Çingiz xan. Mişel Yoanq

Чтение книги онлайн.

Читать онлайн книгу Çingiz xan - Mişel Yoanq страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Çingiz xan - Mişel Yoanq Tarixi yaradanlar

Скачать книгу

verir: «Biləndə ki, andam Temuçinin yatağı boş qalıb, qəlbim iztirabla doldu. Eşidəndə ki onun köksü parçalanıb, qara bağrım şan-şan oldu. Merkitləri məhv etməklə onun qisasını alacaq, xatunun Börtəni xilas edəcəyəm…»

      Bu sözlərdən sonra əsl igidlərə yaraşan şəkildə Camuka öz hücum planını ortaya qoydu. Görünən o idi ki, cayratların başçısı düşmənin mövqeləri və döyüş qüvvəsi barədə yetərincə məlumatlı idi.

      Camuka bildirdi ki, orduya ümumi rəhbərliyi öz üzərinə götürməyə hazırdır. O, atlı dəstələri yüz-yüz bölərək necə yerləşdirmək barədə də planını açıqladı.

      Razılıq əldə edildikdən sonra ordunu döyüşə hazırlamaqla məşğul oldu.

      Ancaq Temuçin və Toğrul razılaşmanı pozub Camukayla təyin edilmiş yerdə əvvəlcədən müəyyənləşdirilən vaxtdan yalnız üç gün sonra birləşdilər. Buna görə cayratların başçısı müttəfiqlərinə ciddi narazılığını bildirdi: «Bəylər, biz beləmi vədələşmişdik? Yağış da yağsa, tufan da qopsa, deyilən vaxtda görüşəcəyimiz yerdə hazır olacağımıza söz verməmişdikmi? Monqol «hə, oldu» dedisə, bu, and içməyə bərabər deyilmi? Məgər hamımız bir yerdə qərara gəlmədikmi ki, söz verib gecikəni sıralarımızdan çıxmağa məcbur edərik?»

      Bu danlaqdan pərt olan Toğrul günahını boynuna alır, üzr istəyir. Camuka ya qəlbinin genişliyindən, ya da ittifaqın pozulmaması və andasına verdiyi sözü tutması naminə müttəfiqlərini bağışlayır. Beləliklə, birləşmiş ordu merkitlərin üstünə yürüşə keçir. Hərbi əməliyyatın gedişindən belə məlum olur ki, bu elə-belə, tələm-tələsik toplanıb kiminsə üstünə cummaq cəhdi deyil.

      Atlılar kilometrlərlə yol qət etdilər. Qarşılarını kəsən meşəliklərdən, keçilməsi ancaq sal vasitəsilə mümkün olan çaylardan adladılar. Xamar dağının sıldırım dərələrini aşan müttəfiqlər, nəhayət, Xilok çayının vadisinə, merkitlərin məskunlaşdığı torpaqlara çatdılar. Burada əvvəlcə uduit boyunun öndəri Toktoa bəyin obasına hücum etdilər. Ancaq həmin həndəvərdəki ovçuların vaxtında xəbərdar etməsi səbəbindən tayfa başçısı bütün var-yoxunu və qohum-əqrəbasını düşmən ümidinə qoyub aradan çıxdı.

      Börtənin qurtarılması

      Döyüşün elə ilk dəqiqələrindəcə merkitlər uduzacaqlarını başa düşmüşdülər. Obası qəfildən dövrəyə alınmış, monqol atlılarının təqib etdiyi tayfa başçısı gecəvaxtı Selenqa çayının sahillərində qeybə çəkildi. Merkitlərin böyük bir qismi həlak oldu. Toğrulla Camukanın ordusu heç kəsə aman vermədi. Yurddan vahimə içində çıxıb qaçmaq istəyən kişiləri rəhmsizcə öldürürdülər. Bəziləri gecənin zil qaranlığından yararlanıb aradan çıxmağa çalışsa da, buna çox az merkitli nail ola bildi. Hər tərəfdən dəhşətli qırşırtılar, can üstə olan yaralıların tükürpərdici iniltiləri, qadınların nalə və fəryadları eşidilirdi. Obanın hər tərəfi meyitlərlə dolu idi. «Gizli tarix»də Temuçinin bu savaşda nə kimi rol oynadığı barədə heç nə deyilmir. Salnaməçi bircə onu qeyd edir ki, Temuçinin başı sevgili xanımını axtarmağa qarışdığından döyüşün başını, demək olar, buraxmışdı. Birdən xanımını qaçmağa üz qoymuş merkitlərin arasında gördü. Dəlicəsinə qışqırıb Börtənin adını çağırdı. Bəxti gətirdi: qadını onu eşitdi. Temuçin qılıncını atıb yenicə doğmaqda olan Ayın zəif işığında sevgilisinə sarıldı.

      Aradan keçən həftələr ərzində nələr baş vermişdi, bəlli deyil. Ancaq bir şey məlum idi: Börtə hamilə qalmışdı – təbii ki, onu qaçıranlardan… Bir neçə ay keçəcək, onun doğduğu uşağa «qonaq» mənasına gələn «Cuçi» adını verəcəkdilər.

      Əvvəlcə də dediyimiz kimi, merkitlər Börtə ilə yanaşı, Temuçinin ögey qardaşının anasını da qaçırmışdılar. Qadının adı Seçigil idi. Onu tapmaq üçün oğlu Belgutey bütün düşmən alaçıqlarını aradı. Güc-bəla ilə yaxınlıqdakı meşədə gizləndiyini öyrəndi. Belgutey meşəyə yollanıb anasını hayladı. Lakin qadın cır-cındır içində olduğundan oğlunun üzünə çıxmaq istəmədiyi üçün onun səsinə səs vermədi. Qadının imtinasının başqa bir səbəbi də vardı: o, əsirlikdə olarkən merkitlərdən birinə güclə arvad edilmişdi. Buna görə çox utanır və oğlanlarının üzünə baxa bilməyəcəyini düşünürdü.

      Belgutey anasını çox gəzdi, ancaq o tapılmadı. Sonradan məlum olacaqdı ki, yazıq qadın canına qıyıb.

      İşi belə görən Belguteyin qan beyninə sıçradı, sağ ələ keçirilən merkitləri qılıncdan keçirdi. Bununla kifayətlənməyib onların uşaqlarına da aman vermədi.

      Beləcə, monqollarla merkitlər arasında amansız ədavət daha da alovlandı.

      Lakin həmin qırğınlar zamanı insanlığın tamamilə ölmədiyinə dair nişanələrə də rast gəlmək olardı. Məsələn, monqolların xüsusilə azyaşlılara mümkün olduğu qədər xoş münasibət bəsləməsi kimi… Belə ki, Temuçin döyüş meydanında qalan, xəz geyimli beşyaşlı oğlan uşağı görür. «Gözlərindən qığılcım çıxan» bu uşağı götürüb saxlamaq, ondan Oelun üçün xidmətçi yetişdirmək qərarına gəlir…

      Qəribə dostluq

      Artıq Temuçinin fikri-zikri tezliklə öz doğma yaylaqlarına qayıtmaq idi. Ancaq bundan öncə öz xeyirxah müttəfiqlərinin yanına gedib onlara minnətdarlığını bildirmək istəyirdi. Sonra isə qalibiyyətlə bitən bu döyüşdə onlara yar və yardımçı olan ulu Tanrıya – Mavi Göyə dualar edəcəkdi…

      Müttəfiqləri onun təşəkkürünü ehtiramla qəbul edib kömək əli uzatmağa hər zaman hazır olduqlarını dedilər.

      Bundan sonra Temuçin öz adamlarıyla doğma yurda qayıtdı. Toğrulla Camukanın niyyəti isə başqa idi: bu iki sərkərdə başqa bir merkit boyu olan uvasların üzərinə hücuma keçirlər. Məqsəd merkitlərin gözünü tamamilə qırmaq, onlar üzərində əldə edilən üstünlüyü daha da möhkəmləndirmək idi.

      Uvarlar öz sürülərini Selenqa və Orxon çayları arasında yerləşən yaylaqlarda otarırdılar.

      Birləşmiş ordu bu boyu da darmadağın etdikdən sonra Toğrul öz yurduna – Tuul çayının yuxarı axarına qayıdır (bura indi Monqolustanın paytaxtı Ulan-Bator yaxınlığında yerləşir).

      Camuka ilə Temuçinin yolları isə qəribə şəkildə yenidən kəsişir. Tale onları iki ilə yaxın bir müddətdə təzədən birləşdirir. Öz sürüləriylə Onon çayı sahilləri boyunca köç elədikləri zaman bu iki andalı qardaş daha da doğmalaşırlar.

      Hələ on–on bir yaşları olanda Camuka ilə Temuçin, demək olar, hər gün aşıq-aşıq oynayardılar. Bir-birinə salğarlı sümük aşıqlar, eləcə də misdən tökülmə aşıqlar hədiyyə edərdilər. Onlar əbədi dostluğa and içmişdilər. Sonralar – bir qədər

Скачать книгу