Hekayələr. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эрнест Миллер Хемингуэй страница 6
– Tam xoşbəxtlik üçün revanşla aranız necədir? – o soruşdu.
– Ürəyiniz istəyirsə.
– Əgər siz etiraz etmirsinizsə, istəyir.
– Neçədən?
O, pul kisəsini çıxartdı, içinə baxdı və şaqqanaq çəkdi.
– Əslinə baxanda mənim üçün fərqi yoxdur, – o dedi, – məsələn, səkkiz min pesetdən. Məncə, o qədər pulum olar.
Həmin vaxtın məzənnəsi ilə bu, təxminən min dollar edirdi.
– Yaxşı, – mən dedim və dərhal da daxili sakitlik hissim yoxa çıxdı, onun yerini mənasız risk həvəsi tutdu. – Kim başlayır?
– Siz başlayın.
Biz beş pesetlik ağır gümüş pulları ovcumuzda silkələdik. Sonra hər birimiz öz pulumuzu sol ovcumuzda tutub sağ ovcumuzla üstünü örtdük.
– Sizdəki nədir? – o soruşdu.
Mən sağ əlimi götürdüm və XIII Alfonsun uşaqlıq profilinin üstünü açdım.
– Kral, – dedim.
– Bu kağızları götürün və lütfən, içki sifariş edin. – O, pul kisəsinin içini boşaltdı. – Məndən yaxşı qoşalülə alarsınızmı?
– Yox, – dedim. – Qulaq asın, Luis, əgər sizə pul lazımdırsa…
Mən qalın, parıltılı-yaşımtıl rəngli minlik pul dəstəsini ona uzatdım.
– Səfehləməyin, Enrike, – o dedi. – Biz mərc gəldik, elə deyil?
– Elədir. Amma biz bir-birimizi kifayət qədər tanıyırıq.
– Görünür, o qədər də yaxşı tanımırıq.
– Yaxşı, – mən dedim. – Özünüz bilərsiniz. Nə içəcəyik?
– Kinəli cinlə aranız necədir? Qəşəng içkidir.
Biz kinəli cin içdik, onu pulsuz qoyduğuma görə özümü xeyli pis hiss etsəm də, udmağıma şad idim və kinəli cin mənə əvvəllər olduğundan daha dadlı gəldi. Belə şeylər haqda yalan danışmaq və udmağına guya sevinmədiyini söyləyərək riyakarlıq etmək nəyə lazımdır? Amma bu Luis Delqado yaman oyunçu idi.
– Düşünmürəm ki, cibinə baxıb oynamaq ləzzət versin. Necə düşünürsünüz, Enrike?
– Bilmirəm. Heç vaxt cibimə görə oynamamışam.
– Yalan danışmayın. Sizin ki pulunuz çoxdur.
– Təki elə olaydı, – dedim. – Amma elə deyil.
– O-o, hər bir kəsin pulu ola bilər, – Delqado dedi. – Nəyisə satırsan və budur, pulun var.
– Amma mənim satmağa da bir şeyim yoxdur. Məsələ bundadır.
– Yaxşı görək. Mən hələ elə amerikalıya rast gəlməmişəm. Siz hamınız varlısınız.
Həmin günlər üçün o, haradasa haqlı idi. O vaxtlar nə “Ritsa”da, nə “Çikote”də başqa amerikalıya rast gələ bilməzdin. İndi isə Çikotenin yanına gəlməklə o, əvvəllər rast gəlmədiyi amerikalıları görə bilərdi. Mən heç, mən istisna idim və onu burada görməmək üçün çox şey verərdim.
Amma bir halda ki bu boyda ağılsızlığa yol verib, “Çikote”də peyda olub, qoy təqsiri özündə görsün. Buna baxmayaraq Delqadonun arxasında oturduğu masaya göz qoyarkən və keçmişi yada salarkən mənim ona yazığım gəlirdi, ofisianta əks-kəşfiyyat idarəsinin telefon nömrəsini verdiyim üçün özümü qınayırdım. Əlbəttə, ofisiant özü də məlumat bürosuna zəng vurub bu nömrəni öyrənə bilərdi. Amma mən ona Delqadonu tutmağın qısa yolunu göstərdim.
Mən bunu ədalət hissinin birdən-birə içimdə baş qaldırdığı anda etmişdim; həm də yazıçı kimi, insanın özünü kəskin emosional konflikt anında necə aparacağını görmək həvəsim üstün gəlmişdi, yazıçıların məhz bu xüsusiyyəti onları başqaları üçün cazibədar dosta çevirir.
Ofisiant yaxınlaşdı.
– Nə düşünürsünüz? – o soruşdu.
– Şəxsən mən heç vaxt onu ələ verməzdim, – öz-özümə bəraət qazandırmaq üçün dedim. – Ancaq mən əcnəbiyəm, bu isə sizin müharibənizdir, qərarı da siz verməlisiniz.
– Siz, heç olmasa, bizim tərəfimizdəsiniz?
– Bütünlüklə və həmişəlik. Amma bu o demək deyil ki, mən köhnə dostları sata bilərəm.
– Bəs mən?
– Burada vəziyyət tamam başqa cürdür.
Mən hər şeyin dediyim kimi olduğunu bilirdim və ona görə başqa cür danışa bilməzdim, ancaq ofisiantın yerinə olsaydım, belə sözlər eşitməməyə üstünlük verərdim.
Əslində, belə vəziyyətlərdə insanların özlərini necə aparacaqlarına olan marağımı çoxdan təmin etmişdim və məyusedici nəticələrə gəlmişdim. Mən üzümü Cona çevirib Luis Delqadonun oturduğu masaya tərəf baxmadım. Bilirdim ki, təyyarəçi kimi bir ildən artıq faşistlərə xidmət edib. Buraya isə Fransada təlim keçən üç cavan respublikaçı təyyarəçi ilə birgə gəlmişdi, özü də əyninə respublika ordusunun formasını geymişdi.
Bu cavanlardan heç biri onu tanıya bilməzdi və o, bura, bəlkə, təyyarə qaçırmaq, bəlkə də, başqa bir ziyan vurmaq üçün gəlmişdi. Amma hər nə məqsədlə gəlmişdisə də, “Çikote”də görünməyi ağılsızlıq idi.
– Con, özünüzü necə hiss edirsiniz? – mən soruşdum.
– Yaxşı hiss edirəm, – o dedi. – Yaxşı içkidir, okey. Məni bir az kefləndirib. Amma başımdakı küyü azaldır.
Ofisiant