Çalıquşu. Решад Нури Гюнтекин
Чтение книги онлайн.
Читать онлайн книгу Çalıquşu - Решад Нури Гюнтекин страница
Heç unutmaram: dəcəlliyimdən, çərənçiliyimdən bezmiş olan mürəbbi bacılar o sinifdə məni yoldaşlarımdan ayırıb bir küncdə, təkadamlıq, kiçik skamyada oturtmuşdular.
Müdirə xanımın söylədiyinə görə, «dərs əsnasında yoldaşlarımla çərənçilik etməyib, müəlliməmi ağıllı-başlı dinləməyi öyrənənə qədər» orada sürgündə qalacaqdım.
Bir yanımda yekə bir taxta dirək vardı. Bu dirək elə uzundraz və dözümlü bir qonşuya bənzəyirdi ki, hər nə etsən, onu hövsələdən çıxarmaq mümkün deyildi. Mən hərdənbir bıçağımın ucu ilə onun ora-burasını kəsib cızırdımsa da, o, bütün bunlara möhkəm bir təmkinlə dözüb səssiz-sədasız dururdu.
O biri yanımda taxta qapıları heç açılmayan uzun bir pəncərə vardı. Bu pəncərə elə bil monastır tərbiyəsinin tələb etdiyi sərin və qəmgin bir alaqaranlıq əmələ gətirmək üçün qayrılmışdı. Mən mühüm bir şey kəşf etmişdim: köksümü skamyaya dirəyib çənəmi bir az yuxarı qaldırdıqda, pəncərənin qapısı arasından göyün bir parçası və böyük bir akasiya ağacının yarpaqları içindən bir mənzilin pəncərəsi ilə balkon məhəccəri görünürdü.
Sözün düzü, bu mənzərə heç də xoşa gələn bir şey deyildi. Pəncərə həmişə örtülü olardı, balkon məhəccərinə çox vaxt xırdaca bir uşaq döşəkcəsi ilə yorğan asılardı.
Ancaq mən hələ bundan da xoşlanardım.
Dərs əsnasında əllərimi çənəmin altında birləşdirib, gözlərimi pəncərənin arasından görünən əsl göyə zillərdim. Yəqin ki, mənim bu vəziyyətim müəllimə bacıların ürəyindəndi. Onlar mənim ağıllanmağa başladığımı güman edib sevinərdilər. Mən isə onların bizdən gizlətmək istədikləri həyatı seyr edərdim. Beləliklə, onları aldadıb, ləzzətlə intiqam alardım.
Aleksi bacı izahatını qurtarandan sonra bizə yazı yazmağı tapşırdı.
Qabaq cərgələrin bəzəyi olan təmkinli sinif əlaçıları o saat işə girişdilər. Mən onların yanında olmaya-olmaya nə yazdıqlarını bilirdim. Sanki onların çiyinləri üstündən boylanıb yazdıqlarını oxumuşdum. Onlar, yəqin ki, bu sayaq şairanə yalanlar uydurmuşdular: «İlk xatirəm budur ki, sevgili anacığım qızıl kimi sarısaçlı başını kiçik çarpayımın üzərinə əymişdir. Onun göy kimi mavi gözləri məhəbbətlə mənə baxıb gülümsəyir…»
Həqiqətdə onların anaları qızıl kimi sarışın saçlı və göy kimi mavi gözlü deyil, başqa cürə də ola bilərdilər. Amma bizim müəllimə bacılardan dərs almış qızlar biçarə anaların saçlarını və gözlərini bu rənglərə boyamağa məcburdurlar. Bu, bizim üçün bir qayda idi.
O ki qaldı mənə, mən başqa cür uşaqdım. Anamı çox kiçik yaşlarımda itirmişdim. Yadımda o qədər də çox şey qalmamışdı. Amma hər halda yəqin bilirdim ki, onun saçları qızılı, gözləri isə mavi deyildi. Buna görə də, onu əslində olduğundan başqa cür qələmə verməyə və bəyəndirməyə heç bir qüvvə məni məcbur edə bilməzdi…
Məni fikir götürmüşdü. Nə yazacaqdım. Məryəm ananın divardakı rəngli şəklinin altından asılmış quqqulu saat durmadan işləyirdi. Amma mən hələ də dayanıb durmuşdum. Başımdakı lenti açdım, saçlarımı yavaş-yavaş gözlərimin üstünə endirməyə başladım.
Bir əlimlə də qələmi ağzıma soxub gəmirə-gəmirə dişlərimin arasında bururdum.
Filosofların, şairlərin yazı yazanda, burunlarını qaşımaq, çənələrinin dərisini çimdikləmək kimi qəribə-qəribə vərdişləri olduğunu eşitmişdim… Qələmi dişləmək və saçlarımı gözlərimin üstünə dağıtmaq da mənim dərin düşüncələrə daldığıma bir əlamətdi.
Yaxşı ki, mən belə dərin düşüncələrə çox tez-tez dalmırdım. Yoxsa həyatım nağıllardakı məşhur çərşənbə qarısı və ocaq anasının1 həyatı kimi qaranlıqda keçərdi və mən dünyanı bu qarmaqarışıq saç yığını içindən görərdim.
Aradan illər ötdü. İndi yad bir şəhərdə, yad bir mehmanxana otağındayam. Bitib-tükənmək bilməyən uzun gecənin yalqızlığına dözmək üçün xatirələrimi yazmağa başlayıram. Yenə də uşaq vaxtı etdiyim kimi bir əlimlə saçlarımı çəkib gözlərimin üstünə tökməyə çalışıram.
Bunun səbəbinə gəlincə, elə güman edirəm ki, mən o vaxtlar ətrafdakı həyata həddindən artıq uyan yüngül və diqqətsiz bir uşaqdım. Yəqin ki, bərkə düşəndə tək qalıb öz-özlüyümdə fikirləşmək üçün, gözlərimlə dünya arasında öz saçlarımdan bir pərdə çəkməyə çalışırmışam.
O ki qaldı qələmin ucunu bir kabab şişi kimi ağzıma soxmağa, sözün düzü, onun mənasını özüm də yaxşı bilmirəm. Bütün bildiyim bundan ibarətdir ki, dodaqlarımdan göy mürəkkəb ləkələri heç əskik olmazdı. Yadımdadır ki, mən artıq yekə qız olanda bir gün məktəbdə məni görməyə gələn bir adamın qabağına elə bir halda çıxmışdım ki, guya özümə bığ çəkmişdim. Utandığımdan az qalmışdı ki, yerə girim.
Nədən danışırdım? Bəli… Aleksi bacının verdiyi «İlk xatirə» yazı dərsindən…
Yadımdadır ki, o gün çox fikirləşdim, ancaq belə bir şey yaza bildim:
«Mən, deyəsən balıq kimi göl içində doğulmuşam. Anam bir azca yadımdadır… Atam da, dayım da, əsgər xidmətçimiz Hüseyn də yadıma gəlir… Məni bir gün küçədə qovlayan xırdaca qara köpək də yadımdadır… Bir gün mən səbətdən gizlincə üzüm oğurlayanda barmağımı sancan arını da xatırlayıram… Gözüm ağrıyanda içinə damızdırılan qırmızı dərman da yadıma gəlir… Sevgili xidmətçimiz Hüseynlə bərabər İstanbula gəlişimiz… Bəli, bunlara bənzər bir çox şeylər yadıma gəlir… Amma bunların heç biri ilk xatirə deyil… Bunlar sevdiyim gölün içində iri yarpaqlar arasında çıl-çılpaq çapalamağım qədər köhnə xatirələr deyildir… Dediyim göl dəniz kimi ucsuz-bucaqsız bir göldü… İçində iri-iri yarpaqlar, dörd bir tərəfində ağaclar vardı… Deyəcəksiniz ki, əgər içində yarpaqlar, kənarında da böyük ağaclar vardırsa, bu göl bəs necə dəniz kimi böyük ola bilər? – Vallah, yalan demirəm, buna sizin kimi elə mən özüm də çaşıb qalmışam… Amma beləydi də, mən nə edim?»
Yazım sinifdə oxunanda bütün yoldaşlarım mənə sarı dönüb, qəhqəhə ilə gülüşdülər və yazıq Aleksi bacı onları sakitləşdirmək üçün xeyli əziyyət çəkməli oldu.
Qəribə burasıdır ki, qara paltarı, çubuq kimi nazik, uzun boynu, ağappaq yaxalığı, saray qadınlarının rübəndinə bənzəyən başlığı, sızanaqlı solğun üzü, nar çiçəyi kimi qırmızı dodaqları olan Aleksi bacı indi də qabağıma çıxsa və mənə həmin sualı versə, yəqin ki, o zaman verdiyim cavabdan başqa bir cavab tapa bilməyəcəyəm. Yenə də deyəcəyəm ki, mən balıq kimi elə göl içində doğulmuşdum.
Sonralar oradan-buradan öyrəndiyimə görə mənim dediyim göl Mosul tərəflərdə adı yadımdan çıxmış bir kəndin yaxınlığındadır. Mənim ucsuz-bucaqsız dəniz dediyim şey də qurumuş xırdaca irmağın ağaclar arasında qalmış bir ovuc suyundan başqa bir şey deyilmiş.
Atam o zaman Mosulda xidmət edirmiş. Yaşım iki yaş yarım imiş. Yay o qədər şiddətli keçirmiş ki, şəhərdə qalmaq mümkün deyilmiş. Atam məni anamla bərabər bu kəndə gətirməyə məcbur olubmuş. Özü hər səhər ata minib Mosula gedib, axşamlar, gün batandan sonra qayıdıb gələrmiş.
Anam xəstə imiş. Elə bərk xəstə imiş ki, mən heç yadına düşmürmüşəm.
Bir müddət mənə heç baxan olmayıb… Aylarca xidmətçilərin otağında özbaşına qalmışam.
1
Çərşənbə qarısı və ocaq anası – küpəgirən qarı kimi türk nağıl personajları.