Mövcudluq mübarizəsi. Мехмет Ниязи

Чтение книги онлайн.

Читать онлайн книгу Mövcudluq mübarizəsi - Мехмет Ниязи страница 6

Жанр:
Серия:
Издательство:
Mövcudluq mübarizəsi - Мехмет Ниязи

Скачать книгу

hər şeyi yerində gördüm. Buradakı narahatlıqlarımın əbəs olduğunu başa düşdüm. Yay aylarının tez bitməsini, məktəbi, dostlarımla görüşməyi istəyirdim. Məktəbimiz ikinci il mənə daha isti gəldi və günlər sürətləndi… Hər ötən il məktəbimizə daha çox bağlanır, hər il mənim üçün daha gözəl olurdu. Və nəhayət, bu məktəbi bitirdim. İllərcə darıxdım. Buraya müəllim olaraq təyin olunmaqla məktəbimə qovuşdum, amma o illərin həsrətindəyəm. İndi hamınızın içində qorxu var: görən, bir şey olmadı ki? Atam, qardaşlarım necədi? Heç narahat olmayın, hamısı qoyub gəldiyiniz kimi yaxşıdılar. Hər şeyin başlanğıcı çətindir, hələ ayrılığın ilk günləri çox dözülməzdir.

      Emin müəllimin ağzından çıxan bu sözlər uşaqlara rahatlıq gətirir, özlərini toplamalarına kömək edirdi. Murad əlini gicgahına dayayıb, gözlərini müəlliminə zilləmişdi.

      Şübhələrlə dolu ilk günü dərindən yaşayaraq düşünürdülər: “Görən, necə bir müəllim gələcək?” sualı ilə ürəkləri döyünürdü. Müəllim sinfə daxil olan kimi, onu ürkək baxışlarla süzür, dəqiqələr irəlilədikcə öyrəşirdilər. Hər dərsin bitməsi ilə, elə bil, dünya dəyişirdi.

      Səhərin son dərsinin bitmə zəngi səslənən kimi müəllim:

      – Siz təzəsiz, – dedi, – Yeməkxananı tanımaya bilərsiniz. Digər şagirdlərin ardınca gedin.

      * * *

      İzdiham səssizcə pilləkənlərdən aşağı axırdı. Murad da aralarına qoşuldu. Qorxurdu: belə bir kütlənin içində yeməyə, yaşamaya öyrəşməmişdi. Necə bacaracaqdı?! Birdən üstünə dağıdardısa?! Hər addımı onu həyəcanlandırırdı. Bir an içindən geriyə qayıtmaq keçdi. Acmışdı, hara gedəcəkdi?! Yeməkxanaya girdi. Masalar düzülmüşdü: ağ süfrələrin üzərindəki boşqablar, çəngəllər, bıçaqlar tər-təmiz idi. Şagirdlər sıra ilə yerlərinə əyləşdilər; bir masa dolduqdan sonra ikinci masada yerlərini almağa başladılar. Qapının kənarındakı beton dirəyin dibində dayanan Murad titrəyirdi; sırada dayanmağa utanmışdı. Ürəyində, “Deməli, belə olacaq” – deyirdi; təəssüf ki, özünü heç cürə sıraya sala bilmirdi. Gözləri bir anlıq yaşla doldu. Çölə çıxmağı düşünsə də, bacara bilmədi. Emin müəllim gülərək yanına gəldi.

      – Vay, balaca, adın nədir?

      Üzü qızardı, ağlamsınaraq kövrək bir səslə:

      – Murad, – dedi.

      Murad başını aşağı əydi. Emin müəllim saçlarını oxşayanda əlinin içində kiçik bir ürəyin çırpıntısını hiss edirdi. Əlindən tutanda yuxarı sinifdəki şagirdlərin birləşdiyi masada boş bir oturacaq gördü. Emin müəllim gələndə masadakı şagirdlər ayağa qalxdılar.

      – Məhmət, Murad sənə əmanətdir. Hər yeməkdə yanına alacaqsan. Bir ehtiyacı olarsa, maraqlanacaqsan. Ehtiyac olarsa, məni də xəbərdar edəcəksən.

      – Baş üstə.

      Emin müəllim Muradın qoltuqlarının altından tutub oturacağa oturtdu və getdi. Başını əyən Murad qulaqlarına qədər qızarmışdı. Məhmət ona tərəf əyildi.

      – Murad, haralısan?

      Başını qaldırmadan:

      – Təpəköydən, – dedi.

      – Atanın adı nədir?

      – Atam yoxdu.

      – Nə oldu atana?

      – Ölüb.

      – Allah rəhmət eləsin! Yenə də bir adı vardı, yəqin?!

      – Çoluğun Yusif.

      Masalardan qaşıq, boşqab səsləri gəlirdi. Muradın həyəcanı yavaş-yavaş ötürdü. Məhmət çömçə ilə şorbanı boşqablara çəkdi.

      – Hə, Murad, “Bismillah” deyib başlayaq.

      Murada elə gəlirdi ki, hamının nəzəri ondadı. Qaşığını əlinə alanda birtəhər oldu; şorba qaşığından masaya dağılanda nə edəcəyini bilməyərək donub qaldı. Məhmət gülümsədi.

      – Fikir eləmə, Murad, biz balaca olanda nələr etmirdik… İndi də dağıdırıq. Sən tərbiyəli, diqqətli uşaqsan, qısa vaxtda necə öyrəşdiyini görəcəksən.

      Məhmətin sözlərindən Muradın gərginliyi azaldı. Şorbanı üfürərək içirdi. Masanın ab-havasına öyrəşir, danışanlara qulaq asırdı. Növbə çərəzlərə çatmışdı. Məhmət yeməkləri boşqablara bölüşdürdü. Kəndlərində belə yeməyə az rast gəlinirdi. Tulumba şirniyyatını heç vaxt görməmişdi. Məhmət qardaşını gözlədi. Çəngəlin ucuyla bölür, bölünən hissəni çəngəli ilə götürürdü. Murad da eynisini etdi. Məhmət şirniyyatı bitirən kimi bir stəkan su içdi. Murad da içdi. Məhmət masadakılara “Nuş olsun” – deyərək qalxdı.

      – Gedək, Murad.

      Murad Məhmətin arxasınca gedirdi. Yuyunma yerinə gəldilər. Əllərini sabunla yuyub quruladıqdan sonra çölə çıxdılar.

      * * *

      Şagirdlərin əksəriyyəti kənddən idi. Bu ərəfələr İstanbuldan və başqa şəhərlərdən gələnlərin sayı azalmışdı. Çoxu kimi o da məktəbə öyrəşməmişdi. Bir səhv edərsə, məktəbdən qovulacağını düşünürdü. Hara gedərdi? Molla İbrahimin Süleymanı bura gələndən ona bir daha baş çəkməmişdi. Sağollaşanda, “Səni tez-tez yoxlayacam, atamın əmridir” – demişdi, amma o gündən bəri bir dəfə də görünməmişdi. Bir də pulunu itirərdisə, halı necə olardı? Yavaşca əlini sinəsindən qabırğasına doğru sürüşdürdü, pencəyinin astarındakı cibinə barmaqlarının ucuyla toxundu. “Oldu” deyərək rahatca nəfəs aldı və içinə şirin istilik yayıldı. Fadimə bacı Muradın cibinə xərcliyini qoymuş, ayrıca əlli lirə də bir bezə bürüyüb iç cibinə tikmişdi. “Heç vaxt buna əl vurma; pulun qutaranda, məktub yaz, göndərərəm. Nə olar, nə olmaz. Yollar qar olar və ya pulunu itirə bilərsən, onda heç kimin görmədiyi yerdə bu cibi sökərsən. Pulu xırdalayandan sonra da bir qismini yenə ora qoyarsan” – deyə bərk-bərk tapşırmışdı. Murad gündə bir neçə dəfə heç kimsəyə bildirmədən iç cibini yoxlayıb rahatlaşırdı.

      Yatağa girəndə, sanki anasıyla göz-gözə gəldi: dərin baxışları məyus halda ürəyinə dolurdu. Göz yaşları axmağa başladı. Hıçqırdıqca çarpayı cırıldayırdı. Axşam vaxtıydı; Qarabaş çöldə yallanırdı… Sonra özünə gəldi. Tərləmişdi; yorğanı üstündən atdı. Məhmət qardaşını düşünərək rahat olurdu. Qısa vaxtda ona öyrəşmişdi… Necə də yaxşı insandı! Səssiz-səssiz içindən gələn hıçqırıqları boğduğunu hiss etdi. Yatağında dikəldi; yanındakı çarpayıya

Скачать книгу