikov otağı gözdən keçirərək dedi:
– Ürəyə yatan bir otaqdır.
Otaqda doğrudan da ürəyə yatan cəhətlər vardı: divarlar boza çalan mavi bir boya ilə rənglənmişdi; burada dörd stul, bir kreslo, bir stol, stolun da üstündə, yuxarıda qeyd etdiyimiz, arası əlfəcinli bir kitab, bir neçə vərəq yazılmış kağız, xeyli də tütün vardı: tütün o biri şeylərin hamısından çox idi, özü də müxtəlif şəkildə: kartuzda, tütün qabında qoyulmuşdu, bir yığın da stol üstünə tökülmüşdü. Pəncərələrin hər ikisində çubuqdan boşaldılmış və səy ilə çox qəşəng sıralarla yan-yana düzülmüş kül yığınları görünürdü. Aydın bilinirdi ki, ev sahibi vaxtını bəzən belə şeylərlə keçirir.
Manilov dedi:
– İcazə verin bu kresloda əyləşmənizi sizdən xahiş edim. Bura sizin üçün daha rahat olar.
– İcazə verin, stulda oturum.
Manilov gülümsəyə-gülümsəyə:
– İcazə verin mən bunu sizə icazə verməyim, – dedi. – Bu kreslo ancaq qonaq üçündür: istəsəniz də, istəməsəniz də oturmalısınız.
Çiçikov oturdu.
– İcazə verin sizi çubuğa qonaq eləyim.
Çiçikov mehribanca və təəssüf ifadə edən səslə dedi:
– Mən tütün çəkmirəm.
Manilov da mehribanca və təəssüf ifadə edən bir səslə soruşdu:
– Niyə?
– Adət eləməmişəm, qorxuram, deyirlər ki, çubuq adamı qurudur.
– İcazə verin mən sizə ərz edim ki, bu doğru fikir deyil. Mən hətta belə güman edirəm ki, çubuq çəkmək burunotu çəkməkdən çox-çox yaxşıdır. Bizim polkda bir poruçik vardı, çox gözəl və çox oxumuş adamdı, çubuğu o nəinki süfrəyə oturanda, hətta, ayıb da olsa, başqa yerlərə gedəndə də ağzından çıxarmazdı. İndi onun yaşı qırxdan ötüb, amma, şükür allaha, hələ də elə sağlamdır ki, heç olmayan kimi.
Çiçikov dedi ki, doğrudur, belə şey ola bilər, insanın təbiətində bir çox şeylər var ki, hətta böyük ağıl sahibi olanlar da bunun səbəbini izah edə bilmirlər.
– Ancaq, icazə verin, əvvəl mənim bir xahişim var… – Çiçikov bunu elə bir səslə dedi ki, bu səsdə qəribə, ya qəribə olacaq dərəcədə bir ifadə vardı və bunu deyəndən sonra nədənsə dönüb geriyə baxdı. Manilov da nədənsə dönüb geriyə baxdı. – Siz çoxdanmı iltifat buyurub təhkimli kəndlilərin siyahısını vermisiniz?
– Bəli, çoxdan vermişəm, doğrusu heç yadımda deyil.
– O vaxtdan bəri sizin çoxmu kəndliniz ölmüşdür?
– Bundan xəbərim yoxdur. Mən belə güman edirəm ki, bunu prikazçikdən9 soruşmaq lazımdır. A gedə, prikazçiki çağır gəlsin, bu gün o burada olmalıdır.
Prikazçik gəldi. Onun qırxa yaxın yaşı olardı, saqqalını qırxdırmışdı, əyninə sürtuk geymişdi, görünür o çox rahat həyat keçirirdi: dolğun üzü elə bil ki, şişmişdi, sarıya çalan dərisi və xırda gözləri onun pərqu döşəklərə və nazbalışlara çox yaxşı bələd olduğunu göstərirdi. Baxan kimi bilmək olurdu ki, bu fəaliyyət sahəsinə o da başqa mülkədar prikazçikləri kimi gəlib çıxmışdır: əvvəl ağa evində yazı-pozu bilən kiçik nökər olmuş, sonra xanımın istəkli qulluqçularından birisilə – təsərrüfat işlərinə baxan bir qadınla evlənmiş, sonra isə özü təsərrüfat işlərinə baxmış, bundan sonra da prikazçik olmuşdur. Prikazçik olandan sonra da məlum şeydir ki, başqa prikazçiklər kimi hərəkət etməyə başlamışdır: kənddə daha çox varlı olan adamlarla durub-oturmuş, onlarla dostluq etmiş, kasıbların töycüsünü artırmış, səhər saat doqquzda yuxudan durmuş, samovar gözləmiş və çay içmişdir.
– Dost, mənə bax görüm, kəndlilərin siyahısı tutulandan sonra bizdə neçə kəndli ölmüşdür?
– Necə yəni? O vaxtdan bəri çox kəndli ölüb. – Prikazçik bunu deyib əlini sipər kimi ağzına qoyaraq hıçqırdı.
Manilov onun sözünə əsaslanaraq dedi:
– Bəli, etiraf edirəm ki, mən özüm də belə düşünürdüm. Bəli, çox kəndli ölmüşdür! – Çiçikova sarı dönərək əlavə etdi: – Doğrudur, çoxları ölmüşdür.
Çiçikov soruşdu:
– Məsələn, nə qədər olar?
Manilov da onun sözünü təkrar etdi:
– Hə, nə qədər olar?
– Nə qədər olduğunu hardan bilmək olar! Məlum deyil axı, ölənləri heç kəs saymayıb.
Manilov Çiçikova sarı dönərək:
– Bəli, bəli, heç kəs saymayıb, – dedi, – mən də elə güman edirəm ki, ölən çoxdur. Ancaq heç məlum deyil ki, nə qədər ölmüşdür.
Çiçikov prikazçikə dedi:
– Rica edirəm, sən get onları say, hamısının da adbaad siyahısını tut.
Manilov da son sözləri təkrar etdi:
– Bəli, hamısının da adbaad siyahısını tut.
9
Приказчик (