Çalıquşu. Решад Нури Гюнтекин

Чтение книги онлайн.

Читать онлайн книгу Çalıquşu - Решад Нури Гюнтекин страница 3

Жанр:
Серия:
Издательство:
Çalıquşu - Решад Нури Гюнтекин

Скачать книгу

yeni ayaq açmış bir uşaq kimi anamın biləklərindən tutub ağladığını heç unuda bilmirəm…

      Bu, bizim bir yerdə keçirdiyimiz axırıncı gün oldu. Ertəsi gün anamı açıq bir sandığın yanında, başı paltar boğçasının üstünə düşmüş, dodaqlarında qan ləkəsi olduğu halda ölmüş gördülər!

      Altı yaşında uşaq bir çox şeyləri başa düşər. Ancaq mən nədənsə heç bir şey sezməmişdim. Olduğumuz ev çox tünlükdü. Bir çox günlər böyük bir bağçada uşaqlarla boğuşduğumuz, Hüseynlə bərabər küçələrdə, dəniz kənarlarında, məscid həyəti kimi hay-küylü yerlərdə gəzdiyimiz yadımdadır.

      Anamı yad bir torpaqda dəfn etdikdən sonra, atam İstanbula qayıtmaq istəməyibmiş… Yəqin ki, bir az da nənəm və xalalarımla üz-üzə gəlməkdən çəkinirmiş. Ancaq bununla bərabər, məni onların yanına göndərməyi bir vəzifə bilibmiş. Bir də, təbii ki, gündən-günə böyüyən bir qız uşağının qışlada əsgərlər arasında tərbiyə etməyin imkansızlığını da düşünübmüş…

      Məni İstanbula əsgər xidmətçimiz Hüseyn gətirdi.

      Əla bir paroxodda, yöndəmsiz bir ərəb əsgərinin qucağında xırdaca bir qız uşağı… Bu mənzərə paroxoddakılardan bir çoxuna kim bilir nə qədər qəribə görünürdü. Ancaq bu səyahətə Hüseyndən başqa hər kəslə çıxsaydım, yəqin ki, bu qədər xoşbəxt ola bilməzdim.

      Yaylaq köşkümüzün arxasındakı qoruq meşəlikdə bir daş hovuz, bu hovuzun kənarında qolları çiynindən qopmuş çılpaq bir uşaq heykəli vardır.

      Gəldiyim ilk günlərdə günəş və rütubətdən qaralmış bu qırıq heykəl mənə şikəst bir ərəb uşağını xatırladırdı. Deyəsən payız idi, çünki hovuzun yaşılımtraq sularının üzü qızıl yarpaqlarla örtülmüşdü. Bu yarpaqlara tamaşa edəndə, suda bir neçə qırmızı balığın üzdüyünü gördüm, nənəmin min zəhmətlə bəzəyib naxışladığı üst köynəyim və yeni çəkmələrimlə hovuzun içinə atıldım.

      Ətrafda yaman hay-küy qopdu. Başıma nə gəldiyini anlamağa macal tapmamış, xalalarım məni qucaqlarına alaraq yuxarı apardılar. Bir yandan öpüb bir yandan danlayaraq, üst-başımı dəyişdirirdilər.

      Bu hay-küy və çaxnaşmadan gözüm qorxduğu üçün, daha hovuza girməyə cəsarət etmirdim, kənardakı çınqılların üzərinə üzüqoylu uzanaraq başımı suya sallayırdım.

      Bir gün yenə bu vəziyyətdə balıqlara tamaşa edirdim. Hər şey bugünkü kimi gözümün önündədir. Məndən bir az arxada nənəm bağça skamyasında oturmuşdu. Həmişəki kimi şalı yenə çiynində idi. Hüseyn namaz qılırmış kimi, onun yanında diz çökmüşdü.

      Yavaş-yavaş söhbət edirdilər. Yəqin ki, türkcə danışırdılar, çünki nə söylədiklərini anlaya bilmirdim, amma səslərindən, hərdənbir mənə baxmalarından şübhələndim. Dovşan kimi qulaqlarımı şəklədim. Dişimlə qopardıb hovuza atdığım simit5 qırıntılarının dövrəsinə yığışan qırmızı balıqlara daha fikir verməyib, nənəmlə Hüseynin suya düşmüş əkslərinə baxırdım. Hüseyn mənə baxarkən yenə yaylıq ilə gözlərini silirdi. Uşaqların bəzən öz yaşlarına uyğun olmayan qəribə duymaq qabiliyyətləri vardır.

      Onların söhbətlərindən sui-qəsd qorxusu duydum, yəqin ki, Hüseyni məndən ayıracaqdılar.

      Nə üçün? Bu incəlikləri başa düşən yaşda deyildim. Amma yaxşı bilirdim ki, bu ayrılığın qarşısını almaq günəşin batmasını, yağışın yağmasını dayandırmaq kimi mümkün olmayan bir işdi.

      O gecə nənəmin çarpayısına bitişik olan kiçik çarpayımda birdən-birə gözlərimi açdım. Başımızın üstündə yanan qırmızı gecə qəndili sönmüşdü. Ancaq pəncərədən düşən ay işığı otağı işıqlandırmışdı. Yatıb yuxumu almışdım. Ürəyimdə dözülməz bir sıxıntı vardı. Mən yerimdə dirsəklənib bir müddət nənəmə baxdım, onun yatdığını yəqin etdikdən sonra yavaşca çarpayımdan endim. Pəncə üstə yeriyib otaqdan çıxdım. Başqa uşaqlar kimi qaranlıq və yalnızlıqdan qorxmazdım. Pilləkən taxtaları cırıldadıqca, böyük adam kimi ehtiyatla yerimdə dururdum, ağır-ağır aşağı dəhlizə endim.

      Qapıların sürgülərini vurub bağlamışdılar. Ancaq bağça qapısının yanındakı pəncərə açıq qaldığından, oradan atılıb bayıra çıxmaq mənim üçün bir saniyəlik iş oldu.

      Hüseyn bağçanın o biri başındakı bağban daxmasında yatardı. Gecə köynəyimin uzun ətəkləri ayaqlarıma dolaşa-dolaşa ora yüyürdüm, Hüseynin çarpayısına dırmaşdım.

      O bərk yatardı. Elə Ərəbistanda olanda da səhərlər onu oyatmaq çətin bir iş idi. Bunun üçün köksünə oturub atılıb-düşmək, uzun bığlarını cilov kimi tutub çəkmək və bir qədər bağırmaq lazım gəlirdi. Amma bu gecə mən onu oyatmaqdan qorxurdum. Oyanarsa, məni əvvəllərdə olduğu kimi qucağında yatırtmağa razı olmayacağını, bütün yalvarışlarıma baxmayaraq, məni qucağına alıb nənəmə verəcəyini yəqin bilirdim.

      Mən isə bu son gecəni onunla bir yerdə keçirmək istəyirdim.

      Həmin bu yersiz hərəkətim yaxın zamanlara qədər ailə içində dönə-dönə söylənirdi.

      Nənəm səhərə yaxın oyanıb məni yatağımda görməyəndə dəli kimi olubmuş… Bir neçə dəqiqə içində bütün köşkdəkiləri ayağa qaldırıbmış; əllərində lampalarla, şamdanlarla bağçalara, dəniz kənarına axışıbmışlar… Çardaqdan tutmuş küçəyə qədər, qayıq saxlanan yerdən tutmuş hovuzun iki qarış suyuna qədər hər yeri axtarıblarmış… Qonşu əkin yerindəki bostan quyusuna da fənər salladıblarmış.

      Axırdan-axıra nənəm Hüseyni xatırlayaraq onun otağına yüyürüb, məni əsgərin boynuna bərk-bərk sarılıb yatmış görübmüş.

      Ayrılıq gününün faciəsini hələ də xatırlayır və gülürəm. Ömrümdə o günkü qədər dəlilik etdiyim yadıma gəlmir. Hüseyn qapının yanında çöməlib, yekə bığlarından utanmadan ağlayır. Mən Bağdadda, Suriyada6 ərəb dilənçilərindən öyrəndiyim duaları oxuya-oxuya nənəmin, xalalarımın ətəklərini öpürdüm.

      Romançılar qəmli adamı çiyinləri çökmüş, gözləri sönmüş, hərəkətsiz və səssiz bir insan kimi, daha doğrusu, miskin bir şəkildə təsvir edirlər.

      Məndə isə həmişə bunun əksi olur. Nə zaman dərin bir dərdə düşsəm, gözlərim parlar, tövr və hərəkətlərim nəşəli olar, özüm coşar-daşaram. Dünya vecimə gəlməz, qəhqəhə çəkib gülərəm, cürbəcür dəcəllik və dəliliklər edərəm. Bununla bərabər elə sanıram ki, yaxın adamı olmayan və ürəyini başqalarına aça bilməyən adamlar üçün bu, daha yaxşı bir şeydir.

      Hüseyndən

Скачать книгу


<p>5</p>

Simit – bublik.

<p>6</p>

Suriya – o zamanlar Osmanlı imperiyasına daxil idi.