Qarlı aşırım. Фарман Керимзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Qarlı aşırım - Фарман Керимзаде страница
Şaxta da zərgərdi. Yarğan üstündə bitən ardıcın budaqlarından sallanan buz salxımlarında minbir naxış açıb.
Yaz-yay şaqqıldayıb axan çayın dalğaları öz şəklini itirmədən donub, sanki yüzlərlə sənətkar dərələrdə şaxələnən, kainatda tayı-bərabəri tapılmayan almazı cilalayıb. Ağ ayılara oxşayan təpələr bir-birinə sığınıb, dərələri elə bil balta ilə şaqqalayıblar.
Papaq-papaq ələnən qar pərdəsində çil-çil görünən atlılar çaya qədər enən qayanın qabağına çıxdılar. Yüyənləri dartdılar. Qarı naxışlayan nallı ayaqlar yan-yana düzülürdü. Dairə qovuşdu.
«Çatdıq!..»
«Sərhəd» buradan başlanırdı. Küləklərin yalayıb qırğı dimdiyinə bənzətdiyi nəhəng qayanın o üzündə tüfəngini dizlərinin arasında saxlayan keşikçi mürgüləyirdi. Tək bir adam burada ordu batırar. Yolla gedən hər kəs əvvəlcə osmanlı üçatılanının nişangahına çıxmalıdır. Bir barmaq hərəkəti bəsdir. At da, üstündəki adam da gurultu ilə qırx arşınlıq quyu kimi dərin uçuruma düşməlidir. Güllənin səsi qayadan qayıdanacan neçə adamı birincinin dalınca göndərmək olar.
Bu üç atlı da həmin nişangahdan keçməlidir. Bir-bir, sürüşməmək üçün asta-asta…
Kiçik çillə düşəndən, gediş-gəliş çətinləşəndən bəri bu qaya sərhədə çevrilmişdi. Otuz-qırx evlik Qarabağlar kəndinə sığınan Kərbəlayı İsmayıl xəbər göndərmişdi ki, mən Şura hökumətini tanımıram.
Bundan sonra Qara qaya xəbər-ətərin də qabağına sədd olmuşdu. Dağıdılan kolxozlardan, onların rəhbərlərindən heç bir səs-soraq yox idi. Hər iki tərəf bir həftəyə qədər susdu. Qolçomaq qiyamı barəsində mərkəzə xəbər verdilər. Partiya komitəsinin katibi Şabanzadə tələb etdi ki, Araz sahilindəki sərhəd qoşunundan dəstələr ayırıb qiyamı yatırmağa göndərsinlər. Bundan əlavə, kommunistləri səfərbərliyə almaq üçün uzun siyahılar tutdurdu, tüfəngləri saydırdı, atları hesaba aldırdı, xəyalında dəstələr yaratdı, onlara komandirlər təyin etdi.
Rayondakı kişilərin, demək olar ki, hamısı silah işlətməyi bacarırdı. Neçə il bundan əvvəl Türkiyədən keçən daşnaq dəstələri ilə üz-üzə dayanmış, gecə-gündüz səngərdən çəkilməmişdilər. Sonra da Abbasqulu Şadlinskinin komandirlik etdiyi «Qırmızı tabor» dəstəsində vuruşa-vuruşa Naxçıvanı qorumuş, Sovet hökuməti qurmuşdular. Kolxozları təzə yaradırlar. Varlılar öküzlərini, arabalarını, xışlarını kolxoza əlüstü yazılan yoxsullara vermək istəmirdilər. Şayiə yayırdılar, sabotaj düzəldirdilər, həvəslənənləri çəkindirirdilər. Belə bir vaxtda qiyama qol-qanad vermək ağır nəticələrə səbəb olardı. Şabanzadə sərhəd dəstəsinin köməyi olmadan da Kərbəlayı İsmayılın qiyamını yatırdardı, amma icazə gözləyirdi.
Beli tapançalı «Sekretni poçtalyon» Şabanzadəyə bir məktub gətirdi.
Şabanzadə üç yerindən surğuclanıb möhürlənmiş zərfi açdı, orada kiçik bir məktub vardı. Oxudu. Ayağa qalxıb sözləri ürəyində təkrarlayaraq gəzinməyə başladı. «Sözü ötən ağsaqqal adamları, möhkəm əqidəli kommunistləri qiyamçıların arasına göndərin. Səhv yola düşdüklərini onlara izah edin. Görəcəyiniz tədbir haqqında məlumatınızı gözləyirik. Sizə kömək üçün bir nəfər mühazirəçi ezam edəcəyik».
Şabanzadə parıldayan çəkmələrini cırıldada-cırıldada xeyli gəzindi. Bu səs onu daha da əsəbiləşdirdi. Dayandı. Pəncərədən çölə baxdı. Sobanın pəncərədən çıxarılmış borusundan daşlanan tüstü elə burulur, elə yayılırdı ki, o yanda heç bir şey görmək mümkün deyildi.
«Əzab-əziyyətlə qurduğumuz kolxozları dağıdıblar. Quldurların ayağına getməliyik, yalvarmalıyıq… Bir belə də hövsələ olar? Əgər Kərbəlayıya gücümüzü göstərməsək, özgə kəndlərdə də qiyam başlanar. Deyərlər ki, o, kolxozları dağıtdı, nə elədilər ki, bizə də nə eləyələr. Bəs niyə belə məsləhət görürlər? Başa düşə bilmirəm».
Bir saat keçməmiş Şabanzadənin hirsi soyudu. Məktubda yazılanlar ona təbii göründü. «İnsan əyri yola düşə bilər. Onu başa salmaq, düz yola qaytarmaq lazımdır. Birdən-birə qılıncı boynuna qoymağa nə var ki…
Həmişə elə bilirdim hövsələli adamam. Partiyanın səbrinə sahib olmağa hələ çox qalıb.
Yaxşı, kimi göndərək? Kərbəlayı İsmayıl qan-qan deyir, yanına heç kimi buraxmaz. Onun tanıdığı, inandığı hörmətini saxladığı adam getməlidir. Gedən həm ağsaqqal, həm möhkəm əqidə sahibi, həm dilavər, həm də igid olmalıdır. Kərbəlayını siyasətlə udmalıyıq. Onu bu yolla kolxoza gətirə bilsək, qazanacağıq. Özü də qazanacaq».
Kabinetə bitişik kiçik bir otaq vardı. Barmaqlıqlı pəncərəsi bağçaya baxırdı. Şabanzadə çarpayını otağın küncünə elə qoymuşdu ki, uzananda döşünün üstündə tutduğu kitabı gecələr çıraq, dan yeri ağaranda isə yalnız quzeyi görünən dağ silsiləsində parıldayan səhər şəfəqləri işıqlandırsın. Çarpayının yanındakı kibrit yeşiyinin üstünə qəzet çəkilmişdi. Ora stəkan-nəlbəki, çaydan, qab-qaşıq yığılmışdı. Qapı ilə üzbəüz qoyulmuş şkafın gözləri kitabla dolu idi. Şabanzadə buraya keçmişdi. Çarpayıda uzanmışdı. Əllərini ağ saçlarında daraqlamışdı.
Çoxdan olan işdir. Qohumlarına qoşulub bu kəndə biçinə gələrdi. Abbasqulu bəy haqqında o vaxt eşitmişdi:
«– Abbasqulu bəy gələn yerdə qan bağlanar».
Qalxdı. İki stəkan çay süzdü. Kabinetə keçib birini öz qabağına, digərini Abbasqulu bəy oturacağı stulun qabağına qoydu. Dünəndən tapşırmışdı ki, onu çağırsınlar, bir azdan burada olacaqdı.
Şabanzadə qırışlarla dövrələnmiş mavi gözlərini buğlanan stəkana dikdi.
Şabanzadə bura katib işləməyə gələndə Abbasqulu bəyin şəxsi işinə baxmışdı. Onun partiyaya qəbul edildiyi iclasın protokolunu dönə-dönə gözdən keçirmişdi: «Qırmızı tabor»un komandiri, «igid», «cəsur», «böyük hörmət sahibi», «ordenli» sözləri gözünə tez-tez dəymişdi. Son kəlmələri isə ucadan oxumuşdu. «Lehinə – 51 nəfər, əleyhinə – yoxdur». «Böyük işdir, – demişdi. Keçmişinə baxmayaraq onu partiyaya qəbul eləyiblər. Pis iş də görməyiblər» .
Şabanzadə Abbasqulu bəylə çox qarşılaşmışdı. Ciddi məsələlərdən söhbət salmışdılar. Fikirlərinin uyğunu da olmuşdu, uyğunsuzu da. Amma bu söhbət heç birinə bənzəməyəcək…
– Yəqin ki, xəbərin var.
– Bəli.
Yox, belə yaramayacaq.
– Kərbəlayı İsmayıl haqqında fikrin nədir?
O bu suala nə cavab verər? Birdən ağlına özgə fikirlər gələr, deyər ki, məni təzədən imtahana çəkirsiniz. Belə yerdə ağır, sərt cavab verər. O heç vaxt ürəyindən gələni dilində düyünləyib saxlamır. Güllə qabağına sözlə çıxır. «Bəs söhbətimiz necə başlasın?»
Şabanzadə yanına çağırdığı adamla aparacağı söhbəti əvvəldən bu qədər götür-qoy eləməzdi…
Qapı açıldı. Şapkasının günlüyü buz bağlamış uzun şinelli adam üstünün qarını dəhlizin döşəməsinə tökərək birbaş ona tərəf gəldi. Katibin gözləri şinelin döşündəki qırmızı, ensiz lentə sataşdı. Ordenin tutqun parıltısı nəzərindən yayınmadı. Onu partiyaya götürəndə bu parıltının böyük köməyi olub. Şura hökumətini qurmaq yolunda əziyyət çəkib, qan töküb, orden alıb. Onun hər tapşırığına da gedər.
Görüşdülər. Abbasqulu