Uzaqdasan, soyuqdur. Kənan Hacı
Чтение книги онлайн.
Читать онлайн книгу Uzaqdasan, soyuqdur - Kənan Hacı страница 2
Bu badəni sənin yoxluğuna qaldırmışam,
günahlarımın əfvinə içirəm –
bağışlamayacağını bilsəm də.
Mən də bu günahı seçdim özümə,
yanımda olsaydın, yenə günaha batardım,
günahsız yaşamaq olmur
bu fani dünyada…
günah həyatın astar üzüdü,
sənin yoxluğuna içirəm…
Orucu pozulmuş adam kimi
“daha keçdi” deyib
bir siqaret də yandırım
sənin yoxluğuna…
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?…
Xəyalımda səni düşünüb
özgəsinin qoynunda itdim,
sənin yoxluğundan başladı
xəyanətə aparan yollar,
sənin gözlərində batdım günaha,
özgənin qoynunda səni itirdim.
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?…
İçimdə qara gün üçün saxladığım ümidi
güllələdim bu gecə,
sənin yoxluğuna içdim bu gecə…
***
......
Adını yazmadığım şeirlərdə
yoxluğun uçurum qədər dərin,
Sənə susamışam,
dodağımdakı uçuq sənsizlikdəndi…
Sən yoxsan, darıxıram,
sənsiz zaman tank kimi keçir üstümdən,
özümü tox tuturam,
təbəssüm işarəsiylə
gizləyirəm kədərimi,
sümüklərimin xırçıltısını
batırır təbəssümüm…
adını yazmadığım şeirlərdən
külək kimi əsib keçirsən,
nəfəsin hopur sözlərə,
nəfəsin şeh kimi üzümdə qalır,
adını yazmadığım şeirlərdə
adının boş qalan yerini
nöqtələr əvəz edir
......
Zaman səni mənə uduzdurmasın,
Sən yaşa dünyada,
mən ölüm sənsiz.
Bir dəqiqəlik şeirlə məni yad etsən,
bəsimdi…
bağışla,
adını yazmadım yenə…
***
Sənin soyuqluğun
çıxmır canımdan,
pəncərəmdə çiliklənir Günəş,
bu yaşın soyuğu mənə bəs idi,
sən niyə soyudun sinəmdə birdən?..
Ömrün yolu qısaldıqca
sən ən uzun yola döndün,
sağda ciyər parçalanıb,
solda ürək dözür hələ,
sola döndüm –
sənə döndüm, soyuq Günəşim.
sənin soyuqluğun çıxmır canımdan…
Sən getdin, soyuğun qaldı canımda,
məndən öndə yüyürən ümid
sənə çata bilmədi,
ümiddən itidir addımların da,
buz bağlamış sükutu
son nəfəsim əridəndə
məndən sənə xəbər gələr,
deyərlər ki, soyuqdəymədən öldü,
sənin soyuqluğun çıxdı canından…
Hava proqnozu
Bu göylər gözünü boş yerə sıxmır,
Sənin də yanağın yaşdı, bilirəm.
Dost kimi halıma ürəyin yanır,
Sevgidə ürəyin daşdı, bilirəm.
Deyə bilmirəm ki, səni sevirəm,
Deyərsən, başına at təpib-nədi?!
Səni sevənlər də çoxdu, bilirəm,
Gecikmiş qonağam, qov çıxıb gedim…
Çoxdan xəbərdarsan mənim halımdan,
Yağış pəncərəmə çırpır özünü.
Bilirsən sevirəm, üzə vurmursan,
Bilirsən havamın proqnozunu.
Səsimdən bilirsən hansı kökdəyəm,
Telefonun zəngi uçunur sanki.
Mən “salam” yazanda sual verirsən:
– İçmisən? Susuram, belə olmaz ki…