Könlüm Qarabağdadır. Теймур Эльчин
Чтение книги онлайн.
Читать онлайн книгу Könlüm Qarabağdadır - Теймур Эльчин страница 1
“Teymur müəllimdə yaşdan asılı olmayan bir müdriklik və ağsaqqallıq sanbalı var idi və bu, insanın sonradan, yəni yaşlaşdıqca əldə etdiyi müdriklik və ağsaqqallıq sanbalı yox, elə bil ki, gendə olan, gendən gələn bir xüsusiyyət idi”.
Ön söz
Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1925-ci il martın 28-də Azərbaycanın qədim yurd yerlərindən olan Şuşa şəhərində dünyaya gəlmişdir (müəyyən səbəblərdən bu tarix bütün çap materiallarında və internet resurslarında 1924-cü il kimi göstərilsə də, dəqiq tarix 1925-ci ildir). Atası Süleyman kişi el sənətkarlığı ilə məşğul olmuş, öz müdrikliyi, ağsaqqallığı ilə seçilmişdir. Anası Hafizə xanım çoxlu sayda şifahi xalq ədəbiyyatı nümunələrini bilən güclü yaddaş sahibi olmuşdur. Dövrün maarifçi ziyalılarından olan əmisi Yusif Əliyev Qori Müəllimlər Seminariyasında təhsil almış, Firidun bəy Köçərlinin yaxın məsləkdaşlarından və Azərbaycanca-rusca lüğətin müəlliflərindən biri olmuşdur. O, 1938-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün edilmişdir. Stalinin ölümündən sonra bəraət almış və təxminən, 1956-cı ildə Bakıya qayıtmışdır. Məşhur tarzən Məşədi Cəmil və onun oğlu, Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov da T.Elçinin ana tərəfdən yaxın qohumları olmuşlar.
T.Elçinin Azərbaycan folkloruna və ədəbiyyatına maraq və sevgisi, həmçinin, xarakterindəki saflıq, dürüstlük, vicdanlılıq, qayğıkeşlik və başqa bu kimi insani keyfiyyətlər də məhz genetik olaraq valideynlərindən, böyüdüyü mühitdən və torpaqdan qaynaqlanmışdır.
1931-ci ildə ailə Bakıya köçmüş, T.Elçin orta və ali təhsilini Bakı şəhərində almışdır.
T.Elçin Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. Gənc yaşlarından etibarən yüksək vəzifələrdə çalışmış, Azərbaycan SSR Ali Sovetinin V, VI, VII, VIII çağırışlarına deputat seçilmiş, vicdanlı və məsuliyyətli ictimai-siyasi xadim kimi fəaliyyət göstərmişdir. Bütün bunlarla yanaşı, istedadlı şair kimi maraqlı əsərlər müəllifi olan T.Elçin Azərbaycan uşaq ədəbiyyatının inkişaf və zənginləşməsinə öz töhfələrini vermiş, həmçinin, dünya ədəbiyyatının bir sıra nümunələrini yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə etmişdir. T.Elçin ədəbi və ictimai-siyasi xadim kimi göstərdiyi fəaliyyətinə görə bir sıra yüksək mükafatlara layiq görülmüş, orden və medallarla təltif edilmişdir.
T.Elçin bədii yaradıcılığa kiçik yaşlarından başlamış, ilk mətbu şeiri olan “Azərbaycan” 1938-ci ildə çap edilmişdir. Yazıb-yaratmaq istedadı doğulduğu yurd yerinin füsunkar təbiətindən, torpağından, havasından, suyundan canına-qanına hopmuş və zaman keçdikcə bədii yaradıcılıq onun həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
T.Elçin yaradıcılığının əsas aparıcı xətti uşaq ədəbiyyatı ilə bağlıdır. Onun bu istiqamətdə yazılmış əsərləri çeşidli janrları əhatə etməklə böyük əksəriyyətlə folklordan bəhrələnmə əsasında yaradılmışdır. Məsələn, tapmaca və yanıltmaclardan nümunələrə diqqət çəkək. Tapmacalar:
Balacayam, sarıyam,
Deməyin ki, darıyam.
Sizə çörək oluram,
Zəmilərin barıyam.
Balaca bir quşam mən,
Budağa qonmuşam mən.
Hər tərəfə qar yağıb,
Soyuqdan donmuşam mən.
Yem gəzirəm, cik-cirik,
Görməsin məstan pişik.
Yanıltmaclar:
Gedirdi kar kosa, kor kosa,
Dolaşdı kor kosa kol-kosa,
Dalaşdı kor kosa, kar kosa.
Alabaşın başı ala,
qaşı qara,
Qarabaşın qaşı ala,
başı qara.
Qarğa qırdı qarğını,
Qırğı gördü qarğanı.
Qırğı tutdu qarğıdan,
Qarğa qaçdı qırğıdan.
Qovdu qırğı,
Sındı qarğı.
Uçdu qarğa,
Qarr, qarrr.
Folklordan gəlmə standart qəliblər əsasında yaradılmış bu örnəklər struktur və məna-mahiyyət baxımından şifahi xalq ədəbiyyatının sözügedən janrlarına müvafiq şəkildə qurularaq, eyni məqsəd-mərama – tapmacalarda uşaqların düşünmək qabiliyyətlərinin və dünyagörüşlərinin formalaşmasına, yanıltmaclarda isə, başlıca olaraq, eyni, yaxud oxşar səs və söz oyunları vasitəsilə düzgün tələffüz vərdişlərinin yaranmasına və nitq inkişaflarına, həmçinin, yaddaşın möhkəmlənməsinə hesablanmışdır.
T.Elçin səs və söz oyunundan təkcə yanıltmaclarda deyil, digər şeirlərində də istifadə etmişdir. Burada isə məqsəd uşaqların diqqətini omonim sözlərin məna müxtəlifliyinə yönəltməkdir. Məsələn:
– Budağı tut,
Budağı tut!..
Budaq qaçdı,
Töküldü tut.
Elşən girdi palçığa,
Üst-başını buladı.
Toplan görüb utandı,
Quyruğunu buladı.
Sadə və axıcı dillə, uşaqların yaş xüsusiyyətlərini, psixologiyasını, maraq dairəsini nəzərə almaqla yaradılmış belə örnəklər qarşıya qoyulan məqsədə nail olmaq üçün daha effektiv təsirə malikdir.
T.Elçinin şeirlərinə bəstələnmiş “Can nənəm”, “Sərçə”, “Mən kiməm”, “Gözəl vətən”, “Gəl, bahar”, “Bip-bipin nəğməsi”, “Bizim həyət” və başqa bu kimi nəğmələr balacaların ən sevimli nəğmələri sırasındadır. Müxtəlif mövzuları əhatələyən bu nəğmələr uşaqların əyləncəsini təşkil etməklə yanaşı, estetik zövqlərinin formalaşmasına müsbət təsir göstərir, onlara gözəl mənəvi keyfiyyətlər təlqin edir:
Qucağında, nənə, sən
Layla dedin mənə sən.
Mənim mehriban nənəm,
Əziz nənəm, can nənəm!
Böyümüşəm, nənə, mən,
Qoy tutum əllərindən.
Mənim mehriban nənəm,
Əziz nənəm, can nənəm!
Ümumiyyətlə, T.Elçinin yaradıcılığında valideyn-övlad, nənə-nəvə, baba-nəvə münasibətləri qabarıq şəkildə müşahidə edilir. “Anamın laylası”, “Can nənəm”, “Nənəm səməni qoydu”, “Çayın o tayına keçirdi nənə”, “Qocalıbdır Bahar