Uzaq sahillərdə. Имран Касумов

Чтение книги онлайн.

Читать онлайн книгу Uzaq sahillərdə - Имран Касумов страница 4

Uzaq sahillərdə - Имран Касумов Azərbaycan ədəbiyyatı

Скачать книгу

* *

      Həmin vaxt Triyestin küçələrində müharibə dövrünə xas olan adi həyat hökm sürürdü.

      Şəhər tramvayı başqa sərnişinlərlə bərabər ober-leytenantı və onun əsgərini funikulyorla yuxarı aparırdı.

      Onlar tramvaydan düşüb sərt qayalıqları dırmaşmağa başladılar. Bu hündürlükdən baxanda aşağıdakı evlər balaca oyuncaqlara oxşayırdı. Onların durduğu yer Opçina adlanırdı.

      – Bura bax, Vasya, – ober-leytenant astadan Körpəyə müraciət etdi, – o nə idi, şəhərin içində Anjelikanı qucaqlayırdın?

      Vasya gülümsündü:

      – Bütün almanlar qızlarla belə gəzirlər.

      – Lazım deyil, Vasya. Əvvəla, bu hərəkətin yerli əhalidə Anjelikaya qarşı nifrət oyada bilər. İkincisi də, Anjelika gözəl qızdır, başqaları da sənə baxıb onu qucaqlamaq fikrinə düşərlər.

      Vasyanın sifəti ciddi ifadə aldı. Ağımtıl qaşları çatıldı.

      – Yaxşı, daha elə hərəkət etmərəm.

      Ober-leytenant cib saatına baxıb gözünü Vasyaya zillədi:

      – Bu nə deməkdir?

      – Nə qədər keçib?

      – 28 dəqiqə.

      – Otuz olmalıdır.

      – Vasya! – qəfil pıçıltı eşidildi.

      Onlar səs gələn tərəfə döndülər.

      Anjelika onlardan bir az aralıda həyəcanlı vəziyyətdə dayanmışdı.

      – Necə oldu? – qız onlara yaxınlaşaraq soruşdu.

      Ober-leytenant yenə saatına baxdı.

      – Neçədir? – Vasya soruşdu.

      Ober-leytenant güclə özünü ələ alaraq cavab verdi:

      – Bir dəqiqə ötüb.

      Anjelika sualedici nəzərlərlə gah Vasyaya, gah da zabitə baxırdı.

      – Heç bir şey başa düşmürəm, – ober-leytenant gözlərini şəhərə zilləyərək dilləndi. – Vasya, axı sən əlüzyuyan otaqda kapsulu sındırdın.

      – Hə… 30 dəqiqəlik kapsulu… Bəlkə, onlar stolun altındakı çantanı görüblər?

      – Yox, Vasya, hər şey əvvəlcədən yaxşı düşünülmüşdü. Axı dəsmalları nahaq yerə dəyişdirmədik! Vərəqələr onların diqqətini yayındırmalı idi…

      Birdən şəhər üzərində uzaqvuran topların yaylım atəşinə bənzər boğuq bir partlayış səsi eşidildi.

      Üçü də diksinib şəhərə tərəf çevrildi.

      Qeqqa küçəsindən sarımtıl tüstü sütunu qalxıb bir an içində qaraldı, yavaş-yavaş şəhərin üstünə enərək küçələri kül və toz qatı ilə örtməyə başladı.

      – Viva aminçi! Yaşasın azadlıq! – Anjelika cingiltili səslə qışqırdı. Sonra gülümsünüb səsini yavaşıtdı və sirr açırmış kimi pıçıldadı: – Yoldaş Mixaylo, heç bilirsiniz, yerli əhali sizi necə adlandırır? Onlar adınızı «Spartak» qoymuşlar.

      Birdən yaxındakı qayaların dalından boz rəngli palto geymiş bir adam çıxdı. O, bir sıçrayışla bu üç dostun yanına çatıb onları qayanın dalına itələdi.

      Bayaq onların durduğu yerdən indi addımlarını yerə döyə-döyə alman keşikçiləri keçirdilər.

      Patrullar uzaqlaşdıqdan sonra gələn adam rahatlıqla nəfəs aldı və Mixayloya tərəf dönərək rus dilində dedi:

      – Cavan oğlan, binanı partladanda bir az ehtiyatlı olmaq lazımdır.

      Mixaylo qəddini düzəltdi.

      – Başa düşmürəm, – deyə yad adamın gözlərinin içinə dik baxaraq təmiz alman dilində təkəbbürlə cavab verdi.

      Yad adam gülümsündü:

      – Yaxşı, bizim mübahisə etmək üçün vaxtımız yoxdur. Sizinlə mühüm bir məsələ haqqında danışmalıyam.

      Mixaylo cavab vermir və nüfuzedici nəzərlərlə təzə gələn adamı süzürdü.

      Yad adam dönüb tərəddüdlə Vasyaya və Anjelikaya nəzər yetirdi. Mixaylo da onlara baxdı. Onlar dinməzcə kənara çəkilib söhbətin nə ilə nəticələnəcəyini gözlədilər.

      – Briqadanın qərargahına xəbər verin ki, – yad adam sözə başladı, – bu gün bizim təyyarə yeddinci təpənin üstündən uçmayacaq. Həm də mənimlə təzədən görüşmək üçün vaxt təyin etsinlər.

      Mixaylo susur, yad adamın bir hərəkətini belə gözdən qaçırmamaq üçün diqqətlə ona fikir verirdi. Naməlum adam ciblərini axtarıb siqaret çıxartdı, birini yandırıb çəkməyə başladı. Mixaylo qutunun üstündə italyan nişanı olduğunu gördü. Lakin bunun məsələyə heç bir dəxli yox idi. Əsas məsələ bu deyildi. Bu adam onu tanıyırdı. Özü də bu gün yeddinci təpəyə təyyarədən yük atılacağını bilirdi.

      Naməlum adam köksünü ötürdü:

      – Mənə inanmırsınız?.. Çox təəssüf! Müttəfiqlər belə hərəkət etməməlidirlər.

      Mixaylo yenə də susurdu, hər şeyi lazımınca fikirləşmək üçün vaxtı uzadırdı. O da siqaret çıxarıb yandırdı.

      – Sağlıqla qalın! – naməlum adam dostcasına gülümsündü. – Mən sizi təqsirləndirmirəm. Bəlkə, bu cür də hərəkət etməliydiniz. Sizə yaxşı yol!

      – Dayanın! – Mixaylo onu astadan çağırdı.

      Naməlum adam dayandı. Mixaylo qəti bir səslə dedi:

      – Siz heç yana getməyəcəksiniz. Sizi özümlə aparıram. Yol uzundur. İkilikdə xoş keçər.

      Naməlum adam bir qədər fikirləşdikdən sonra yaxınlaşıb əlini onun çiyninə vurdu:

      – Nə deyirəm, düzgün qərardır… Demək, ehtiyat edirsiniz… Gedək…

      Onlar söhbət edə-edə qayaların dalından çıxdıqda Vasya ilə Anjelika təəccüblə bir-birinə baxdılar.

* * *

      «Döyçe soldatenhaym» binası ucalan yerdə indi daş daş üstündə qalmamışdı.

Скачать книгу