Mənim həyatım. Софья Толстая

Чтение книги онлайн.

Читать онлайн книгу Mənim həyatım - Софья Толстая страница 1

Жанр:
Серия:
Издательство:
Mənim həyatım - Софья Толстая

Скачать книгу

45d4e659caaee1d04b2ac21.jpg"/>

      Sofya Andreyevna Tolstayanın 1904-cü il fevralın 24-dən yazmağa başladığı «Mənim həyatım» adlı xatirələri 1844–1901-ci illəri əhatə edir. Ömrünün son doqquz ili qələmə alınmamışdır.

      Sofya Andreyevna öz kitabını yazmağa əsaslı surətdə hazırlaşmışdı. Onun dediyinə görə Tolstoyun gündəlikləri «qiymətli material idi», o öz gündəliklərindən və özünün Tolstoy ilə yazışmasından, müxtəlif adamların Tolstoya və ona göndərdiyi məktublardan çıxarışlar etmişdi. «Mənim həyatım»ın materialları və qaralamaları Yasnaya Polyanada mühafizə olunur.

      S.A.Tolstayanın xatirələri Tolstoylar ailəsinin həyat və məişətini, ailədaxili münasibətlərini bütün zənginliyi, mürəkkəbliyi və incəliyi ilə göstərən çox qiymətli sənəddir. Eyni zamanda bu, Tolstoylar ailəsinin geniş və son dərəcə təbii ictimai əlaqələrinin panoramıdır. O dövr Rusiyasının sosial, siyasi, mədəni həyatı L.N.Tolstoy ailəsinin həyatında öz fövqəladə dərin və qabarıq əksini tapmışdır.

      Əgər Sofya Andreyevnanın, demək olar ki, Tolstoyla ömür sürdüyü bütün illərdə apardığı gündəliyi yaşadığı hər günü, həftəni, ayı canlı və səmimi olaraq qeydə alırdısa və onların xüsusi poetik cazibəsi də məhz bu səmimilikdən gəlirdisə, otuz illik məsafədən yazılan xatirələr – onun ömrünün ixtiyar illərində fikrini cəmləşdirərək yaşadığı düşüncə və hisslərinin məhsuludur. Onların kəskin dramatizmi – daxili həyatın sənədli əhəmiyyəti olan real şəhadətnaməsidir, çünki Sofya Andreyevnanın daxili həyatı Tolstoyun taleyinin bir hissəsi idi. L.Tolstoy və S.A.Tolstayanın münasibətləri heç bir yerdə «Mənim həyatım» xatirələrindəki qədər bitkin, böyük tarixi və mənəvi mənası olan hadisə kimi göstərilməmişdir.

      Sofya Andreyevna öz xatirələrini bir çoxlarına (yaxın olmayanlara belə) oxumuş, onların rəyini bilmək istəmişdir. Xatirələrdən Tolstoyun da xəbəri varmış və o bunları bəyənirmiş. 1907-ci ilin yanvarında, xatirələr 1878-ci ilə gəlib çıxanda, Sofya Andreyevna onları M.S.Suxotinə oxumuşdu. M.S.Suxotin öz gündəliyində yazırdı: «1876–77-ci illər məni L.N.-in qəlbində qəribə dönüşün baş verdiyi illər kimi maraqlandırırdı. Təəssüf ki, bu dönüş S.A.-nın müşahidələrindən kənarda baş vermişdi və o buna heç bir psixoloji izah verməyi bacarmamış, onu yalnız bir fakt kimi qeyd etmişdir». Suxotin Tolstoya «S.A.-nın onun həyatının bu mərhələsini necə natamam təsvir etdiyini» deyərkən Tolstoy fikirləşərək söyləmişdi: «Bəli, əslində, daha dolğun və ardıcıl təsvir etmək çətin idi: mən özüm də bunu izahı mümkün olmayan bir şey, nəsə bir sıçrayış, heç nə ilə doldurula bilməyən bir şey kimi təsəvvür edirəm…»

      1897-ci ildə Tolstoy evdən getmək fikrinə düşərkən arvadına vida məktubunda yazırdı «…bizim ömrümüzün uzun 35 ilini, xüsusilə sənin təbiətinə məxsus ana fədakarlığı ilə özünü qabil saydığın hər işə səy və qətiyyətlə girişdiyin həmin dövrün ilk yarısını məhəbbət və minnətdarlıqla xatırlayıram. Sən mənim və bəşər üçün mümkün olan hər şeyi elədin, sən misilsiz ana məhəbbəti və fədakarlığı göstərdin və buna görə səni qiymətləndirməmək olmaz… Təşəkkür edirəm, sənin mənə elədiklərini məhəbbətlə xatırlayıram və xatırlayacağam». O zaman Tolstoy öz niyyətini yerinə yetirmədi və Sofya Andreyevna bu məktubdan ancaq Tolstoyun ölümündən sonra xəbər tutdu. 1910-cu ildə Şamordindən göndərdiyi son məktubunda isə Tolstoy yenə yazırdı: «Elə düşünmə ki, səni sevmədiyim üçün getmişəm. Mən səni sevirəm və səmimi-qəlbdən sənə rəhmim gəlir, lakin başqa cür hərəkət edə bilməzdim».

      D.P.Makovitskinin «Yasnaya Polyana» qeydlərindən məlumdur ki, yenicə Yasnaya Polyanadan çıxaraq stansiyaya yollanarkən, Tolstoy uzun sükutdan sonra demişdir: «İndi Sofya Andreyevna nə edəcək, ona yazığım gəlir». Və həyatının bütün son həftəsi Sofya Andreyevna barədə düşüncələr Tolstoyu narahat etmişdi. Tolstoyun ömrünün son günü onun yanında növbə çəkən qızı Tatyana Lvovna xatırlayır ki, atası onu yanına çağırıb demişdi: «Ağırlığın çoxu Sonyanın üzərinə düşəcək, biz pis vəsiyyət etmişik.» Bunu deyərək o, huşunu itirdi.

      Tolstoyun ölümündən sonra Sofya Andreyevna öz xatiratını yazmaqda davam edirdi və 1912-ci ilin noyabrına onu 1897-ci ilə gətirib çıxarmışdı. Üç il sonra, 1915-ci ilin dekabrında, o yenidən işə başladı, 1901-ci illə həyatının təsvirini bitirdi.

      «Mənim həyatım»dan bir neçə fəsli Sofya Andreyevna özü 1912 və 1913-cü illərdə nəşr etdirdi. Lakin o, bütövlükdə çap edilməmişdi.

      20-ci illərin sonunda Tolstoyun anadan olmasının 100 illiyi ilə əlaqədar Sergey Lvoviç anasının gündəliklərini çapa hazırlamağa başladı. Faciəvi 1910-cu ilin gündəliyinin müqəddiməsi üzərində işlərkən o, 1933-cü ilin sentyabrında Tatyana Lvovnaya belə yazırdı: «Son vaxtlar anamızın «Mənim həyatım»ı oxuyurdum. Mənə çox şey aydın oldu, lakin iki kəlmə ilə bunu ifadə edə bilmirəm, o nə qədər bədbəxt həyat sürüb!» Daha əvvəlki, 1929-cu il məktubunda o yazırdı, «yəqin ki, bir vaxt «Mənim həyatım» nəşr ediləcək, lakin indi çətin ki, bu lazımlı və mümkün olan işdir.»

      Tolstoyun ölümündən altmış səkkiz il keçmişdir. Zaman Sofya Andreyevnanın xatirələrinin nəşrinə mane olan çox şeyi silib aparmışdır. Artıq Sofya Andreyevnanı ittiham edənlər yoxdur, tarixin məhkəməsi qarşısında duracağını anlayan Sofya Andreyevnanın qarşılarında özünə bəraət qazandırmağa çalışdığı adamlar da yoxdur. Bəlkə də, «Mənim həyatım»a münasibətdə Sofya Andreyevnanın Tolstoya son məktubundakı (göndərilməmişdir) fikri qəbul etmək ədalətli olardı. Sofya Andreyevna həmin məktubda yazırdı ki, o özünü təmizə çıxarmaq istəmir, yalnız, öz hərəkət tərzini «izah etmək istəyir».

      1906-cı il martın 30-da D.P.Makovitski Sofya Andreyevnanın «Mənim həyatım» barəsində «Mən sərəncam verəcəyəm ki, onu vəfatımdan sonra 50 ildən tez nəşr etməsinlər» sözlərini qeydə almışdı.

      A.Q.Dostoyevskayanın 1910-cu il noyabrın 7-də Sofya Andreyevnaya göndərdiyi: «Əgər Sizin mərhum əriniz 83 ilə qədər yaşamışsa bunun üçün bütün Rusiya Sizə, Sizin yorulmaz qayğılarınıza və ona atəşin məhəbbətinizə borcludur…» məzmunlu məktubunu xatırlayaraq görürük ki, «Mənim həyatım»ın nəşrinə başlamaq vaxtı çatmışdır. Bu əlyazmasının bəzi səhifələrini oxuculara təqdim edirik.

      1862

      EV SAHİBƏSİ

      Mən Yasnaya Polyanaya qədəm qoyan kimi ərimin bibisi Tatyana Aleksandrovna bütün ev təsərrüfatını mənə təhvil verdi. Bunu üzərimə götürmək mənə çətin deyildi, çünki belə işlərə alışmışdım.

      Mən Dunyaşa və hələ təhkimçi olan aşpaz Nikolay Mixayloviç ilə təsərrüfat danışıqlarına başladım. Aşpaz gənc yaşlarında musiqiçi olmuşdu. Lev Nikolayeviçin babası qoca knyaz Volkonskinin orkestrində fleyta çalmışdı.

      – Bəs niyə aşpazlığa keçdin? – deyə ondan soruşdum. – Ambuşyuranı (embouchure)1 itirdim, ali həzrət, – deyə Nikolay Mixayloviç kədər və acı təbəssümlə cavab verdi.

      O, babat, bəzi yeməkləri isə yalnız köhnə aşpazlar kimi, hətta çox dadlı bişirirdi, lakin son dərəcə natəmiz idi. Bir dəfə nahar vaxtı şorbada nifrin bir həşərat görərək ağladım. Bundan sonra mən qəti tədbirlər gördüm: ağ gödəkçələr, qalpaq və önlüklər geydirtdim, mətbəxə gedib hər şeyə göz qoyurdum. Lakin mən bu mehriban qocanı, Nikolay Mixayloviçi sevirdim. O, həlim, məzlum və canyandıran idi. Bəzən o, çox içib sərxoş olardı, bu zaman xörəyi onun zirək arvadı gəlib bişirirdi, yaxud da mən özüm birinin köməyi ilə mətbəxdə bişir-düşür edirdim. Sonra o gəlib ağlaya-ağlaya üzr istəyirdi. Mən onunla həmişə dost idim: o, təqaüddə ikən Yasnaya Polyanada, öz ailə üzvləri arasında öldü.

      Oğlu

Скачать книгу


<p>1</p>

Müştük (fransızca).