Leonardo da Vinçi. Уолтер Айзексон
Чтение книги онлайн.
Читать онлайн книгу Leonardo da Vinçi - Уолтер Айзексон страница 6
Bir sözlə, Leonardo qarşısına növbəti ciddi məqsəd qoymuşdu: daha mükəmməl musiqi alətləri icad etmək! Nyu-York Metropoliten muzeyində mühafiz işləyən Emanuiel Vinternits yazır: «Da Vinçinin düzəltdiyi alətlər heç də saray əyanları və ya adi tamaşaçılar qarşısında fokus göstərmək üçün nəzərdə tutulmamışdı. O, sadəcə qarşısına müxtəlif məqsədlər qoyur, həmin məqsədlərə çatmaq üçün səy göstərir və buna nail olurdu». Lakin musiqi, şübhəsiz ki, xüsusilə sarayda onun mövqelərinin möhkəmlənməsinə, rifahının yaxşılaşmasına kömək edirdi. Eyni zamanda musiqi ona perkussiyanı – səs dalğaları, onların əks olunması və zərbədən yaranan titrəyişlər haqqında elmi daha dərindən öyrənmək imkanı yaradırdı. Təsadüfi deyil ki, həmin vaxtlar o, səs və su dalğalarının oxşar təbiəti haqqında düşünməyə başlamışdı.
Milan hersoqunun sarayında olarkən Leonardo alleqorik[17] rəsmlər və qrotesklər[18] də çəkir. Məsələ burasındadır ki, Lodoviko mürəkkəb məzmunlu gerbləri, müəmmalı təsir bağışlayan gerbləri, nişanları və məcazi mənalar ifadə edən şəcərə emblemlərini xoşlayırdı. Beləliklə, Leonardonun alleqorik rəsmləri meydana gəldi. Çox güman ki, bu rəsmlər sarayda nümayiş olunurdu. Bəzən isə da Vinçi onlara şifahi izahlar və şərhlər vermək məcburiyyətində qalırdı. Çünki həmin rəsmləri anlamaq elə də asan deyildi. Onun bir sıra bu cür rəsmlər çəkməkdə məqsədi hersoqun istənilən əməllərinə haqq qazandırmaq, gördüyü hər işi qabartmaq idi. Belə rəsmlərdən birində cavan xoruz (xoruzbeçə) təsvir olunub. Ona bir dəstə quş, bir neçə tülkü, eləcə də əcaib məxluqlar hücum edir. Lakin Lodovikonu iki gözəl xüsusiyyət qoruyur: bunlar Ədalət və Ağıldır. Ədalətin əlində fırça və ilan, həmçinin Sfortsa şəcərəsinin simvolları, Ağılın əlində isə güzgü var.
Düzdür, Leonardonun alleqorik rəsmləri başqalarının özəlliklərini ifadə etmək üçün çəkilirdi. Lakin həmin şəkillərdə onun özünün də iztirabları aydın əks olunub. Bu mənada Paxıllığın təsvir olunduğu rəsmlər xüsusilə səciyyəvidir. «Comərdlik doğulan kimi Paxıllıq da dünyaya gəlir və ona hücum etməyə başlayır», – o, rəsmlərdən birinin altında belə yazır. Rəsmdən aydın olur ki, Leonardonun özü də dəfələrlə paxıllıqla üzləşməli olub. Eyni zamanda bu hissi həm özündə, həm də başqalarında müşahidə eləyib. Leonardo Paxıllığı bir neçə alleqorik rəsmdə göstərməyə çalışıb. Həmin rəsmlərdə Paxıllıq arıq-quru, sinəsi sallanan, skeletə minən, iməkləyən cadugər qarı kimi təsvir olunur. Leonardo bu obrazı belə şərh edir: «O, Ölümün belində oturub, çünki Paxıllıq heç vaxt ölmür, həmişə meydan sulayır». Başqa bir rəsmdə Paxıllığın dilindən ilan çıxır, Comərdlik isə, zeytun ağacının budağını onun gözünə soxmağa çalışır…
Leonardonun Sfortsa sarayında insanları əyləndirmək üçün çəkdiyi karikaturalar qrotesk janrının ən yaxşı nümunələrindən sayıla bilər. Müxtəlif muzeylərdə onun çəkdiyi iyirmiyə yaxın orijinal karikatur saxlanır.
Vegetarian Leonardo
Da Vinçinin müasirləri – məşhur riyaziyyatçı Luka Paçolidən (1445–1514) tutmuş görkəmli memar Donato Bramante (1444–1514) və şair Pyattino Pyattiyə (1441–1508) qədər hər kəs Leonardo haqqında qiymətli yoldaş, yaxşı dost kimi söhbət açır.
Leonardo şux geyinib gəzməyi xoşlayırdı. Başqaları uzun libaslar geydiyi halda, onun əynindəki plaşın ətəyi yalnız dizlərinə çatırdı. Saqqalını sinəsinə qədər uzatmışdı, saçlarını isə hörürdü.
Gənc Leonardo ürəyində söz saxlamazmış, bütün fikirlərini dostları ilə bölüşərmiş. Üstəlik, əliaçıq adam kimi tanınırmış. «Çox səxavətliydi… ehtiyacı olana da əl tuturdu, olmayana da…» – Vazari yazır. Da Vinçi varlanmaq, mal-mülk sahibi olmaq arzusunda deyildi. Yəqin, bu səbəbdən qeyd kitabçalarından birində yazırdı: «Var-dövlət hərisliyi bəzilərinin gözünü tutub, ağıla-biliyə can atmaq istəyindən məhrumdurlar; ağılın həqiqi zənginliyi isə məhz bilik, müdriklikdir». Elə ona görə də Leonardo çoxlu pul qazanacağı sifarişlərin üzərində işləməkdənsə, vaxtını yaradıcı axtarışlara həsr etməyə üstünlük verirdi. Lakin evin ehtiyaclarını ödəmək imkanında idi. Vazari yazır: «Demək olar, heç nəyi yox idi, az qazanırdı, buna baxmayaraq nökər tutmuşdu, at saxlayırdı». Leonardo atları çox sevirdi, ümumiyyətlə, isə bütün heyvanlara böyük şəfqətlə yanaşırdı. Bəzən quş bazarına yolu düşən Leonardo satıcıların haqqını verib qəfəsləri açır, quşları azadlığa buraxırdı. Elə heyvan sevgisi səbəbindən vegetarian idi, ət yemirdi. Buna baxmayaraq, evdəkilərə tez-tez ət alırdı. «O, birənin də həyatına qıymazdı, – dostlarından biri yazırdı. – Əynində həmişə kətan geyimlər olurdu, çünki ölü heyvanların dərisini geymək istəmirdi».
Leonardonun qeyd kitabçalarında ət yeyənləri qınayan fikirlərə tez-tez rast gəlinir. «Əgər sən heyvanların şahısansa, – o, insana müraciətlə yazırdı, – onda niyə yalnız qarnın haqqında düşünür, digər heyvanlara qənim kəsilirsən?»
Da Vinçi hamını «sadə yeməklər» lə, yəni meyvə-tərəvəzlə kifayətlənməyə çağırırdı. Onun bu çağırışları elmi əsaslara dayanır, eyni zamanda özünəməxsus əxlaqi-mənəvi dəyərlərə söykənirdi. Leonardo bilirdi ki, bitkilərdən fərqli olaraq, heyvanlar ağrını hiss edirlər. «Təbiət hərəkət etmək iqtidarında olan canlılara ağrını hiss etmək qabiliyyəti verib. Buna görə də onlar hərəkət edərkən xəsarət almamağa çalışır, ehtiyatlı tərpənirlər. Bitkilər isə hərəkətsizdirlər, odur ki ağrını duymurlar» – Leonardo belə düşünürdü. Bu səbəbdən də «ağrını hiss edən» canlılarla qidalanmağı vəhşilik əlaməti sayırdı.
Nəhəng «at»ın kədərli sonluğu
1487-ci ildə Milan hakimiyyəti şəhərin baş kilsəsinə işıq qübbəsi qurmaq üçün ideyalar axtarırdı. Bunu eşidən Leonardo fürsətdən faydalanıb memar olduğunu bir daha bəyan etdi. Həmin il o, «ideal şəhər» layihəsini tamamlasa da, əvvəl yazdığımız kimi, heç kəsdə maraq doğura bilməmişdi. Ona görə də Milan kilsəsinin üzərində qübbə ucaltmaq üçün elan olunmuş müsabiqəni özünütəsdiq baxımından yeni imkan kimi qiymətləndirirdi.
Milan kilsəsi artıq yüz il idi ki, fəaliyyət göstərirdi, lakin hələ də ənənəvi qübbədən məhrum idi. Bir neçə memar bu mürəkkəb işin öhdəsindən gələ bilməmiş, uğursuzluğa düçar olmuşdular. Leonardo dərhal bu layihə üzərində işə başladı. Elə həmin vaxt da dövrünün ən istedadlı memarları Donato Bramante və Françesko di Corcio ilə tanış oldu. Yeri gəlmişkən, sonralar bu tanışlığın və dostluğun nəticəsində bir neçə ölməz rəsm əsəri meydana gəldi.
17
18