Sur üfürülənə qədər Sarı Saltuk Baba. Çinar Ata
Чтение книги онлайн.
Читать онлайн книгу Sur üfürülənə qədər Sarı Saltuk Baba - Çinar Ata страница 4
– Ay Allah, kaş mən də şəhid olsaydım, ya da bir uçurumdan aşağı düşsəydim, bir çayda boğulub getsəydim, bura bu şəkildə dönməsəydim, – deyə dua edirdi, – Bunu necə fikirləşmədim? Səhər kəndin ağsaqqallarını götürüb bu vəzifəni yerinə yetirərdik. İndi mən nə edəcəyəm? Rəbbim, sən mənə kömək et, canımı buradaca al, xilas olum.
Atının yüyənini necə çəkmişdisə, o şəkildə də donub qalmışdı. Sıxılan heyvan da olduğu yerdə dönür, kişnəyir, üzərindəkini atmaq, yüyəndən xilas olmaq üçün çırpınırdı. Bu qədər səs-küydən sonra ətraf evlərdən səsi eşidənlər qaçaraq evlərindən çıxmış, ətrafını bürümüşdü.
Evdən ilk çıxan Ayqız idi. Çarıqlarını da geymədən qaçaraq çıxdığı qapıdan bir neçə addım atıb dayandı, ətrafa baxmağa başladı. Heç danışmadan Şərifin arxasına qaçdı, küçənin alt tərəfinə doğru atılıb oraları yoxladı. Uşaqlar onun bu hallarından qorxub bağrışmağa başladılar. Hər kəs gerçəyi anlayır, amma anladığını hələ özünə etiraf edə bilmirdi. Birdən başındakı örtünü yerə atıb saçlarını yolmağa başlayan hamilə gəlin səs çıxarmadan yerə diz çöküb çığırmağa başladı. Həm çığırır, həm də saçlarını yolurdu. Dırnaqlarıyla cırdığı üzündən qan axmağa başlamışdı. Uşaqların böyük olanı Şərifin üzəngisini tutdu:
– Əmi, atam hanı? Bəs birlikdə dönəcəkdiniz? Sən niyə gəldin, atam niyə gəlmədi?
– …
– Əmi, qurban olum, atam hanı? Səninlə getməmişdi? Atam haradadır, Allah eşqinə?
Yerdə saçlarını yolan Ayqız əllərini tutmağa çalışan qoca arvadların əlindən sıyrılıb bir anda Şərifin üzərinə atıldı. Atının üzərində səndələyən Şərifi yerə çəkməyə, ona sarılmağa çalışırdı. Gözü qaralan, nəfəsi kəsilən gənc qazi atının yanında çırpınan Ərsagunun xanımına, uşaqlarına baxanda bir an zaman və məkan anlayışını itirib boş-boş ətrafını seyr etməyə başladı. Son olaraq bədənindəki sarınmış yaralardan, sinəsindən axan qanın paltarını islatdığını gördü. Yaralarını əliylə yoxlayanda bütün bədəninin qan içində olduğunu fərq etdi. Günlərdir heç dayanmadan at sürmüş, özündən xəbəri olmamışdı.
Danışacaq halı qalmamışdı. Kəndlilərin köməyiylə atından endirilərkən Ərsagunun xanımı və uşaqları Şərifin xalatına və şalvarına sarılmış, hıçqıraraq ağlayırdılar. Bacısı qədər yaxın olduğu Ayqıza sarılmaq üçün cəhd edəndə yıxıldı. Çox qısa zaman içində bütün kənd ayağa qalxmış, döyüşə gedən ərlərdən yalnız Şərifin döndüyünü görmüş, gedib gələ bilməyənlərin ağrısı qazi Çepni kəndinə çökmüşdü. Kəndin ağsaqqalları bu iztirabları o qədər çox yaşamışdılar ki, bu ağrıların təcrübəsi bir neçə saatda kəndi sükunətə boğmuşdu. Şərif uzanalı bir neçə saat olmuş, ya da olmamışdı ki, azan səsi evi doldurdu. Hamısı şam ağaclarından tikilmiş məscid kəndin Qara dənizə baxan zirvəsində idi. Uzaqdan baxanda adi küləklə uçub dağılacaq kimi görünən məscidin ağacdan minarəsinə çıxan Çepni imamı yanıq səsiylə səhər azanını oxuyurdu.
Günlərdir dağda-dərədə gəzdiyi üçün bu tanış ülvi səslə oyandırılmaq bütün yorğunluğunu, ağrısını götürdü. Evin çöl divarında asılan keçi dərisindən hazırlanmış su tulumunu kimsə doldurmuşdu. Yəqin, o döyüşdə olanda buradan keçən başqa qazi birliyindən döyüşçülər gəlib burada dincəlmiş, bir neçə gün qalmışdı. Bəli, diqqətli baxınca burada kiminsə qaldığı sezilirdi. Hətta gedərkən qapının arxasındakı mismara bir neçə kilim və qurudulmuş ət asıb getmişdilər.
Ayağa qalxdı, qurudulmuş ətdən böyük bir parça qoparıb çeynəməyə çalışdı. Çox gözəldi, hisə verilib qurudulmuşdu. Həddindən artıq duzlu və yağlı olduğu üçün iştahını açdı. Dəstəmaz almaq üçün qalxmışdı, amma sonuna qədər əlindəkini yedi. Bir parça qoparıb onu da bitirdi.
Dəriyə doldurulan suyun təzəliyini yoxlamaq üçün bir udum aldı. Yeni doldurulmuşdu. Doldurulalı bir neçə gün ancaq olardı. Yatmazdan əvvəl yaralarını yenidən təmizləmiş, sarımış, məlhəm vurmuşdu. Dəstəmazını alıb məscidə gedərkən ətrafı bürümüş şehlər otların üzərindən Şərifə atlamaq üçün sanki yarışırdılar. Məscidə çatana qədər az qala belinə kimi islandı.
Namaz bitənədək heç kəslə danışmadı. İmamdan sonra məscidə ilk o gəlmişdi. Arxasınca gəlib ətrafa çökən kəndlilər başıyla salam verir, o da “xoş gördük” mənasında əlini sinəsinə qoyurdu. Təsbihatdan sonra imam da daxil olmaqla bütün camaat sırayla gəlib hal-xətir etdilər, başsağlığı dilədilər, qucaqlaşdılar. Ayaqüstü edilən xoşbeş sonrası kəndlilər ocağın isidə bilmədiyi soyuq məsciddən evlərinə tələsdilər.
Məscidin içindəki ağacdan düzəldilməyən yeganə yer kiçik, daş ocaq idi. Odu sönmüş, hər kəs kimi ocaq da yuxuya getmişdi. Ocağın önünə sıçrayan közləri əlinə aldığı kiçik budaqla ocağın içinə doğru itələdi, özünə yer təmizlədi. Evi bomboş və soyuq idi. Onu gözləyən kimsə də yox idi, ayaqları evə geri aparmadı. “Yolda Ayqız ilə, uşaqlarla, ya da başqa şəhid xanımı ilə qarşılaşmayım” keçirdi içindən. Bəlkə, istilənər deyə, isti kül önündə, oradaca uzandı.
Bu bahar aylarında, günlərdir at belində yağışlar altında düşmən qovub, sıxışdırıb baş götürmək, baş vermək asan iş deyildi. Çox yorğun idi, yerə uzanar-uzanmaz gözləri yumuldu dərin yuxuya getdi.
Bir nəfəs aralığı qədər olmamışdı ki, heç kəsin qalmadığı kiçik, ağac məscid bir anda çöllər qədər dolub daşmışdı. Heç tanımadığı yüzlərlə, minlərlə ulu, minlərlə pir nə vaxt gəlib bu qədər nizamlı şəkildə düzülmüşdü? Yaralarına görə yenə mühakiməsini itirdiyini, xəyal gördüyünü düşündü. “Bu məscid nə qədər də böyükmüş, bura məhşər yeridirmi, ay Allah?!” – düşündü. Bu qədər çox qul olsun, bir nəfəs də eşidilməsin. Hər kəs ədəblə gözləyirdi. Mehraba kürəyini vermiş aypara formasında camaata tərəf oturan ağsaqqalların içində ən hörmətlisi Şərif Xıdıra baxmağa başladı. Mavi gözlərindən Xıdırın üzərinə çaylar daşırdı, boğulmamaq üçün mədət istəyirdi. Xacə Qul Əhmədin gözlərinə baxmaq mümkün deyildi. Döyüş meydanlarında aslan olan bu igidə pir hümmət etdikcə əriyib yox olurdu. O insan dəryası içində, bir quş uçuşu üçün yer tapsa yox olub, qaçıb gedəcəkdi.
Məna məclisində pirin sağında-solunda bardaş qurub oturan Sadr Baba, Sufi Danişmend Baba, Süleyman hakim Baba, Mənsur Baba, Əbdülməlik Baba, Tac Baba, Zengi Baba14 səs çıxarmadan burada təcəlli etmələrinin hikmətlərinin zühur etməsini gözləyirdilər.
Piri Türkistan tam qarşısında, dizləri dizlərinə dəyəcəyi nöqtədə bir