Həqq Məndədir. Имадеддин Насими
Чтение книги онлайн.
Читать онлайн книгу Həqq Məndədir - Имадеддин Насими страница 3
«Kim büsati-eşq içində oynadı şətrənci-zat…»
Kim büsati-eşq içində oynadı şətrənci-zat,
Otuz iki istivadır mə’ni içrə kainat.
Rast oyna sən dəxi həm evlərini yaxşı gör,
Ta müdam olmayasan eşq evində şaha mat.
Mat olsa bu vücudun, eşq evin xali qılar,
Eşq evin kim qıldı xali, ta əbəd tapdı məmat.
Külli-şey’ oldu mühitü ta həyati-cavidan,
Yəxrücül-meyyit oluban tapdı ol zatü sifat.
Çün sifatın zat oldu, qıldı ol mə’nil-hüruf,
Surəti-vəchin içində oxuram mən eyni-zat.
Zahirən qıldın niyyət sən dil ilə, yoxdur könül,
Niyyətin təsdiq olunmaz, ol namazın lasəlat.
Niyyətin ola dürüst kim, mənliyin başdan gedə,
Mənliyin kim getdi isə məhv oldu səyyiat.
Ey Nəsimi, salik oldun, mə’rifət yetdi sana,
Ol nisabi-mə’rifətdən müstəhəqqə ver zəkat.
«Mən xərabati-əzəldən məstü heyran gəlmişəm…»
Mən xərabati-əzəldən məstü heyran gəlmişəm,
Eşq ilə yekrəng olub şadanü xəndan gəlmişəm.
Saqiyi-inni-ənəllah cür’əsindən ta əbəd
Məstü məstan, xəlvətindən məstü məstan gəlmişəm.
Həqdürür qövli-ənəlhəq də’visi həqqa ki, mən
Şahi-sultan məclisindən şahi-sultan gəlmişəm.
Yaxmışam, yandırmışam, kül qılmışam zərratımı,
Lacərəm külli kül olub məhrəmi-can gəlmişəm.
Mövc ilə, eşq ilə canım dürlü-dürlü dür saçar,
Bu giransız eşq ilə dəryayi-ümman gəlmişəm.
Tahiri qüdsi deyən ruhül-əmindir məntiqim,
On səkiz min aləmin sirrinə pünhan gəlmişəm.
Məqsədi-kövnü məkan sənsən, Nəsimi, çün bu gün
Nə əcəb gər derisəm mən sirri-sübhan gəlmişəm.
«İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafil…»
İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafil,
Nə buldun uyxudan göstər, nə qıldın uyxudan hasil?
Məgər həqdən ziyan gördün ki, batil qövlə yapışdın,
Çevirdin üzünü həqdən, saqın kim, həq degil batil.
Əzazilin sözün dutma, anın vəsfasına uyma
Ki, iblisə uyan olmaz könül məqsuduna vasil.
Vəfasız dünyanın mehrin gedir könlündən, aldanma
Ki, dünya əhlinə hərgiz müti’ olmaz dedim uş bil.
Bu taqü təmtəraqı qo ki, dövranı bu dünyanın
Keçər hər növ ilə dutsan, gərək asan, gərək müşkil.
Yalançı nəfsə uymuşsan, qucarsan dünyayı neyçün?
Məgər həqqi unutmuşsan ki, oldun dünyaya mail?
Məsihi-zat ikən, billah, nədən div olmaq istərsən?
Məgər cinnidürür əslin, deyilsən rəhmətə qabil?
Sədəf xas olmaz incusuz, bu rəmzi anla, fəhm eylə,
Bu sirri bilməyən bil kim, nə xaric oldu, nə daxil.
Bu göftarın işaratı dərindir, əql ana irməz,
Nə bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aqil?
Neçə məf’ulü-faildən, neçə məs’ulü saildən,
Əgər danasan, anı bil ki, sənsən mütləqa fail.
Əgər gözlüsən, ey gizlü, vücudun şəhrinə gir gör
Nə mə’dənsən, nə gövhərsən, nə dəryasan, nə xoş sahil!
Vücudun şirkini məhv et, vücudi-vahidə fərd ol
Ki, zati-fərd vahiddən bu məsəl oldu, ol sail.
Nə axır sənsən ol gövhər kim, adın gizli gənc oldu,
Nədir halın kim, olmazsan özündən vaqif, ey zail!?
Hava camından əsrüksən, həvəs ardına düşmüşsən,
Bu ağulu şərabı qo kim, oldur şərbəti-qatil.
Nəsimi sirri-ma övha kəmahün gərçi şərh eylər,
Qaçan idrak edər anı özünü bilməyən cahil!?
«Ol Kə’beyi-mə’na mənəm kim, qibleyi-rəhmanıyam…»
Ol Kə’beyi-mə’na mənəm kim, qibleyi-rəhmanıyam,
Ol nitqü rəbbani mənəm ki, höccəti-bürhanıyam.
Çün on səkiz min aləmin cudü vücudu xud mənəm,
Cümlə cahan təndir mana, mən bu cahanın canıyam.
Ol qabü-qövseynə irən, ol surəti ziba görən,
Həm surəti-ziba mənəm, həm surəti-yəzdanıyam.
Sən bu sərayi-fanidə istər isən eyni-bəqa,
Nəfsini əvvəl tanı kim, həqqi derisən tanııyam.
Ol küntə kənzi derisən, aləmdə rövşən gün kimi,
Ol gövhərə rövşən mənəm, bil ki, mən onun kanıyam.
Ol şəkkəri-lə’li-ləbin, ol tutiyi-məsti mənəm,
Ol cənnəti-qüdsün bu gün mən bülbüli-xoşxanıyam.
Götür vücudun zülmətin, eyvani-nura vasil ol
Kim, şə’ninin nuri mənəm, mən nurinin eyvanıyam.
Ariflərə hadi mənəm, çünki hidayət nuruyam,
Sevdasıyam, sevdasının məşhuruyam, heyranıyam.
Mən ol Nəsimiyəm bu gün abi-həyatım içənə
Xızrın bəqa ömrü mənəm kim, çeşmeyi-heyvanıyam.
«Var bu cahandan özgə bizim bir cahanımız…»
Var bu cahandan özgə bizim bir cahanımız,
Surət bu aləm oldu bizə, ol məkanımız.
Zatına