Təyyarə kölgəsi. Алибала Гаджизаде
Чтение книги онлайн.
Читать онлайн книгу Təyyarə kölgəsi - Алибала Гаджизаде страница 7
– Yazıqlar! – deyə arvadının sözünü təkrar elədi.
– İş stajı nə qədərdir? – Yusif xəbər aldı.
– On səkkiz ildi.
Sədəf özünü saxlaya bilməyib yenə söhbətə qarışdı:
– Ay Cahangir, elə deyəsən, səninlə bir işə başlayıb o yazıq.
– Hə. Qəribədir… bir ildə, bir gündə doğulmuşuq, bir ildə işə getmişik, bir ildə evlənmişik. Rəhim anadan olan ili onun da oğlu olub. – Cahangir nədənsə qorxmuş kimi, tez əlavə elədi: – bircə fərqimiz var; o ölüb, mən hələ sağam…
– Pensiya kəsərlər.
– Təxminən nə qədər, Yusif?
– Vallah, indi hələ bir şey deyə bilmərəm. Gərək onun bütün sənədləri, kağızları əlimizdə ola ki, bilək nə qədər.
Araya ağır bir sükut çökdü.
– Yusif, – deyə nəhayət, Cahangir asta-asta dilləndi, – mən onun sənədlərini hazırlayacağam. Sənin yanına gətirəcəm. İşdi, əgər mən gətirə bilməsəm, Sədəf özü gətirər, ona kömək eləyərsən, onlara təqaüddən-zaddan bir şey düzəldərsən.
– Mən tanımıram ki, Yusif qardaş işləyən yeri.
Cahangir papiros çəkən deyildi, ancaq Sədəfin bu sözündən sonra Yusifin qutusundan bir siqaret götürüb yandıraraq sümürdü və daha heç nə demədi.
İyirmi gün keçdi, Cahangir bir qarlı qış axşamı yatdı, səhər isə durmadı. Deyirlər, hər gecədən sonra bir səhər açılır. O gecə isə Cahangirin sonuncu gecəsi oldu, çünki o gecənin dalınca onun üçün bir də heç vaxt səhər açılmayacaqdı…
Anasının danlağından hələ də qırışığı açılmayan Rəhim köhnə, ağarmış bufetə sarı getdi, stəkanın içindən pul bükülüsünü gətirib Sədəfin qabağına qoydu:
– Pensiyanı gətiriblər…
Sədəf pula gözünün ucuyla da baxmadı. Onun xəyalında Cahangirin nigarançılıq həkk olunmuş solğun sifəti, qarlı qış günü qəbiristanlığa doğru gedən izdihamlı küçə, kişinin yeddisi çıxandan sonra masasının üstündən tapılan göy rəngli qovluq canlandı. Qulaqları küyüldədi, bacısı Nadirənin təzə qonşusunun “qulluqçu” sözü beynində uğuldadı.
Gözlərində yaş gilələndi. Belə hallarda ürəyinə dolub onu ovundurmağa çalışan hiss indi də ruhunun dərinliklərindən oyanıb təskin etdi. Sədəfə elə gəldi ki, Cahangir ölməyib, harasa uzun müddətli uzaq bir səfərə gedib, maaşının yarısını da ailəsinə göndərir, hər ay göndərir, hər ay…
BEŞİNCİ FƏSİL
Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.
Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşəng, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda…
Gülmirənin yanaqlarını xoşbəxtlik, sevinc daha da allaşdırmışdı. Onun baxışlarında sonsuz bir məmnunluq və qürur vardı. O, Əqdəmin yanında olanda həmişə özünü belə hiss edirdi. Onların oturacaqlarının yanından gəlib keçən adamların Gülmirənin gözəlliyinə, gəncliyinə heyrətlə, məftunluqla baxa-baxa keçmələri bu qüruru, bu məftunluğu bir az da artırırdı.
Gülmirə bu dəqiqələrdə elə cazibədar idi ki, baxanlar bir də dönüb baxırdılar. Xüsusilə bəzi kişilərin həris baxışlarını öz üzərində hiss eləyən Gülmirə həyəcanlanmaya bilmir, gah ağ koftasının ətəyini dartışdırır, gah özünü itirib başını aşağı dikir, gah da çarəsizlikdən qımıldanmır, oturduğu kimi dayanıb tərpənmirdi. Əqdəm özünü elə tutmuşdu ki, guya onların heç birini görmür, hiss eləmir. Amma, əslində o, gözucu hər şeyə diqqət yetirirdi. Əqdəmin zahiri laqeydliyi və sakitliyi Gülmirəni içəridən narahat edirdi: “Bəlkə, Əqdəmdə qısqanclıq hissi yoxdur? Əgər elə isə…demək, sevmir?” Gülmirə ağlına gələn bu ani fikirdən üşüyən kimi oldu və Əqdəmi sınamaq üçün dedi:
– Adam elə buna görə şəhərə çıxmaq istəmir də!..
– Nəyə görə, Gülü? – Əqdəm çevrilib Gülmirəyə baxdı.
– Hamısı adama elə baxır ki… – Gülmirə nə üçünsə “kişilərin” sözünü dilinə gətirməkdən ehtiyat elədi. – Elə bil heç qadın görməyiblər…
Əqdəm dinmədi. Gülmirə yenə başını onun çiyninə söykəyib:
– Sən məni o baxışlara qısqanmırsan, Əqdəm? – deyə xəbər alanda Əqdəm çox sakit və arxayın bir səslə:
– Yox, Gülü, – dedi.
Gülmirə, doğrusu, bu cür cavab gözləmirdi. Odur ki, ərköyün bir uşaq kimi özünü yırğaladı:
– Onda, demək, məni istəmirsən, eləmi?
– Sən niyə elə fıkirləşirsən, Gülü?
– Deyirlər, qısqanclıq məhəbbətin yol yoldaşıdır, qısqanclıq olmayan yerdə məhəbbət də olmur.
– Düz deyil, əzizim. Qısqanclıq məhəbbətin zəhəridir. Onu həmişə öldürməyə, məhv etməyə çalışır. Bir də qısqanclıq inamsızlıqdan irəli gəlir.
– Sən mənə inanırsan?
– Çox!.. Özüm qədər, Gülü! Mən burdan gedəndə həmişə arxayın gedirəm. Elə bilirəm burda arvad yox, kişi qoyub gedirəm…
Bu sözlər Gülmirənin xoşuna gəldi, onun ürəyində baş verən narahatlığın üstünə su çilədi; o, nazla gülümsünərək başını yenə Əqdəmin çiyninə söykədi.
– Mən nə qədər xoşbəxtəm!.. Sən mənim yanımda olanda həmişə özümü bəxtəvər hesab eləyirəm,