Ev. Натиг Расулзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Ev - Натиг Расулзаде страница 4
–Əlbəttə,– dedim. Hansı işdən desəniz, yapışmağa hazıram…
– Nə?– Rəis bir qədər inamsız soruşdu, hiss olundu ki, çiyinlərindən dağ düşdü. Yəqin ki, mənim üzüyola olduğuna o qədər də ümid etmirmiş, yeni adama ehtiyatla yanaşması təbiiydi. – Qərarınız məni sevindirdi-sadəlövhlüklə mızıldandı.– Başa düşürsünüz də, burada bizim üçün hər işlək əl qiymətlidir. Biz çox deyilik, amma iş-güc çoxdur, zorla çatdırırıq. Belə yaşayış, acından ölməmək üçün yalnız özünə güvənmək tamam başqa şeydir, elə deyilmi?– Şəhər deyil ki, hər şey hazır olsun,-deyib kişi yenidən susdu.
Rəisin davam etmək fikrində olmadığını görüb dilləndim.
– Aydındır. Bəlkə əyləşəsiniz?
O, səksənib fikirlərindən ayrıldı.
– Ah, yox! Gəldim sizi çağırım ki, bir az toqqanın altını bərkidəsiniz. Sonra isə istəsəniz, təsərrüfatımızla tanış olarsınız və sizə bir iş taparıq. Nə bacarırsınız?
Sual mənə o qədər qəribə gəldi ki, qulaqlarım cingildədi. Bu sual qatarın məni aldığı dünyaya məxsus deyildi. Bu sual oturduğum ələmli otaqda asılıb qalmayacaq qədər buraya aiddi… «Nə bacarırsınız?» deyə, soruşdu adam və sual ötüb keçmiş küləyin təsirilə hələ də yellənən budaq kimi qulağımda səslənməkdəydi. Xatırlamağa çalışdım, görüm hansı işi bacarıram ki, yerinə düşsün. «O» həyatımda (bu da maraqlı məqamdır, buraya gəlişimlə mənim, yəqin ki, elə onların da həyatımız xətlə iki- bu Şəhərciyə varid olmamışdan əvvəlki və bu stansiyaya düşdüyümüz-dövrə bölünmüşdür) məşğul olduğum cızmaqaraçılıq kimi boş-boş iş burada keçməz, əhalisi çox olan böyük şəhərlərdə çızmaqaraçılıqla çörək pulu qazanan olar, burada əsl işdən yapışmaq lazımdır. Əsl. Mən nə bacarıram?
– Az-maz massaj və iynəterapiya ilə məşğul oluram. Ağrıları, yorğunluğu, yuxusuzluğu götürürəm.
– Pis deyil?-deyib rəis intizarla mənə baxdı.Yəni, daha nə bilirsən?
– Lap əvvəllər inşaatda işləmişəm, iribloklu evlər üçün panel hazırlayırdım.
– Bu iş çətin bizə gərək olsun.
– Hə,-uzaq keçmişimi xatırladım- məncə, bu iş yarayar: ağaclara qulluq etməyi çox sevirəm. Uşaq olanda bağımızda atam öyrətmişdi. Meyvə ağaclarımız, qızılgül kollarımız vardı. Öhdəsindən gəlirdim.
– Yaxşıdır, bu, işə yarayar, düzdür, bağbanımız gözətçidir, amma sən ona kömək edə bilərsən. Olar?
–Əlbəttə, məmnuniyyətlə,-deyə cavab verdim.
– Danışdıq.
– Mən torpağı şumlayıb yumşalda, əkin üçün qaza bilərəm.
Rəis gülümsəyib dedi:
– Başa düşdüm.
– Bir az dülgərlik də etmişəm. Bu, çoxdan olub, amma lazım gəlsə yadıma sala bilərəm.
– Yaxşı. Aşağıya enək. Indi gün-günortadı, gündüzlər bizdə heç kim dincəlmir, yalnız gecələr. Indi gəlsəniz də, sizə istisna edə bilmərik.
– Oldu, – dedim. -Onsuz da istirahət etmək fikrim yoxdu.
Otaqdan çıxdıq, qapı nə içəridən, nə də bayırdan bağlanmırdı. Ensiz, cırıltılı pilləkəndən (ta alışana qədər burada hər şey adama dar və cırıltılı gəlir, otaqlar vaqon kimi dar, dəhlizlər dar, eyni vaxtda iki adam keçə bilməz, hətta salon da uzunsovdu, döşəmələr cırıldayırdı, böyük, lakin ensiz soba tavana çatırdı, köhnə parovozların tenderinə bənzəyirdi) enib salona düşdüm.
– Hə, bax, daha bir şey,-dedim, qeyri – şüuri olaraq cəmiyyətin hüzurunda üzə çıxarılmalı şeyi axıra saxlamışdım, artıq salonda cəmiyyətin qarşısındaydıq.-Moment,-deyib əlimi rəisin çiyninə saldım və ucu görünməyən qırmızı lenti çəkdim,-Hop!-bu dəfə onun qulağının ardından qızıl sikkə çıxarıb nümayiş etdirdim.
– O!-Stansiya rəisi heyrətlə səsləndi: – qızıl sikkə.
Mən ovcumu açıb heyrətdən nəfəsini çəkməyən tamaşaçılarıma kiçik sarı sikkəni göstərdim.
Stansiya rəisi əlini qızıla uzadıb dedi:
–Çoxdandır pula əlim dəyməyib. Onu mənim qulağımdan çıxardınız?
– Buna bənzər bir şey-deyə dəqiq cavabdan yayındım.
– Demək, bu mənimdi?-Rəis sadəlöhvcəsinə maraqlandı.
– Yox,-dedim-Bu mənimdir. Mən sizə sadəcə fokus göstərdim.
– Fokus?
– Bəli. Bu, fokusdur, – izah etməyə başladım, – əlin cəldliyi, başa düşürsünüz?
– O qədər də yox,-rəis etiraz etdi-Demək pul mənim deyil?
– Ata,-rəisin qızı söhbətə qarışdı,-bu fokusdur, sirkdə göstərirlər ha, yadına düşür?
– O qədər də yox,– az-maz. Fokus,– fikirli-fikirli təkrar edib könülsüz halda sikkəni özümə qaytardı.
– Imkan olduqda əlinizin cəldliyini bizə göstərə bilərsinizmi? – Rəisin qızı bir az nazlana-nazlana soruşdu. – Belə gözəl şeyləri çoxdan yadırğamışıq.
–Əlbəttə, məmnuniyyətlə,-dedim.
Hamı buradaydı, stansiyanın rəisi təkrar bizi bir-birimizə təqdim etdi- Onlar ağızlarını açıb yenə mənə ekzotik möcüzə, qeyri-adi məxluq kimi tamaşa edirdilər. Görünür, mən buradakı çox şeyi dərk edə bilmədiyim kimi, onların da ağlı kəsmir