Susan qadın. Elxan Elatlı
Чтение книги онлайн.
Читать онлайн книгу Susan qadın - Elxan Elatlı страница 1
Birinci fəsil
BİR SOYUQ YANVAR GECƏSİ
Gözünü bir anlıq ekrandan çəkib divanda yanaşı oturduğu arvadına baxdı. Qadın ağsaçlı başını yenə sinəsinə endirmişdi. Əslində, onun televizor önündə beləcə mürgüləməsi ilk dəfə deyildi və Səxavət buna alışmışdı, lakin yenə də dözməyib narazı bir ahənglə səsləndi:
– Bənövşə!
Ayıqlıqla yuxunun arasında çabalayan qadın yumulmuş göz qapaqlarını ani olaraq qaldırıb yenidən saldı.
– Bənövşə! – arvadının böyrünü yüngülcə dümsükləyərək səsini qaldırdı.
– Hə!? – diksinib ayılmış qadın başını sinəsindən qaldırdı və heç nə olmayıbmış kimi onu səsləyən Səxavətə deyil, televizora baxdı. Ərinin deyəcək başqa sözünün olmadığını, yalnız oyatmaq məqsədi ilə səslədiyini öz təcrübəsindən yaxşı bilirdi.
– Saat on ikiyə işləyib. Yuxun gəlirsə, dur, get, yatağında yat. Nə məcburdur, burda oturub mürgüləyəsən, onsuz da, seriala baxmırsan.
– Yox, baxıram…
Bunu astadan yuxulu səslə deyən Bənövşə gözlərini inadla ekrana zilləsə də, bir dəqiqə keçməmiş göz qapaqları yenidən yığılmağa başladı. Ziya ilə İntizar analarına baxıb bic-bic gülümsədilər və tez də ətraflarındakı hər şeyi unudaraq yenidən maraqlı türk serialının təsirinə daldılar.
Səxavət yaşı əlli dördü yenicə ötməsinə baxmayaraq gözlərinin ətrafını dərin qırışlar bürümüş həyat yoldaşına baxıb qüssə ilə köks ötürdü və guya serialı seyr edirmiş kimi üzünü yenidən televizora çevirdi. Bilirdi ki, hər gün səhər saat beşdə yatağından qalxıb kürəyində “kommunal xidməti” yazılmış sarı ilə yaşılın qarışığı rəngdə arxalığını geyinərək məhəllə sakinlərinin həyətə tulladığı zibilləri yığışdırmağa, küçələri süpürməyə gedən Bənövşə bu saat ancaq ona və uşaqlarına görə dözüb yanlarında oturur. Ailənin həftə boyu hər axşam saat 21:00-da başlayıb 00:30 radələrində bitən hansısa bir serialı vardı və üç saat yarım davam edən bu müddət dördünü bir araya gətirən yeganə zaman aralığı idi. Ər-arvad səhər yataqdan qalxanda universitet tələbəsi Ziya ilə orta məktəbin son sinif şagirdi İntizar yuxuda olurdular. Səxavət marşrut avtobusu sürdüyü üçün evə hava qaralandan sonra gəlib çıxa bilirdi. Bəli, ailə üzvlərinin tam şəkildə bir otağa yığışması yalnız serial zamanına təsadüf edirdi.
Hər həftənin yuxuya qədərki gecə saatlarını dolduran yeddi serialdan ikisi Bənövşənin zövqünə uyğun gəldiyi üçün onları daha artıq maraqla izləyir, digərlərinə isə yalnız ərinin və ya uşaqlarının xatirinə baxırdı. Elə ailənin digər üzvləri də bu məsələdə onun kimi idilər. Özlərinin xüsusi serialları vardı. Hal-hazırda Türkiyə milli istixbarat təşkilatının fəaliyyətindən bəhs edən “Təşkilat” serialına baxırdılar. Bu serialın əvvəldən əsas azarkeşi Səxavət idi, lakin son həftələr Ziya ilə İntizar da onu maraqla izləyirdilər. Bənövşə isə serialda gedən siyasi söhbətlərdən bir şey anlamasa da, yoldaşlıq naminə dözüb axıra kimi oturmağa çalışırdı.
Serial saatları bu ailə üçün vaxtını əyləncəli keçirməkdən daha böyük, daha əhəmiyyətli bir vasitə idi. Ailəni bir neçə saat eyni otaqda saxlayan, cismən və ruhən yaxınlaşdıran, birləşdirən, həmrəy edən, küsüblərsə, barışdıran bir vasitə…
Səxavətin fikrincə, arvadı artıq təqaüdə çıxıb ömrünün son illərini dincəlməli durumda idi. Lakin indiki qanunlara görə, təqaüdə çıxmasına hələ doqquz il vardı. Bəli, doqquz il! Görəsən, içini xəstəliklər bürümüş yazıq qadın bundan sonra doqquz il yaşaya biləcəkdimi? Elə Səxavətin özü… Mədəsi xəstə idi. Son aylar gözləri də xeyli zəifləmişdi. Çalışırdı ki, iş yerində bunu kimsə bilməsin, yoxsa ona marşrut avtobusu etibar etməz, işdən qovardılar. Əlli altı yaşı yenicə tamam olmuşdu və onun da təqaüdə çıxmasına doqquz il vardı.
Başını çevirib oğrun nəzərlərlə divardakı fotoya baxdı. Bir il üç ay əvvəl qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş böyük oğlu Zamir iri çərçivəyə salınmış bu fotodan ona üzüntülü kədərlə baxırdı.
Universiteti bitirib əlinə yenicə müəllimlik diplomu alan Zamir işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşlərə qorxmadan, çəkinmədən könüllü getmişdi. Üçüncü mərtəbədə onların üstündəki mənzildə yaşayan tosqun kişinin bahalı “Audi” sürən oğlu kimi qaçıb gizlənməmişdi. Səxavət ürəyinin dərinliyində bununla fəxr edirdi. Ancaq oğlunun şəhid olması ilə heç fəxr edə bilmədi. Şəhid atası olduğunu tez-tez dilinə gətirib qürrələnmədi. Axı hansı daşürəkli ata öz övladının ölümünə sevinə bilərdi? Səxavət çox istəyərdi ki, oğlu müharibəyə gedib qəhrəmanlıqla vuruşsun, ad qazansın və sağ-salamat evinə-ocağına dönsün. Şəhid olmasını isə heç istəməzdi. Bu ölüm onun bütün həyatını qaraltmışdı. Onun da, Bənövşənin də belini bükmüş, ürəklərinə göynərtisi heç zaman çəkilməyəcək qızmar dağ basmışdı.
Bir il üç ay, yəni on beş ay, yəni dörd yüz əlli beş gün keçirdi oğlunun ölümündən. Bu müddət ərzində Səxavətlə Bənövşənin üzləri bir dəfə də olsun, gülməmişdi. Elə uşaqların da… Yazıqlar məzəli bir söz eşidərək qeyri-ixtiyari güləndə gözləri divardakı fotoya sataşır, üzlərindəki gülüş dərhal çəkilib yerini kədərə verirdi. Səxavət bir neçə dəfə istəmişdi ki, uşaqlarına görə şəhid oğlunun fotosunu divardan götürsün, lakin buna əli gəlməmişdi…
Əlini pencəyinin cibinə salıb siqaret qutusunu çıxardı və onu tez də qaytarıb yerinə qoydu. Heç vaxt mənzildə siqaret çəkməzdi. Bunun üçün hər dəfə balkona çıxırdı. İndi isə, baxmayaraq ki, onsuz da diqqəti serialdan yayınmışdı, yenə onu buraxıb otağı tərk etmək istəmirdi. Uşaqlar atalarının fikirli olduğunu və serialı bu səbəbdən seyr etmədiyini duya bilərdilər. “Bircə reklamlar tez başlasaydı” – deyə düşündü.
Əvvəllər siqaret çəkən olmamışdı. Oğlunun ölümündən sonra başladı bu zərərli vərdişə. Həm də gündə nə az, nə çox, iki qutuya yaxın çəkirdi. Çəkdiyi siqaret ən ucuzlarından olsa da, aylıq maaşının, az qala, yarısı tüstüyə gedirdi. Çünki uyğun mafiyanın yaratdığı monopoliya ucbatından marketlərdə siqaretlər öz dəyərindən qat-qat bahasına satılırdı. Səxavət hər dəfə bir qutu siqaretə üç çörəyin pulunu verməyə məcbur olanda ürəyi sızıldayır, buna baxmayaraq içini yeyib-dağıdan ağır dərdlər ağ ciyərlərini korlayan bu zəhrimarı tərgitməsinə imkan vermirdi.
Axır ki, seriala fasilə verdilər, reklamlar başladı. Bayaqdan bunu gözləyən Səxavət əlini cibinə atıb divandan qalxaraq balkona qaçdı. Qutudan tələsik çıxardığı siqareti yandırmaq istəyəndə qulağına uzaqdan çığırtı səsi gəldi. Bu, qadın çığırtısı idi. Amma yox, səs elə də uzaqdan deyil, düz qarşısındakı 12 nömrəli yeddimərtəbəli binadan gəlirdi. Sanki çarəsiz vəziyyətdə qalmış qadın haray salıb kömək istəyirdi. Başını səs gələn tərəfə doğru qaldırdı. Binanın həyətə baxan hissəsində yalnız üç-dörd mənzilin işığı yanırdı. Ən yuxarı mərtəbələrdə isə tək bir pəncərədən işıq gəlirdi və Səxavətin gözləri həmin pəncərədə elə bir şey gördü ki, həyəcandan dodaqları arasına qoyduğu siqareti yerə saldı.
Bir kişinin pəncərədən aşağı atdığı yarıçılpaq qadın son dəfə dəhşətli bir səslə çığırdı. İkinci mərtəbənin tuşuna çatanda binanın önündən keçən açıq elektrik məftillərinə toxundu. Partlayış baş verdi, alovlu qığılcımlar ətrafa səpələndi və qadın yerə düşərək zərblə torpağa çırpıldı.
Başını yenidən yuxarı qaldıran