Gizli laborotoriya. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Gizli laborotoriya - Энид Блайтон страница 2
– Lap yaxşı! Deməli, həmişə olduğu kimi evdə barmaqlarımızın ucunda gəzməli, pıçıltı ilə danışmalı olmayacağıq. Azacıq səs gələn kimi Kventin əmi üstümüzə acıqlanırdı. Qoy atan adada istədiyi qədər qalsın. Biz də Kirrin-kottecdə ağlımıza gələni eləyərik! Bu ki çox yaxşıdır, Corc!
Sonuncu rüb başa çatmaq üzrə idi, yay tətili yaxınlaşırdı. Enn səbirsizliklə Kirrin körfəzinə gedəcəkləri günü gözləyirdi. Yenə körfəzin qumlu sahilində gəzəcək, dumduru sularında çiməcək, sıldırım qayalara dırmaşacaqdılar. Qızın qardaşları Culianla Dik də artıq bir aydan çox idi ki, bu xəyallarla yaşayırdılar. Onların dərs ili də qızlarla eyni vaxtda başa çatırdı. Tətil başlayan kimi Londonda görüşüb oradan da Kirrin körfəzinə yola düşəcəkdilər.
Nəhayət, uşaqların çoxdan gözlədikləri gün gəlib çatdı. Onlar əşyalarını bel çantalarına yığıb məktəbin böyük zalında gözləyirdilər. Xeyli valideyn övladlarını internat məktəbindən evə aparmaq üçün şəxsən gəlmişdi. Odur ki məktəbin həyətində maşın əlindən tərpənmək olmurdu. Uşaqların bir hissəsini isə məktəbin avtobusu dəmiryolu stansiyasına aparacaqdı. Ətrafda möhkəm hay-küy var idi. Müəllimlər uşaqları sakitləşdirib onlara son tövsiyələrini verməyə çalışırdılar.
– Gör mənə qulaq asan var?! – müəllimlərdən biri bu hay-küydə səsi eşidilsin deyə az qala qışqıraraq dedi.
– Yaxşı ki, bu gün çıxıb gedirlər, – başqa bir müəllim dilləndi. – Corc, hara gedirsən? Dayan görüm! Belə qaçmaq olmaz axı! Özü də itlə!
– Artıq tətil başlayıb, ona görə də olar! – Corc bunu deyib yenidən qaçmağa başladı.
Avtobus bir göz qırpımında uşaqları dəmiryolu stansiyasına çatdırdı. Onlar hay-küylə vaqonlara doluşdular.
Hər ağızdan bir avaz gəlirdi: «Bu mənim yerimdir! Qızlar, bel çantamı görməmisiniz ki? Qatar fit verdi! Ura! Yola düşürük!»
Teplovoz ağır-ağır platformadan tərpəndi, içi məktəblilərlə dolu vaqonları da çəkib özü ilə apardı. Stansiyaları, tarlaları, qəsəbələri geridə qoyub, nəhayət, dumanlı Londona yaxınlaşdı.
– Oğlanların qatarı bizimkindən iki dəqiqə əvvəl gəlməli idi, – London vağzalının platformasına yaxınlaşanda pəncərədən baxan Enn dilləndi. – Əgər gecikməyibsə, onlar bizi platformada gözləməlidirlər. Bax, Corc, ordadırlar!
Corc da pəncərədən çölə boylandı.
– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!
Kirrin-kottecdə
Culian, Dik, Enn, Corc və Timmi platformanı tərk edib vağzalın yaxınlığındakı kafeyə yollandılar ki, limonad və kişmişli bulka ilə toqqanın altını bərkitsinlər. Nəhayət, onlar yenə bir yerdə idilər! Bu ki qiyamətdir! Timmi oğlanları görəndə elə sevinmişdi ki, kafedə oturduqları müddətdə elə hey onların dizinin üstünə çıxmağa çalışırdı.
– Bura bax, dostum, mən də səni çox istəyirəm, yenidən görüşdüyümüzə görə də çox şadam, – nəhayət, Dik dözməyib dedi, – amma bir az sakit olsan, yaxşıdır. Artıq ikinci dəfədir ki, stəkanımı aşırıb limonadı üstümə tökürsən! Belə olmaz axı! Corc, o, yataqxanada da özünü belə aparırdı?
– Timmi cəmi bircə dəfə anbardan ət oğurlayıb, – Corc gülümsəyərək dedi. – Ayaqqabılarımızı da əvvəlki kimi çeynəyib pis günə qoymurdu. Düzdür, hərdənbir olurdu, lakin kimsə öz çəkmələrini otağın ortasına atıb gedirsə, məgər buna görə Timmi günahkardır? Yazıq it, sadəcə, bir az oynamaq istəyir, vəssalam!
Corc da pəncərədən colə boylandı.
– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!
– Hə, Timmi çəkmələrlə oynayandan sonra onların nə günə düşdüyünü təsəvvür eləyirəm, – bu dəfə Culian dilləndi. – Yəqin ki, lap it ağzından çıxmış kimi olurlar! – oğlan bunu deyib qəhqəhə çəkdi. Sonra üzünü Timmiyə tutub dedi:
– Dostum, deyəsən, bu rüb davranışdan qiymətlərin yaxşı deyil, hə? Kventin əmi bunu eşitsə, səni yaxşıca cəzalandırar!
Bayaqdan bəri üzündən təbəssüm əskik olmayan Corc atasının adını eşidən kimi qaşqabağını tökdü. Bunu görən Dik cəld dilləndi:
– Görürəm, əziz əmiqızımız yenə mısmırığını salladı. Deyəsən, o heç dəyişməyib!
Əmisi uşaqlarından uzaqda böyüyən Corc yeni tanış olduqları vaxt onlarla ünsiyyət qurmaqda çətinlik çəkmişdi. Ailənin tək övladı olan Corc əmisi uşaqları ilk dəfə Londondan Kirrin-kottecə gələrkən onları kobud qarşılamış, onlarla oynamaq istəməmişdi. Lakin sonradan uşaqlar bir-birinə isinişib dostlaşmışdılar. Dik də elə bunu nəzərdə tuturdu.
– Heç də elə deyil! – Enn əmisi qızını müdafiə elədi. Sonra oğlanlara Corcun anasının yazdığı məktub barədə hər şeyi yerli-yataqlı danışdı.
– Bura bax, Corc, – Culian bacısının söylədiklərinə qulaq asandan sonra dilləndi, – atan bir müddət adada yaşasa, dünya dağılmayacaq ki! Bundan ötrü bu qədər narahat olmağa dəyməz. Başa düş, axı sənin atan çox yaxşı alimdir, həddən artıq ağıllı və istedadlı adamdır! Məncə, belə insanlara işləmək üçün hər bir şərait yaradılmalıdır. Əgər Kventin əmi hansısa səbəbdən Kirrin adasında işləmək istəyirsə, buna ancaq sevinmək lazımdır! Sən ona elə bu cür də cavab verməli idin: «Əlbəttə, atacan, mən buna görə çox şad olaram!»
Corc əmisi oğlunun bu sözləri ilə qəti razı deyildi, bununla belə, onun fikrinə hörmətlə yanaşdı. Culian yaşca onların hamısından böyük idi. Həm də çox ağıllı və cəsur oğlan idi. Odur ki Corc sakitcə dedi:
– Əgər sən belə hesab eləyirsənsə… Yaxşı, Culian, mən atama hirslənməyəcəyəm. Ancaq nə gizlədim, kefim tamam pozulub. Adada bizdən başqa kiminsə olmasını istəmirdim!
– Hamımız buna görə bir az məyus olmuşuq, – Culian dedi. – Ancaq nə etmək olar?! Yaxşı, bulkanı tez ye qurtar, hələ bundan sonra Londonun ta o biri başına gedib çıxmalıyıq. Yoxsa Kirrinə gedən qatara gecikə bilərik.
Uşaqlar kafedən çıxandan sonra Culian cəld bir taksi saxladı. Çox keçmədən onlar artıq Kirrin qatarında yerlərini tutmuşdular. Enn pəncərənin