Gizli laborotoriya. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Gizli laborotoriya - Энид Блайтон страница 3
– Yaxşıdır, – Fanni xala cavab verdi, – lakin axır vaxtlar çox narahat görünür. Mən heç vaxt onu bu qədər həyəcanlı görməmişdim. Buna baxmayaraq, deyəsən, elmi işi uğurla davam edir.
– Bəs son təcrübələri nə yerdədir?
– Düzünü desəm, bu barədə heç nə bilmirəm. Axı Kventin öz işləri barədə mənə heç vaxt danışmır. Lakin mənə elə gəlir ki, indi o çox mühüm elmi təcrübə aparır. Hə, bir də, deyəsən, bu təcrübənin son mərhələsi dənizin ortasında, adada keçirilməlidir. Bu barədə başqa heç nə bilmirəm.
– Baxın, bu da Kirrin adası! – Enn birdən qışqırdı.
Onlar küçəni burulub evə yaxınlaşmışdılar ki, gözləri qarşısında möhtəşəm mənzərə açıldı – Kirrin körfəzi göründü. Uzaqda, körfəzin ağzına yaxın yerdə isə bapbalaca torpaq parçası – Kirrin adası gözə dəyirdi. Adadakı qədim qəsrin dağıntıları günəşin şüaları altında çox ecazkar təsir bağışlayırdı.
Corc diqqətlə adaya tərəf baxırdı, bilmək istəyirdi ki, atası orada yeni bir qüllə tikib, ya yox? Uşaqlar da gözlərini adaya zilləmişdilər. Həqiqətən də, qəsrin lap yaxınlığında, çox güman ki, düz onun həyətində ensiz, uzun bir qüllə ucalırdı. Bu tikili qüllədən çox dəniz mayakına2 oxşayırdı. Qüllənin lap təpəsindəki otağın pəncərələri günəşin şüaları altında bərq vururdu.
– Ana, bir ora bax! Necə çirkin görünür! – Corc üz-gözünü əyişdirərək əlini adaya tərəf uzadıb dedi. – Bu mayak bütün mənzərəni korlayır!
– Əzizim, atan söz verib ki, təcrübəsini başa vuran kimi mayakı sökəcək. Yeri gəlmişkən, atan sizin hamınızı bu mayak-qülləyə tamaşa etməyə çağırıb. Əlbəttə, əgər istəyirsinizsə… Məncə, sizin üçün maraqlı olar.
– Əlbəttə! – Enn həyəcanla dilləndi. – Qüllə çox əsrarəngiz görünür. Kventin əmi indi orada təkdir?
– Hə, balaca, təkdir, – Fanni xala dedi. – Düzünü desəm, onun uzun müddət adada qalması mənim heç xoşuma gəlmir. Ən azından ona görə ki Kventin düz-əməlli yemək bişirməyi bacarmır, yəqin, bütün gün ac-acına gəzib-dolaşır. Bir də, orada başına bir iş gələcəyindən qorxuram. Belə olsa, Kventinə necə kömək eləyə bilərəm? O, adada, mən isə burada…
– Gərək Kventin əmiyə tapşırardınız ki, hər gün adadan sizə siqnal göndərsin. Onda əmin olardınız ki, hər şey qaydasındadır, – Culian dedi. – Qüllənin başından siqnal göndərmək çətin iş deyil. Gündüzlər bunu güzgüyə gün işığı salmaqla eləmək olar, gecələr isə fənərlə.
– Düz deyirsən, mən artıq ona bunu təklif etmişəm, lakin bir söz deməyib. Sabah biz hamılıqla adaya yollanarıq. Culian, onda sən bu siqnal məsələsini bir də əminin yadına salarsan. Məncə, o sənin sözünə qulaq asar.
– Necə, atam bizi öz gizli laboratoriyasına dəvət edib?! – Corcun eşitdiklərinə inanmağı gəlmirdi. – Hətta bizi apardığı təcrübələrlə də tanış edəcək?! Amma nahaq zəhmət çəkib. Şəxsən mən heç yerə gedən deyiləm! Çünki bu mənim adamdır! Başqasının orada öz evindəki kimi əmr yağdırmasını görmək istəmirəm!
– Corc, xahiş eləyirəm, yenə özündən çıxma! – Enn ah çəkdi. – Hamımız bilirik ki, ada sənindir. Atan bir müddət orada qalsa, dünya dağılmayacaq ki! Ah, Fanni xala! Corcu sizin məktubunuzu alanda görsəydiniz! Necə qəzəblənmişdi! Çox qorxmuşdum!
Fanni xala köks ötürdü. O, qızının xasiyyətinə yaxşı bələd idi. Corc nəinki başqaları, heç atası ilə də yola getmirdi. Əslində, qız xasiyyətcə atasına çəkmişdi. Bir şey olmamış eynilə atası kimi qaşqabağını töküb çiyinlərini dartırdı. «Ah, kaş Corc da əmisi uşaqları kimi sakit, mülayim, üzüyola olaydı!» – deyə Fanni xala bir anlıq qəlbindən keçirdi. Corc isə anasının üzündəki məyus ifadəni görüb öz hərəkətindən utandı. Əlini anasının çiyninə qoyub dedi:
– Yaxşı, anacan, atama heç nə deməyəcəyəm, özümü ələ almağa çalışacağam. Bəlkə, doğrudan da, o çox mühüm işlə məşğuldur… Mən də sabah sizinlə adaya gedəcəyəm.
– Ən doğrusu elə budur, – Culian dilləndi. – Görürsünüz, o artıq başqalarına güzəştə getməyi öyrənir. Corc, sən belə edəndə əsl oğlana bənzəyirsən!
Qız bu sözləri eşidib qızardı. Culianın onu oğlanlarla müqayisə etməsi çox xoşuna gəlirdi. Axı o, ömrü boyu qız deyil, oğlan olmaq istəmişdi.
Lakin Enn onlarla eyni fikirdə deyildi.
– Bilirsən nə var, – o, üzünü qardaşına tutub dedi, – təkcə oğlanlar yox, qızlar da güzəştə getməyi bacarırlar. Özü də bu işdə sizdən qətiyyən geri qalmırıq. Məsələn, mən…
– Aman Allah! – Fanni xala araya girib qızın sözünü kəsdi. – Gör bir nəyin üstündə mübahisə eləyirlər! Xəbəriniz var ki, Kirrin-kottecə gəlib çatmışıq?
Corcgilin yaşadığı, həyətində rəngbərəng gül-çiçəklərin bitdiyi bu qədim evin pəncərələri düz Kirrin körfəzinə açılırdı. Uşaqların dördü də sevinclə çığırıb özlərini qapıdan içəri saldı. Evə girəndə çox təəccübləndilər. Coanna da burada, Kirrin-kottecdə idi. Bu yaşlı qadın onların Londondakı evlərində həm təsərrüfat işlərinə baxır, həm də yemək bişirirdi. O, təzəlikcə Londondan gəlmişdi ki, yay tətilində Fanni xalaya ev işlərində kömək eləsin. Coanna qollarını geniş açıb uşaqları sevinclə qucaqladı. Timmi də qadının ətrafında sevinclə dövrə vurmağa başladı.
– Axır ki, gəlib çıxdınız! Gör nə vaxtdır sizi görmürəm! Necə böyümüsünüz! Culian, sən lap yekə oğlan olmusan, boyun da məni ötüb. Enn, sən də bir az boy atmısan.
Enn Coannanı çox istəyirdi. O, qadını qucaqlayıb üzündən öpdü. Culian bel çantalarını içəri daşıyan Fanni xalaya kömək etdi. Çamadanlarını Londondan daha sonra yollayacaqdılar. Oğlanlar köməkləşib bütün əşyaları evə daşıdılar.
Enn isə pilləkənlərlə yuxarı qalxdı ki, yataq otağına baş çəksin. Yay tətillərində o, Corcla birlikdə bu otaqda qalırdı. «Yenidən Kirrin-kottecdə olmaq çox gözəldir!» – qız öz-özünə dedi. Sonra sevinclə zümzümə eləməyə başladı.
Bu vaxt Dik onunla Corcun bel çantalarını otağa gətirdi.
– Bilirsən, Dik, – Enn üzünü qardaşına tərəf tutub dedi, – mən Kventin əminin adaya getməsinə sevinirəm. Axı o, evdə olanda biz rahat oynaya bilmirdik.
– Hə,
2