Yurdunu itirən adam. Дженгиз Дагджи
Чтение книги онлайн.
Читать онлайн книгу Yurdunu itirən adam - Дженгиз Дагджи страница 3
Binanın qarşısında düzüldük. Adlarımız oxundu. Manqalara bölündük. Ağsaqqal Huşnudla eyni manqaya düşmüşdük. Hələ də əsir olmadığımıza inana bilmirdik. Buna görə də Huşnud bir-birimizdən ayrılmadığımız üçün sevinir, əsirlikdəki kimi əlimdən tuturdu. Zabitin ətrafında düzülən gur səsli, tər-təmiz çəkməli, gümüş toqqalı gizirlərin hansının bizə rəhbər veriləcəyinə baxırdıq. Yanımdakı biri yavaş səslə dostuna dedi:
– Bığı olan özbəyə oxşayır.
– Bizim manqanın da, demək olar, hamısı özbəkdi. Yəqin, bizə düşər.
Huşnud danışan özbəklərə təpindi:
– Ey, zırıldamayın! Özbək, qırğız nə fərqi var?! – demişdi ki, bir əl çiynimdən tutdu. Başımı arxaya çevirdim. Bir anlıq bu boyda dünya mənə dar gəldi. Qarşımda bir il əvvəl Aleksandrovka körpüsü yaxınlığındakı döyüşdən əvvəl tapıb-itirdiyim Qılıncbay dayanırdı. Rəngi bir az solğun idi, gözləri gizli-gizli, mənalı-mənalı parıldayırdı. Əli çiynimdə danışmağa başladı. Sanki kim olduğunu deməyimi gözləyirdi.
– Səninlə Krasnoyedə tanış olmuşduq. Leytenant Süleymanın bölüyündəydin, hə?
Cavab vermədi. İnsanları kimliyindən, necəliyindən, irqindən, rəngindən, sinfindən asılı olmayaraq sevirəm. Amma bilmirəm, niyəsə bu dəqiqələrdə Qılıncbayla aramda qəlbimlə duya bilmədiyim, gözəgörünməz bir şey məni geri itələyir, ondan uzaqlaşdırırdı. Bir az arxaya çəkildi. Sinəsində, düymə deşiyi ilə cibi arasından asılmış gümüş zəncirini əlinə götürüb, məni, ağsaqqal Huşnudu və digərlərini sərt baxışla təpədən-dırnağa qədər süzdü, sonra heç nə demədən alman zabitinin yanına getdi.
Ağsaqqal Huşnud məndən soruşdu:
– Tanıyırsan?
– Deyəsən.
Qılıncbayı Krasnoyedə Süleymanın toplarından yüz metr aralıda, tarlada tapmışdım. Ancaq indi onun yalnız xarici görünüşü Qılıncbay idi. Daxilini hələ tam ayırd edə bilmirdim.
Mən fikrə gedərək qarşımdakı Qılıncbaya baxıb, “Əvvəlkidirmi, yoxsa yox?” – deyə düşünərkən, başqa manqalar bölüklərə ayrılmış, meydanda təkcə biz qalmışdıq.
Huşnud dedi:
– Bax, Sadıq, o adam bizə tərəf gəlir. Deyəsən, bizi onun manqasına verəcəklər… Özü də xeyli zabitəli adama oxşayır, e!
Huşnudun sözü ağzından çıxmışdı ki, uzaqdan bir səs əmr verməyə başladı:
– Sağa-a-a-a dön!
– Sola-a-a-a dön!
Qılıncbayın səsi sərt və kəsik-kəsik gəlirdi:
– Manqamda ana uşaqlarını istəmirəm. Əsgər kimi dayanın, yoxsa hamınızı bölüyə dördayaq apararam.
Bizi bölüyə apardı. Binanın qarşısında bir neçə dəfə də sağa-sola döndərdi, sonra yanımda dimdik duran ağsaqqal Huşnuda yaxınlaşaraq soruşdu:
– Sən, ağsaqqal! – deyə qışqırdı, – Sağını-solunu bilmirsən? Əsgərlikdə nə iş görürdün? Katib zad idin?
– Yox, cənab gizir, katib deyil… – deyə izah etməyə başlamışdı ki, onun sözünü kəsərək Huşnudun burnuna tərəf barmağını yellədi:
– Mənimlə elə danışma! Qızıl Orduda nə baş verdisə, yaddan çıxart! Bura Qızıl Ordu deyil! Mənimlə necə danışmalı olduğunu sənə öyrədərəm!
Düzdü, bunu Huşnuda deyirdi, amma “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” misalındakı kimi mənə eşitdirirdi.
Həmin gündən sonra həyatımız dəyişdi. Səhər tezdən qalxır, dəhlizdə çavuşun səsini eşidər-eşitməz silahlarımızı götürüb, tez çölə qaçırdıq. Günümüz belə başlayırdı. At üstündə gələn bölük komandirimizin zalım baxışları altında Lejyonovanın küçələrindən keçirdik. Bölüklər tağımlara, tağımlar manqalara bölünür, təlim başlayırdı. Meşənin qaş yerləri, qumluqlar, təpələr əsgərlərlə dolurdu. Bizim manqaya Qılıncbay rəhbərlik edirdi. Səsi, baxışları, hərəkətləri ilə komandirdən daha sərt, daha ciddi görünmək istəyirdi. Mənə elə də çox baş qoşmurdu. Mən də ondan mümkün qədər uzaq durmağa çalışırdım. Söz götürmək istəmirdim. Bu vəziyyətimi təlimlərdə yaxşıca tərləyərək qoruyub-saxlamağa çalışırdım. Deyəsən, ən çox qaçan, əmrə tabe olan da mənim idim. Tağımdan ayrılan kimi Qılıncbay bizi qumluğa aparır, orada qaçırdır, qumluğun axırındakı daşlı-tikanlı təpəni sürünə-sürünə çıxmağımızı əmr edirdi. Bunu bir-iki dəfə yox, ən azı on dəfə etdirirdi; Qılıncbayın təlimindən yarıcan qayıdırdıq.
Bəli, bu adam Krasnoyedə tanış olduğum Qılıncbay deyildi. O Qılıncbay olduğundan şübhələnməyə başlamışdım. Gözləri daima vəhşi bir heyvanınki kimi parıldayırdı. Təlimdən sonra Huşnud onunla dostcasına danışmaq istəyəndə belə, qaşlarını çatır, dodaqlarını qəzəblə bükür, yanımızdan ya heç cavab vermədən, ya da kobud bir söz deyərək gedərdi. Əvvəllər onun bu hərəkəti Huşnudun çox xətrinə dəyirdi. Başqaları da “Təlimdə bizə zülm verməsin, başqa neynir eləsin” – deyə, düşünürdülər. Amma Qılıncbayın əzazilliyi, zülmü günü-gündən artırdı. Otaqda olanda hamı onun bizə qarşı bu hərəkətlərini müzakirə edirdi. Mən söhbətlərə elə də çox qatılmırdım.
Legiondakı təlimə öyrəşdikcə Qılıncbayın şəxsiyyəti mənim üçün ikinci planda qalmışdı. Belə ki, Krasnoyedə tanıdığım Qılıncbayı yavaş-yavaş unutmağa başlamışdım. Artıq indiki əsəbi, zalım, lənətəgəlmiş yeni Qılıncbaya öyrəşmişdim.
Bir gün digər tağımların əsgərləri kölgədə yatıb, siqaret çəkərkən, Qılıncbay bizi yenə daşlı-tikanlı təpədə, cəhənnəm günəşinin altında qaçırtmışdı. Dirsəklərimiz, dizlərimiz yara, qan içində qalmışdı. Eyni günün axşamısa bizim bölüyün əsgərləri icazə alaraq şəhərə getmişdilər. Otaqda mən, ağsaqqal Huşnud və bir neçə əsgər yoldaşımız qalmışdı. Qısa boylu, arıq-uruq, badam gözlü, sarışın astarxanlı Muhan yatağına uzanaraq dedi:
– İcazə alıb, gedəniniz yoxdu?
Huşnud cavab vermədi, sadəcə acı-acı güldü. Biz də səsimizi çıxartmadıq. Otağa bir anlıq sükut çökdü. Elə bu anda Muhan birdən-birə çarpayıdan qalxdı:
– Siz qalın. Mən gedirəm. Şərab dükanından iki şüşə rakı alacağam. Birini içəcəyəm,