Çingiz xan. Mişel Yoanq
Чтение книги онлайн.
Читать онлайн книгу Çingiz xan - Mişel Yoanq страница 3
Yeri gəlmişkən, monqolların həyat tərzi bizə «nomad» sözünün ilkin mənasını xatırladır. «Nomad» – yunanca «nomas» sözündən törəyib «köçəri», «çoban» deməkdir.
…Temuçin və qardaşları, əsasən, güc, qüvvə yox, zirəklik, diribaşlıq tələb edən işlərlə məşğul idilər: onlar bütün günü giləmeyvə toplayır, qarmaq və ya tor vasitəsilə balıq tuturdular. Onların qarınlarını doyuracaq qədər qida toplaya bilməsi özlərinin məharətindən asılı idi. Bundan başqa, Yesugeyin dul qalmış cavan arvadının balaca bir mal-davar sürüsü vardı: yüz başa yaxın qoyun-keçi, at ilxısı və arabaya qoşmaq üçün öküzləri… Oelunun ətrafı isə hələ də böyük deyildi: bura yaxın qohumlarının az bir hissəsi, hələ də Yesugeyin ruhuna sədaqət nümayiş etdirən dostları, bir də, xidmətçilər daxil idi. Onlar əl-ələ verib sağ qalmaq uğrunda amansız mübarizə aparırdılar. Aralarında aydın iş bölgüsü vardı: arabaları, bir qayda olaraq, qadınlar idarə eləyirdilər, bir yerdən başqa bir yerə köçərkən çadırların dirəklərini, keçə örtüklərini də qadınlar sökür, onları arabalara da qadınlar yükləyir və ya boşaldırdılar. İnəkləri sağmaq, yağ tutmaq, qurut (qurudulmuş süzmə) hazırlamaq, gön-dəri aşılamaq və onlardan pal-paltar tikmək – bunlar da ev xanımlarının işləri sayılırdı. Kişilər isə ox-yay, yəhər-yüyən, araba hazırlayır, atları, dəvələri otarır, madyanları sağıb südündən qımız, eləcə də qımızı saxlamaq üçün tuluq düzəldirdilər.
Temuçin isə öz qardaşları ilə (eləcə də nökər-naibləriylə!) yuxarıda da dediyimiz kimi, gündəlik işlərlə məşğul olurdu. O, boş vaxt tapan kimi ulu əcdadlarının hələ üç min il öncə əhliləşdirdiyi atları minib çapmağı öyrənir, mahir miniciliyinə görə həmişə yaşıdlarından fərqlənirdi.
Yeri gəlmişkən, köçərini öz atından ayrı təsəvvür etmək mümkün deyil; ondan ötrü at – hərəkətin, yeyinliyin və azadlığın rəmzi, simvoludur…
Mərkəzi Asiya bozqırlarında
Temuçinin günləri giləmeyvə toplamaq və ya tayqanın cəngəlliklərində ov ovlamaqla bərabər, mal-qara otarmaq və heyvanları enəməklə7 keçirdi.
Oelunun keçə örtülü bir neçə alaçıqda yaşayan ailəsi bəzən azuqə tapmaqda çətinlik çəkir, həftələrlə sincab və ya balıqla qarnını doyurmalı olurdu. Belə zamanlarda uşaqlar arasında çəkişmə düşürdü. Salnaməçilərin verdiyi məlumata görə, Temuçinin on iki–on üç yaşı olanda çaydan tutduqları balıq üstündə qardaşları ilə sözü çəp gəlibmiş. Belə ki, o, qardaşı Cuçi-Kazarla birləşib digər qardaşları Bekter və Belguteyin üstünə düşmüşdülər ki, tutduqları balığı onlar oğurlayıb. Axırda məsələni aydınlaşdırmaq üçün analarına müraciət edirlər. Lakin anaları tədbirli qadın olduğundan oğullarından heç birinin tərəfini saxlamır. Onlara izah eləyir ki, güc birlikdədir, illah da ki bir bədbəxtçilik baş verəndə: «Böyük, ya da kiçik, nə fərqi var? Siz qardaşsınız. Bir-birinizə qarşı belə davranmaq sizə yaraşarmı? Öz kölgəmizdən başqa, bilin ki, dostumuz yoxdur».
Ancaq Temuçin və qardaşı Cuçi-Kazar bu öyüdü qulaqardına vururlar. Onların çılğın və kinli xarakteri tezliklə faciəyə səbəb olur. Bir dəfə uşaqlar təzəcə vurduqları torağay üstündə yenidən mübahisə edirlər. Temuçin ilə Cuçi-Kazar Bekteri oxlayır. «Gizli tarix» təsdiqləyir ki, bu, düşünülmüş qətl olub: Temuçin kürəyində gizlətdiyi oxla arxadan ögey qardaşına yaxınlaşır. Eyni vaxtda Cuçi-Kazar da qarşıdan ona sarı gəlir. Bekter qardaşlarına analarının öyüdünü xatırladıb aman diləyir. Ancaq hədər yerə… İki qardaş bir yerdə onu oxun hədəfinə çevirirlər. Temuçin və qardaşının başlarını aşağı salaraq gəldiyini görəndə Oelun məsələnin nə yerdə olduğunu anlayır. Öz doğma oğullarını ögey qardaşlarını qətlə yetirdiklərinə görə o ki var söyür, danlayır. Onlara qarğışlar yağdıraraq hay-həşir salır, böyük oğlunu «yenicə doğduğu küçükləri dişləyən it», «öz balalarını yeyən vəhşi ördək» adlandırır.
Bu cür soyuqqanlılıq, qisasçılıq və başqasının həyatını yox saymaq, yəqin ki, yeniyetməlik illərindən Temuçinin xarakterinin əsas cəhətlərindən idi. Bekterin qətli gələcəklə bağlı bir həqiqətdən xəbər verirdi: Temuçin iradəsinə qarşı çıxanı, hətta qardaşı belə olsa, tərəddüd etmədən öldürməyə qadirdir!
IV FƏSİL
«Monqollar düşmən görəndə ona yaxınlaşar, hərəyə üç-dörd ox atarlar. Əgər bununla onların geri çəkilməsinə nail olmazlarsa, geri dönər, hiyləgərliklə düşməni özlərinə cəlb edib əvvəlcədən hazırladıqları tələyə salarlar. Yazıq onları qova-qova tələyə düşən düşmənin halına; tatarlar bir göz qırpımında onları dövrələyib məhv edərlər».
Tarğıtay-Kuriltikin qorxusu
Oelun bir zamanlar övladlarını yanına çağırıb deyəndə ki, onların öz kölgələrindən başqa dostu yoxdur, bu fikrində əsla yanılmamışdı. Zamanın sərt sınaqları qardaşları tədricən bir-birinə daha möhkəm tellərlə bağlamağa başladı. Yesugeyin oğlanları bərkdən-boşdan çıxıb möhkəmlənən qurd əniyi8 kimi yavaş-yavaş gücə, qüvvətə dolurdular. Başlarına gələn bədbəxtliklər onları nəinki sındıra bilmiş, əksinə, daha da bərkitmişdi.
Oğlanların hər çətinliyə mətanətlə sinə gərmələri barədə deyilənlər tezliklə tayciutların başçısı Tarğıtay-Kuriltikin də qulağına çatdı. Bu həmin Tarğıtay-Kuriltuk idi ki, öz qolbəyilərinə Oelun və onun yaxınlarını tərk etməyi tapşırmış, bununla da Yesugeyin ailəsini təkbaşına qoymuşdu.
Tarğıtay-Kuriltik təlaşlanmağa başlamışdı, çünki Temuçin və qardaşlarının ondan qisas almaq fikrinə düşəcəklərindən qorxurdu. Bu səbəbdən də o nə qədər gec deyil, Yesugeyin övladlarının başını əkmək fikrinə düşdü. «Hələ cücədirlər, nə qədər ki böyüyüb qartal olmayıblar, başıma bir çarə qılmalıyam» – Tarğıtay-Kuriltik belə fikirləşirdi.
Temuçinin oğurlanması
Günlərin bir günü Yesugeyin ailəsinin yaşadığı obanın yaxınlığında bir bölük tayciut atlısı peyda oldu. Bir neçə çadırdan ibarət ailə və məiyyəti yaxınlaşan təhlükəni, əslində, əvvəlcədən hiss eləmişdi. Ancaq qəfildən üstlərini alan bu qədər silahlı kişiyə qarşı neyləyə bilərdilər? Qaçmaqdan başqa çarə yox idi. Ən böyük təhlükə, şübhəsiz, o vaxt on beş yaşında olan Temuçinin başı üstünü kəsdirmişdi. Tarğıtay-Kuriltik, ilk növbədə, onu aradan götürmək
6
7
8