Qarlı aşırım. Фарман Керимзаде

Чтение книги онлайн.

Читать онлайн книгу Qarlı aşırım - Фарман Керимзаде страница 5

Жанр:
Серия:
Издательство:
Qarlı aşırım - Фарман Керимзаде

Скачать книгу

aşağı endi. Daşlı cığırda ehmal-ehmal yeridi. Əyilmiş nalı buzu şüşə kimi çilik-çilik elədi. Yerdə buzun duza bənzər ovuntusu qaldı.

      Xəlil də atını sürdü. Talıbovla bərabərləşdi. Baxışdılar. Xəlil hiss etdi ki, Talıbovun halı dəyişib. Kənddən çıxanda belə deyildi. Əvvəl qabağa düşən indi yüyəni dartır, geri qalırdı.

      Talıbovun ürəyindən qopub gələn bir səs deyirdi ki, o, Abbasqulu bəyə inanmasın, dar ayaqda, ölüm məqamında Kərbəlayı İsmayılın tərəfinə keçə bilər.

      Budunda tapançanın soyuq təmasını hiss edib qolunda qüvvə duydu. Onlardan gizlin silah götürdüyünə görə özünə haqq qazandırdı.

      Bundan sonra üçüncü at da nişangahın qabağından keçmək üçün aşağı endi.

* * *

      Daşlar diyirlənib aşağıdakı qayalara dəydi. Dərədə gurultu qopdu. Bu, dağ uçqununun səsinə bənzəyirdi. Keşikçi gözlərini açdı. Daha mürgüləmək vaxtı deyildi. Tüfəngi üzünə qaldırdı. Çaxmağa əl atdı. At fınxırtısı eşitdi. Qayanın arxasından atın qulaqları, alnına tökülmüş xına rəngli yalı, geniş açılmış burun pərləri göründü. At ehtiyatla yeriyir, hərlənən səhnələrdəki kimi yavaş-yavaş böyüyür, bütövləşirdi.

      – Kimsən, dayan, vuracağam!

      At elə kişnəyirdi ki. Keşikçi tüfəngin qundağını çiyninə söykəyib çaxmağı nə qədər dartdısa, yerindən tərpədə bilmədi. «Kərbəlayı anamı ağlar qoyar…» fikri beynindən ildırım kimi keçdi.

      – Ədə, Rəsul!

      Onun çağırdığı adam qayanın kahasında ocaq qalayıb qızınırdı. Əllərini quş qanadı kimi alovun üstündə qoşalaşdırmışdı. Kirpiyə oxşayan gəvən kolu arabir tüstülənir, kötüyün ucuna yığılan köpük cızıldayır, buğlanırdı. Gəvənin asqırdıcı iyi daşın dalında dayanmış keşikçiyə çatırdı. Lakin onun çağırışını kürkünün boyunluğunu qaldırmış Rəsul eşitmirdi. Qaya uçub kahanın ağzına tökülsə də, xəbəri olmazdı, kar idi.

      Atın boynu, cilovun haçalandığı nöqtədəki iri əl, şinelin qolu, yəhərə sıxılmış diz də göründü.

      – Bıy, bu ki, Abbasqulu bəydi…

      Keşikçinin qoyun dərisindən tikilmiş yastı-yapalaq papağının üstündə qar ağarır, islanıb lülə-lülə olmuş saçaqlar qaşlarının, qulaqlarının yanlarından sallanırdı.

      Şüşə düyməyə bənzəyən gözləri parıldayırdı.

      «Abbasqulu bəydi. Heç ona güllə atmaq olar?! Deyirlər qurandan köynək geyir. Güllə kar eləmir, dəyir, düşür yerə», Davalardan sağ-salamat çıxmış Abbasqulu bəyə hərə bir əfsanə uydurmuşdu. Guya onu güllədən saxlayan quranlı köynəyi idi.

      – Dayanın!

      Abbasqulu bəy yüyəni dartıb atı saxladı.

      O, ölüm haqqında fikirləşməzdi. Güllədən qorxub əkinməzdi. Ancaq hər dəfə insanların ölümünü görəndə ehtiyat etdiyi bir məsələ yadına düşərdi: ucuz ölüm! Ad-sanla yaşamışdı, çətin vuruşmalardan çıxmışdı, güllələr onun bədənini tikan kimi də cızmamışdı. İndi bu səs onun yadına ucuz ölümü saldı. Birdən güllə atar. Vurmasa da atı hürkütməyi bəsdi. Geri qayıtmaq da olmaz.

      O dönüb üzünü qayalara çevirdi. Ona qəribə gəldi ki, adamla yox, qayalarla danışır. Çünki insan özünü gizlətmişdi, qayalar isə onunla üz-üzə dayanmışdı.

      – Biz Kərbəlayı İsmayılın qonağıyıq. Onun evinə gedəcəyik.

      Sanki uca qübbəli, geniş salonlu teatrın səhnəsindən danışırdı. Yüz səsli xor da Abbasqulu bəyin dediklərini təkrar edirdi: «Onun evinə gedirik… Onun evinə… Onun…»

      Bir-birindən aralı dayanmış carçılar Abbasqulu bəyin dediklərini təkrarlayır, Kərbəlayı İsmayıla çatdırırdı.

      Sanki carçıların da hamısı bu qayalar boydaydı, nəhəng, bədheybət və donuq… Abbasqulu bəyə elə gəldi ki, bu carçıların hərəsi bir tüfəng götürüb lüləsini ona tərəf çevirib, atəş açacaqlar.

      Keşikçi cavab verdi:

      – Kərbəlayı xəstədi, heç kəsi yanına buraxmır.

      Abbasqulu bəy atını irəli sürdü:

      – Qonağa xoş gəldin deyərlər.

      – Qonaq allahındır, allaha qurban olum. Ancaq onu vaxtında göndərməyib.

      – Kərbəlayıya xəbər ver ki, Abbasqulu bəy Şadlinski onun yanına gəlir.

      Keşikçi onu tanıdığını bildirmək istəmirdi. Bu gəlmələrdən sonra inad qırıldı. Bu keşikçi Yadullanın meyitini öz əlləri ilə yumuşdu. Söhbət düşəndə «yumuşam» yox, «suya tutmuşam» deyirdi. Çünki meyitin hər əzası bir tərəfdə qalmışdı. Onu qaytaran da Abbasqulu bəy olmuşdu. Hər dəfə bu barədə söhbət salanda onun adını çəkməyi unutmurdu, atasına rəhmət oxuyurdu. Abbasqulu bəyin Qarabağlardan ehtiramla, lap padşah kimi yola salındığını gözləri ilə görmüşdü. İndi ona hörmət eləməsə, Kərbəlayı İsmayılın qəzəbinə gələcəyindən qorxdu.

      O, barmağını tətikdən çəkdi:

      – Bəy, yanında adam çoxdu?

      – Üç nəfərik. Ədə, daşın dalında gizlənibsən, sifətini görmürəm. Kimsən axı, de görüm?

      – Səməndərəm də, bəy!

      – Hansı Səməndər?

      – Kərbəlayının evində sizə qulluq eləmişəm.

      Abbasqulu bəyin o məclisdən yadında qalan iri bir məcməyi idi. Aşı dağ kimi qalamışdılar. Bir də çoxlu kədərli, gözüyaşlı, alnı qırışlı sifət görmüşdü. Ağappaq aş dağlarına uzanan əllər gözünün qabağına gəldi. Əzən, dağıdan, parçalayan qabarlı və qabarsız əllər. Sifətləri ayrı-ayrılıqda gözlərinin önünə gətirmək istədi. Yox, xatırlaya bilmədi.

      – Sən ki, məni tanıyırsan, onda bir yaxşılıq elə.

      – Düzü, üç nəfərsiniz?

      – Mən sənə yalan deyirəm?!

      – Yaxşı, bir az gözləyin.

      Səməndər papağını tüfəngin qundağına yatırtdı ki, desinlər yerindədir. Kahaya getdi. Əyilə-əyilə qaçdı ki, onu görməsinlər. Yoldaşları ona çoxbilmişliyinə görə «Keçəl Həmzə» deyirdilər.

Скачать книгу