Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков
Чтение книги онлайн.
Читать онлайн книгу Uşaqlığın son gecəsi - Максуд Ибрагимбеков страница 5
Lövhəni divardan asmışdılar, üzərində hava hücumu zamanı zəruri tədbirlər barədə müfəssəl yazılmışdı. Biz orada yazılanları əzbər bilirdik. Özü də nahaq yerə. Bu lövhə müharibənin axırına qədər orada qaldı. Heç bir xeyri dəymədi. Sadəcə ayda bir dəfə upravdom gəlib yanğın çəlləyindəki suyu dəyişir, biz isə əylənirdik. Çəlləkdəki su tünd-yaşıl rəngə çalırdı, elə bil qara idi, upravdom hər dəfə deyirdi ki, çəlləyin içində çömçəquyruq əmələ gələcək, ancaq heç çömçəquyruq da yox idi. Yəqin, hiss edirmişlər ki, əvvəl-axır çəlləyin suyunu dəyişəcəklər və beləcə hamısı zibilə gedəcək.
Bir sözlə, upravdomumuz yaxşı adam idi. Heç vaxt işlərimizə qarışmazdı. Həyətdə özümüz üçün hərbi qərargah düzəltmişdik, o gəlib ətrafı gəzdi, ayağı ilə qərargahın divarına toxundu və xahiş etdi ki, bu qərargaha dam düzəltmədən keçinək, çünki əgər dam uçub dağılsa, bizdən kimsə altında qalıb əzilə bilər və əgər kimsə əzilsə, o zaman bu qərargahı tikməyə icazə verdiyi üçün upravdomun başı ağrıyar. Sözün düzü, heç dama ehtiyac da yox idi. Ancaq hərbi məsləhətləşmələr üçün qərargaha toplaşır, silahları isə zirzəmidə saxlayırdıq.
Hər cür silahımız vardı. Qılıncları çəllək halqa-larından düzəldirdik. Əvvəlcə dəmiri sərt uclu bıçqı ilə kəsib dəstəyinə əski dolayırdıq, əməlli-başlı qılınc olurdu. Qılıncdan başqa qundaqsız tüfənglərimiz, iki tapançamız (daraqsız), bir də alman kaskalarımız vardı. Bunların hamısını Salyan kazarmasının yanındakı zibillikdən tapmışdıq. Oradakı otluqda müxtəlif cür silahlar qalaqlanıb qalmışdı: top lülələri, qumbara dəstəyi, tırtılsız tanklar, bir də üzərində svastika olan iki təyyarə. Deyirdilər, oranı yaxşı-yaxşı axtarsaq, hətta döyüş pulemyotu, ya da tank əleyhinə mina da tapa bilərik. Biz əməlli-başlı axtardıq, ancaq nə mina tapa bildik, nə də pulemyot. Patronları boş konserv qutularına yığır, zirzəmidə bu qutuların altında ocaq qalayır, sonra özümüz həyətdə oturub gözləyirdik, görək nə olur.
Hər dəfə eyni şey baş verirdi: qutulardakı patronlar partlayır, zirzəmidə dəhşətli atışma başlayırdı. Qonşular qorxu içində qapılardan bayıra atılır, nə baş verdiyini bilmədən, təlaşla gözlərini döyürdülər. Əlbəttə, biz özümüzü bilməzliyə qoyurduq, guya heç nədən xəbərimiz yoxdur. Şura xala bir müddət sonra deyirdi ki, zirzəmidə möhtəkirlər yaşayır, gecələr bir-birilərini güllələyirlər. Qonşulardan bəziləri onun sözünə inanırdı. Bir dəfə yenə zirzəmidə gurultu, səs-küy başlayanda bir patrul o dəqiqə bizi qabağına qatıb qovdu. İndiyə qədər başa düşə bilmirəm, görəsən, bu patrul bizim patronları partlatdığımızı haradan bilmişdi?! Əsl gözbağlayıcı idi! Əlbəttə, onlar bizi tuta bilmədilər, ancaq hədə-qorxu gəldilər, dedilər, məktəbimizə xəbər verəcəklər. O gündən sonra daha zirzəmidə patron partlatmadıq, ancaq yenə dava-dava oynayırdıq.
Evimiz həm böyük, məncə, həm də gözəldir. İkimərtəbəli binadır, ikinci mərtəbədə eyvanlar baş-başadır. Həyətdə yekə püstə ağacı bitir, o qədər böyükdür ki, kölgəsi ikinci mərtəbəyə düşür. Çox yaxşı ağacdır. Kəşfiyyatçı oyunu oynayanda onun budaqları arasında gizlənirdik, dünya da dağlısa, heç kəs səni orada tapa bilməz. Bakıdakı həyətlərin heç birində belə böyük püstə ağacı yoxdur. Payızda püstələr yetişir, biz onun meyvələrini yığıb qonşular arasında bərabər bölüşdürürük. Püstələri əvvəlcə yığıb qərargahda toplayırıq, sonra mənzillərə bölürük, hər mənzilə bir iri kağız bağlama püstə düşür. Hamı bizə təşəkkür edir.
Ümumiyyətlə, əlimizə keçəni qərargaha gətiririk. Məktəbdə bizə nahar üçün vermişel küküsü, ya da pirojki verirlər: bir gün kükü, bir gün pirojki, amma kisel hər gün olur. Təbii, kiseli məktəbdə içir, kükü ilə pirojkini isə qərargaha gətiririk. Hərə öz payını gətirir, bir yerdə nahar edirik. Anam deyir ki, bu pirojkiləri qətiyyən yemək olmaz, çünki onları bişmiş nişastadan hazırlayırlar. Bəlkə, doğrudan da, nişastadan hazırlayırdılar, ancaq bir bilsəydiniz, o pirojkilər necə dadlı olurdu!..
Bütün işlərimizi qərargahda yoluna qoyuruq. Əgər bizdən kiminsə əlinə pul düşsə, tez gedib Bazar küçəsindəki dükandan poqon və ulduz alırıq. Hər qəhrəmanlığa görə yeni ulduz verilir və bu minvalla artıq məhəllədə sıravi qalmayıb, hamı polkovnik olub, generalımız, hətta marşalımız da var. İki qız – Həmidə ilə Tosya sanitar-general rütbəsi alıb. Hamımız bilirik ki, qızlar general ola bilməz, ancaq başqa rütbədə onlar bizim “yaralarımızı” sarımağa razı olmurlar. Axı hər “döyüşdən” sonra onlara ehtiyac yaranır.
Döyüşlər küçəmizdəki iki məhəllənin uşaqları arasında gedir. Çox yaxşı döyüşürük. Hamı küçəyə tökülüşüb qılıncları işə salır. Bu vaxt hətta küçədə hərəkət dayanır, qonşular bu döyüşlərə tamaşa etmək üçün pəncərələrdən sallanıb qalırlar. Bəzən kimsə kimisə yaralayır, ancaq yaralanan adam heç vaxt ağlamır. Bizim aramızda eləsi yoxdur. Döyüşdən sonra əsirləri və qənimətləri dəyişirik. Çox vaxt bizim məhəllə qalib gəlir, çünki aramızda xeyli təcrübəli sərkərdə və cəsur döyüşçü var. Hər gün dava-dava oynayırıq, amma haradasa əsl qanlı müharibə gedir. Biz bu barədə böyüklərdən eşidirik, ancaq o müharibə heç vaxt bizi qorxutmur…
Bir gün məhəlləmizdə təzə qonşular peyda oldu. Bir oğlanla bir qız. Onlar yaşca bizdən bir az balaca idilər, heç adlarını da bilmirdik. Həmişə bir yerdə olurdular, bir yerdə pilləkəndə oturub necə addımlamağımıza, qılınc təlimi keçməyimizə tamaşa edirdilər.
Onlara birinci mərtəbədə ev vermişdilər və anaları ilə bir yerdə yaşayırdılar. Zənnimcə, o qadın heç yerdə işləmirdi, çünki evdən çıxıb harasa getmirdi və nə vaxt baxsan, püstə ağacının kölgəsində dayanmadan paltar yuyurdu. Səhərdən axşama qədər… Hərdən dikəlir, belini ovuşdurur, saçlarını səliqəyə salır, sonra yenə təknənin yanına tələsirdi. Qonşular deyirdi, o qadın camaşırçıdır, paltarları camaşırxanadan götürüb yumağa evə gətirir. Yəqin, doğru deyirdilər: çünki bir ailədə heç vaxt bu qədər mələfə, yorğanüzü ola bilməzdi. Yuyub qurtarandan sonra ağları həyətdəki ipə sərirdi. Harada imkan varsa, orada sərirdi, kimsə onlara toxunanda deyinirdi.
O qədər pis xasiyyəti vardı ki, hətta öz doğma övladları da bu qadından qorxurdu. Bir sözlə, o, məhəlləyə köçəndən sonra həyətdə yaşamaq sadəcə çətinləşdi. Döyüşmək bir yana qalsın, heç həyətə tüstü buraxmaq da olmurdu. Tüstü buraxmaq üçün burulmuş kinolenti kağızla bürüyür, sonra bu bükümü yandırırdıq. Qonşu qadın deyirdi