Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков

Чтение книги онлайн.

Читать онлайн книгу Uşaqlığın son gecəsi - Максуд Ибрагимбеков страница

Жанр:
Серия:
Издательство:
Uşaqlığın son gecəsi - Максуд Ибрагимбеков

Скачать книгу

” qəzetində çap olunmuş hekayələrini xatırlayıram. Bu, xoş təsir bağışlayan, qürurverici uğur idi. O vaxt surətçıxarma avadanlıqları olmadığından adamlar bəzi hekayələri üzdən köçürür, oxumaq üçün bir-birilərinə verirdilər və bu, sadəcə, hadisə idi… Həmin dövr üçün qeyri-adi dil, qeyri-adi üslub, qeyri-adi fikirlər…”

– Polad Bülbüloğlu, bəstəkar

      “Maqsud necə danışırsa, elə də yazır – sadə, maraqlı, özü öz sözünü kəsərək, demək olar ki, istənilən məsələdə zarafat etməyə səbəb taparaq. Əgər söhbət onun səmimiyyətlə hörmət etdiyi, yaxud qürur duyduğu birindən gedirsə, o zaman pafosdan çəkinmir”,

– Qriqori Zaslavski, teatr tənqidçisi, Rusiya Dövlət Teatr Sənəti İnstitutunun rektoru

      “Maqsudun yaradıcılığı ruhən mənə doğmadır. Onun reallıqları və keçmişlə bağlı təsvirləri itirilmiş uşaqlığımızı xatırlamağa yardım edir, xatirələrimizi rəngarəng ədalət palitrası və fırçası ilə yeniləyir. Bu haradasa belə bir şeyə bənzəyir: sanki bir əsəri sən çəkmirsən, əksinə, o səni çəkir, sənin bir sıra yaxşı xüsusiyyətlərini özündə əks etdirir, səndə dürüst adam obrazı, insanlara və həyata böyük sevgi hissi formalaşdırır”,

– Orxan Qarayev, rəssam

      ÖN SÖZ

      Gəmilər açıq dənizə çıxırdı…

      Biz gəmilərə baxmaq, lövbərləri necə qaldırdıq-larına tamaşa etmək üçün limana gedirdik.

      Gecənin qaranlığında sirli illüminatorlarından işıq gələn nəhəng gəmilər yavaş-yavaş irəli hərəkət edir, buxtaya dönür və üfüqdə gözdən itirdi.

      Külək uzaq Moluk adalarından gətirilmiş ədviyyatların, Havana siqarlarının qoxusunu, qızıl sexinlərin1, dublonların2 cazibədar cingiltisini sahilə gətirirdi.

      Hərdən kapitan körpüsündən verilən “komanda” sözünü eşidirdik, hətta bir neçə dəfə göyərtədəki polad xəncərlərin çarpaz işıltısını görmüşdük.

      Gəmilər gözqamaşdırıcı ulduzlar səpələnmiş alçaq göy qübbəsinin altında Sakit okeanın hər tərəfinə səpələnir, qızğın abordajdan sonra isə didik-didik olub geri qayıdırdı…

      Biz isə qalırdıq. Bakıda qalırdıq – öz doğma şəhərimizdə. Hər gün məktəbə gedirdik, ən pis oxuyan da bilirdi ki, Xəzər dənizi hətta heç dəniz də deyil, göldür və lap tutaq ki, dünyadakı ən böyük göldür. Və bircə gəmi belə Bakıdan yola düşsə, bu göldən çıxıb harasa gedə bilməz…

      Hamımız bir yerdə limana gələndə bütün bunları unudurduq. Hələ də mənə elə gəlir ki, uşaqlıqda insan təkcə indiki zamanla yaşayıb keçinmir, həm də yaşadığı zamanı arzularından doğan gələcəyin parlaq ölçüləri ilə nizamlayır və məncə, bu, uşaqlığın ən böyük xoşbəxtliyidir.

      O vaxtdan bəri uzun illər keçib. Onda limana gələn oğlanlar indi yekə kişilər olub. Arzularının əksəriyyəti gerçəkləşib və bu “köhnə” oğlanlar indi görüşəndə daha çox uşaqlığı xatırlayırlar, özü də mütləq xatırlayırlar.

      Bu kitab böyüklərin uşaqlığından bəhs edir.

Müəllifdən

      HEKAYƏLƏR

      MÜHARİBƏNİN 1001-ci GECƏSİ

      Məktəbdə heç kəs bu ayamanın necə yarandığını bilmirdi. Yəni məndən başqa heç kəs. Mənsə məsələnin nə yerdə olduğunu dəqiq bilirdim. Arvadı səhər tezdən onun üstünə bağırıb deyirdi ki, gecəyarısı evə qayıtmağı azmış kimi, üstəlik, dovşanlar üçün bişirdiyi bir qazan yerkökülü-çuğundurlu qaşıqaşını da yeyib. O da qırmızı-qırmızı arvadının üzünə dururdu, deyirdi ki, doğru danışmır, çünki dovşan yeməyi yeyəcək qədər sərxoş olmayıb, sadəcə ürəyi bişmiş tərəvəz istəyib. Mən də bütün bu söhbətləri eyvanda dayanıb sözbəsöz eşidirdim. Hər kəs, yəni bu söhbəti eşidən hər kəs – onu da deyim ki, bu söhbəti bütün məhəllə camaatı eşitdi – onun yalan dediyini yaxşı bilirdi, çünki o, doğrudan da, evə sərxoş gəlib dovşanların yeməyini aşırmışdı.

      Sonra mən bu əhvalatı bütün məktəbə yaydım. Elə həmin vaxtdan məktəbdəki beşinci sinifdən onuncu sinfə qədər bütün şagirdlər ona “Dovşan” deməyə başladılar. O bizə kimyadan dərs deyirdi, ancaq müharibə başlayandan və bütün kişi müəllimlər cəbhəyə gedəndən sonra fizikadan da dərs deməyə başladı.

      Günlərin bir günü Dovşanı da atam və iki digər qonşu ilə bir yerdə hərbi komissarlığa çağırdılar, ancaq onun arvadı dedi ki, Dovşanı cəbhəyə aparmağa ixtiyarları çatmır, çünki o, yaxını zorla görür, uzağı isə ümumiyyətlə görmür, hərbi komissarlıqda bunu təsdiq edən müvafiq arayışlar var. Arvadının bu danışıqlarına əhəmiyyət verməyən Dovşan yol çantasını yığırdı. Sonra uşaqlarını öpüb arvadına yaxınlaşdı, amma arvadı onunla birlikdə gedəcəyini söylədi. Pilləkənləri düşdükcə deyirdi ki, belə çətin dövrdə hamı öz vətəndaşlıq borcunu yerinə yetirməlidir, arvadı isə ona qulaq asmır və dayanmadan təkrar edirdi:

      – Mənim ən böyük səhvim odur ki, hərdən sənə öz ağlınla hərəkət etməyə imkan verirəm.

      Biz də hərbi komissarlığa gedirdik, yəni hamı atası ilə birlikdə gedirdi.

      Onları komissarlığın qarşısındakı meydançada sıraya düzdülər, cərgənin sonunda Dovşan dayanmışdı. Lap axırda dayanmağının səbəbi isə çox qısaboy olması idi. Hərbi komissar üzünü onlara tutaraq əmr etdi:

      – Hamı bir nəfər kimi komissarlığın həyətinə keçsin, orada sizə forma paylanacaq!

      Əsl tamaşa bundan sonra başladı. Dovşanın arvadı komissara çəmkirdi, dedi ki, imkan verməyəcək, gözünün qabağında belə bir qanun pozuntusu baş versin. Bu nə deməkdir, xəstə, üstəlik, əlil adamı cəbhəyə aparmaq istəyirlər. Komissar qadını səbirlə dinləyir, Dovşan isə arvadına göz ağardır, onu sakitləşdirməyə çalışırdı, lakin qadın ona tərəf baxmırdı. Komissar məsələni aydınlaşdıracağına söz verdi, xahiş etdi ki, mane olmasın. Bundan sonra qadın kənara çəkildi. Həmin gün hamını cəbhəyə apardılar, Dovşan isə qaldı və məlum oldu ki, o, doğrudan da, yaxını zorla görür, çağırış vərəqəsini isə ona səhvən, sənədləri qarışıq salıb göndəriblər. O, qalın, qabarıq linzalı eynək taxırdı və eynəyi çıxaran kimi heç nə görmürdü.

      Təsəvvür edirəm, cəbhədə Dovşanın eynəyi sınsa, nə baş verər. Yəqin, kimsə köməyə gəlib əlindən tutana, onu təhlükəsiz yerə aparana qədər bir yerdə oturub qalar. Deyəsən, Dovşan cəbhəyə gedə bilmədiyi üçün çox pərt olmuşdu. Başını aşağı salıb məyus-məyus arvadının arxasınca addımlayırdı. Qadın isə çox sevinirdi və deyirdi ki, cəbhə onluq deyil, bundan heç kəsə xeyir gəlməz və əgər getsəydi, elə ilk mərmi ilə onu vurub öldürərdilər. Qadın onun əlindən tutmuşdu və onlar yanaşı addımlayırdılar. Dovşanın arvadı çox gözəl idi və həm də bəzənib-düzənmişdi.

      Müharibə Bakıya da gəlib çatdı. Çörək gündən-günə bahalaşırdı, hər səhər adamlar radiodan cəbhə xəbərlərini dinləyirdi və hər gün cəbhəyə üzərində “Alman işğalçılarına ölüm!” şüarları yazılmış sisternlər yola salınırdı.

      İndi mədənlərdə neftçilər iki növbədə işləyir və yalnız yatmaq üçün evə gəlirdilər. Gecələr uzaqda atılan

Скачать книгу


<p>1</p>

Venesiya qızıl pulu

<p>2</p>

İspaniya və Fransada qədim qızıl pul