Təbriz namusu. Фарман Керимзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Təbriz namusu - Фарман Керимзаде страница 6
–Bilməsə də olar, şaman baba. Hamı bir fikirdə olsa, hamı irəlini görsə, onda şaman heç kimə lazım olmazdı.
–Xanım qızım, sənə baxşı tilsimi təsir etməyibmi?
– Yox, Baxşı tilsiminin şaman babamıza təsir göstərməsi məni məyus edir. Söhbət məndən gedə bilməz.
Şaman ocağa yenə nəsə atdı və alovun dilləri yallı gedirmiş kimi şənləndi.
–Şaman babamıza baxşının tilsiminin təsiri ola bilməz. Axı, onun elədikləri yalan üstə qurulub. Mən isə el obamıza düz yol göstərir, əyri yollardan çəkindirirəm. Əyri düzü kəsə bilərmi?
–Yox!
–Xanım! Qızım, mən neçə illərdi ki, tayfa başçısının özü ilə bərabər zövcəsinin dəfn olunması adətinə qarşı çıxmışam. Ər igidimizin də vəsiyyətini mən öyrətmişdim. Bu, vəhşilikdir. Mən istəyirəm ki, elimiz vəhşilikdən insanlığa doğru getsin. Yekə Nidun isə buna görə mənə düşmən kəsilib.
Alan-Qoaya indi çox şey aydın oldu. Demək, hər qanadlı quşun yerə düşdüyü zaman qonduğu öz nöqtəsi var. Hər tanrı da bir yerə bağlıdır. Yer yoxdursa, insanlar yoxdursa, demək tanrı da yoxdur. Şaman baba bunların hamısını bilir və dayaq nöqtələrinin sirrini özündə saxlayır.
–Alan-Qoanı görüb, onu dinləyəndən sonra dayaq nöqtəsi tapıb qalxsa da şaman baba hələ də yerdən, burdakı qayğılardan Yekə Nidunun məkrindən qopa bilmirdi. Onun üzündəki işıq itmiş, həmişə alova baxan gözləri, ona kömək əli uzadan gözəl Alan-Qoaya dikilib qalmışdı.
Xatun indiyə qədər elə bilmişdi ki, şaman baba yerin-göyün sirlərini bilir və nə istəsə, onu edə bilər. İndi başa düşdü ki, gör, necə də aciz, necə də zəifdir. El-oba onu belə görsə, bir daha ona inanmaz və o, bir tikə yemək ucbatından çöllərə düşüb, qurd-quşa yem olar.
–Şaman baba, fikrən yenə də tanrıların yanına qayıt. Bizi məhv olmaqdan qurtar.
–Onda gərək mən Yekə Nidunun dediyinə əməl edəm.
–Bu mümkün deyil. -Alan-Qoa bir az da yaxınlaşdı ki, şamanla onun danışığını kənardan heç kəs eşidə bilməsin. – Sən tanrılardan soruş, onlardan tələb et ki, qardaşın qardaş xatununa evlənməyini qadağan buyursunlar.
–Yekə Nidun tanrıları eşidəcəkmi? Onların sözünə əməl edəcəkmi? Ah, o nə qədər məkrlidir!
–Eşitməlidir. Eşitməsə, ildırımlarını göndərsinlər, onu vursunlar.
–Tanrılar səbirli olurlar. Bunu etməzlər.
Alan-Qoa sirri açmaq üçün vaxtın yetişdiyini anladı. Artıq bu sirr şamana açılmalıydı. Bu sirrin açılması onların hər ikisini xilas edəcəkdi.
–Şaman baba, mən sizə bir sirri açmağa gəlmişəm. Bu yalnız tanrılara aid olduğuna görə, onu sizə açmalıyam.
O, hər gecə bacadan düşən şüaya, onun qırmızı saqqallı, mavigözlü kişiyə çevrilməyinə aid nə varsa, olduğu kimi danışdı. O danışdıqca şamanın gözlərinin necə işıqlandığını görürdü. Şaman titrək səslə soruşdu:
–Bu baxşıdan əvvəl olub, ya sonra?
–Xeyli əvvəl, xeyirxah şaman!
Şaman fikrə getdi və qopuzunu götürdü. Xeyli qədim bir hava çaldı. Çaldıqca da dodaqları arasında nəsə mızıldadı, anlaşılmaz sözlər dedi. Tez-tez də ocağına nəsə atdı, alov gur yandı. Obada şamanın bu havanı çaldığını heç kəs eşitməmişdi. Ona görə eşidən-eşidən onun alaçığının ətrafına yığılırdı.
Bu vaxt sanki möcüzə baş verdi.
At belində hardansa gələn Yekə Nidun (bu at onun altında lap eşşək boyda görünürdü) acıqlı-acıqlı şamanın çadırına tərəf baxdı. O, ayaqlarını üzəngiyə qoymamış, tuluq kimi sallamışdı, yerdəki otlara sürtünə-sürtünə gedirdi.
Yekə Nidun qopuz səsini eşitdi, əlbəttə, adamları görüb, təəccübləndi. Tam qərara gəldi ki, şamanı burdan didərgin salıb, onun yerinə həmin baxşını gətirsin. Axı, niyə günü günə satırdı? Bəlkə baxşının tilsiminin təsirini gözləyirdi? Yox, yox, yaxşılığa doğru heç nə görmədiyinə görə günü günə satır, qəti qərar verə bilmirdi. Başqa səbəb yox idi.
Alan-Qoa onun arvadı olarsa, o, tayfanın tam hüquqlu başçısı sayılacaq. Bu işdə Alan-Qoanın da razılığı lazım idi. Əslində tayfanın başçısı hazırda o idi. Ərindən sonra hakimiyyət oğluna keçirdi. Uşaq körpə idi, ona görə anası hakim olurdu.
Yekə Nidun alaçığa çatıb, bir ayağını yerə qoyub, o biri ayağını da hərləyib, atı buraxdı və soruşdu:
–Bu nədi?
Çomağına söykənən ağsaqqal bir kişi barmağını dodağına apardı. Yəni sus, qoy şamanın söhbətinə qulaq asaq.
Alaçığın qapısı açıq idi. Neçə nəfər də dözməyib, içəri girmiş, ağına-bozuna baxmadan ağ və qara keçələrin üstündə diz üstə çökmüşdülər.
Şaman oxuyurdu…
Yüz, yüz illər bundan əvvəl, elimizin, günümüzün səhər vaxtı idi. Ellərdən bir gözəlinin özü gözəl, bəxti kor idi. Tanrı onu qısır qoyub, verməmişdi övlad payı. Ər igidi igidlərin yaraşığı, nəzir verir, para paylayır, şamanlardan istəyirdi gözləri kor, özü də şil bir uşaq. Tanrı əli verən olar, tanrı əli verməz olar… Bir gün igid atıb getdi bu gözəli. Ayrı gözəl oldu onun can sirdaşı…
O günahsız gözəl isə baş götürüb getdi eldən. Səhralarda, dağda, daşda düşdü dildən. Bir gün elə yağış yağdı, bir gün elə tufan qopdu… Dağıdırdı yeri-göyü. Gözəl isə ümidlə gəldi bir palıdın koğuşuna. Qoca palıd o bəxtsiz bala kimi əzizləyib, aldı ana ağuşuna.
İnsanların fəryadları, şamanların nidaları gedib çatdı tanrılara. Böyük tanrı gənc oğlunu göndərdi ki, görsün yerdə bəndələri salamatmı?.. Cavan tanrı döndü iti ildırıma. Şaqqıldayıb, guruldayıb, yer üzünə işıq saçdı. Birdən palıd koğuşunda qərar tutan o gözəli görüb çaşdı. Gənc tanrı da məhəbbətin əsiriydi. Onun bu iş, bu əməli bəlkə elə göy üzündə onun bircə kəsiriydi.
Tanrı sevdi gözəli… Tufanı da, yağışı da ram elədi. Öz nurunu koğuşa nişan verdi.
Tanrı sevən gözəlin çaxan nurdan oğlu oldu, vaxt çatanda. Hər bədbəxt də xoşbəxt olur vaxt çatanda.
Düz