Məni itirməyin. Исмаил Шихлы
Чтение книги онлайн.
Читать онлайн книгу Məni itirməyin - Исмаил Шихлы страница 9
– Görürsənmi, qabırğalarım bir-birinə yapışıb, acından ölürəm. İşdir, Allahı tapsan, mənim də şikayətimi ona yetir. Deynən mənim yeməyimi göndərsin.
Canavar gəldiyi kimi də ağır-ağır aralandı və səhranın qaranlığında əriyib qeyb oldu.
Kişi zindan altından çıxmış kimi dərindən nəfəs aldı və elə dayandığı yerə çökdü, heybəsini başının altına qoyub yuxuya getdi.
Ertəsi günü günortaya qədər üzü günəşə yol getdi, sonra isə onun dalınca düşdü. Qaranlıq qarışana qədər onu haqlamaq istədi, qayalıqların arasında gizlənməyə çalışan günün ətəyindən yapışmaq məqsədilə qaça-qaça gəlib bir çəmənliyə çıxdı. Elə bu vaxt göy guruldadı, şimşək şaqqıldadı, qayalar səs-səsə verdi:
– Ey bəni-insan, kimi axtarırsan?
– Allahı.
– Allah mənəm.
Kişi üzü üstə yerə döşəndi. Sonra ayağa durub Allahı görməyə çalışdı. Yenə qayalar şaq-şaq şaqqıldadı:
– Məni görə bilməzsən, amma mən səni görürəm, sözünü de.
– Dünyanı niyə başlı-başına buraxmısan, ey xudavəndi-aləm, görmürsənmi, zülm ərşə dayanıb?
– Dünyanın dərdi sənə qalmayıb, sözünü de.
– Sözüm odur ki, mənim ruzumu ver. Qoy halal zəhmətimlə halal çörək qazanıb balalarımı saxlayım.
– Verdim, get.
Kişi dayandı, ətrafa boylandı, istədi, yola düşsün, amma əkinçi yadına düşdü. Yenə dağlar səsə gəldi:
– Niyə getmirsən?
– Bir şikayəti də sənə yetirməliyəm. Bir kəndçi var. Taxılı biçmək istəyəndə zəmi od tutub yanır, qoyma, yansın.
– Gedəndə o kişiyə deyərsən ki, zəminin ortasında balaca bir təpə var, orada qızıl basdırıblar. Gün qızanda qızıllardan qığılcım qalxıb zəmini yandırır. Təpəni qazıb qızılları çıxartsın.
Kişi yenə baş əydi. İki-üç addım gedib ayaq saxladı:
– Xudavəndi-aləm, qəzəbinə keçsəm də, bir padşahın dərdini sənə deyəcəyəm.
– Bilirəm, – deyə yenə qayalar şaqqıldadı. – O padşah oğlan paltarı geyinmiş qızdır. Ərə getməyib günah işləyir. Denən ərə getsin.
Kişi hər şeyin Allaha əyan olduğunu başa düşdü və təəccübləndi ki, görəsən, bu hikmət sahibi özü niyə işə qarışmır, gözünün qabağında baş verən haqsızlıqların kökünü niyə kəsmir? Əlini çiynindəki heybənin üstünə qoyub gözünü yenə qayalara zillədi.
– Bəs canavara nə deyim, acından ölən canavara?
– Deynən ki, ağılsız insanları ona yem verdim.
Qayalar şaqqıldadı, sonra da silkələnib elə bil yerə yapıxdılar. Kişi istədi, geri qayıtsın, amma ayaqlarının sızıldadığını, neçə gündə dilinə bir tikə çörək dəymədiyini indi başa düşdü, çəmənlikdə bardaş qurub heybəsini açdı…
Gün çırtdayan kimi yolu əlinə alıb geri qayıtdı. Elə bil quş kimi qanad açmışdı. Özü də hiss eləmədən bir göz qırpımında gəlib kəndçinin yanına çıxdı. Gördü ki, taxıl yetişib, kişi isə əlində oraq oturub ağlayır. Ona heç nə demədi, qolundan tutub zəminin ortasındakı təpəyə gətirdi. Dinməz-söyləməz torpağı qazdılar, qızıl dolu küpləri çıxartdılar.
– Taxılı yandıran budur. Daha yanmayacaq, arxayın ola bilərsən.
Kişi üst-başının torpağını silib ayağa durdu. Getməyə hazırlaşırdı. Əkinçi onun qolundan yapışdı:
– Hara gedirsən? – dedi. – Bu qızıllar bizim nəvə-nəticələrimizə, lap kötücələrimizə də çatar. Gəl qardaş malı kimi tən yarı bölək, yarısı sənin, yarısı mənim, apar balalarının yanına.
– Yox, o, sənin qismətindir, xərclə, halal xoşun olsun. Allah mənim də ruzumu verib, gedirəm evə.
Əkinçi çox dedi, kişi az eşitdi və yola rəvan oldu. Axşamüstü gəlib padşahın çadırına çıxdı. Padşah hamını çadırdan qovdu. İkisi qaldı. Kişi gördü ki, şah taxtında əyləşib və az qalır ki, səbirsizlikdən bağrı partlasın.
– Tapdınmı?
– Tapdım.
– Nə dedi?
– Dedi ki, sən qızsan.
Şah taxtından sıçrayıb əli ilə kişinin ağzını yumdu. Döyükə-döyükə ətrafa boylandı. Onun titrək bədəni kişinin bədəninə qısıldı və şah onu çəkib çadırın küncündəki ipək döşəyin üstündə oturtdu. Özü də yanında əyləşdi. Papağını çıxartdı. Onun şəvə kimi saçları çiyninə töküldü.
– Düzdür, mən qızam. Ancaq bu sirri indiyəcən bir Allah bilirdi, bir də mən. İndi isə bu sirri bilən üçüncü adam sənsən. Gəl məni al.
Kişinin heyrətdən ağzı açıla qaldı. Həyəcanla qıza baxdı:
– Şah sağ olsun, mənim arvadım, uşaqlarım var.
– Bilirəm. Onları da götürüb saraya gətirərik. Sənə ayrıca ev-eşik, bağ-bağça verərəm. Sən yenə öz ailənlə yaşayarsan, amma mənimlə də gizlincə kəbin kəsdirərsən. Bu işdən heç kəsin xəbəri olmaz. Mən yenə kişi paltarında şahlıq eləyərəm.
Kişi razı olmadı, qız nə illah elədisə, kişini yola gətirə bilmədi. Axırı əlacı kəsilib kişini çadırdan yola saldı.
Artıq evə çatmışdı. Kəndləri, ucqarda bacası tüstülənən qara damı görünürdü. O, qollarını açıb yüyürdü və birdən özünü üstünə axşam qaranlığı çökmüş düzənlikdə gördü. Gördü ki, gün yaxıb, adamın bədəninə üşütmə gətirən asta külək əsir, kol-kosu qatıb dığırlaya-dığırlaya aparır. Qulağına vahiməli bir canavar ulaması gəldi. Yenə uzaqdan qaraltı göründü, yenə bu qaraltı böyüdü və canavara dönüb onun qabağında dayandı. Kişi tanıdı: bu, həmin canavar idi.