Balaca şahzadə. Антуан де Сент-Экзюпери
Чтение книги онлайн.
Читать онлайн книгу Balaca şahzadə - Антуан де Сент-Экзюпери страница 1
Leon Vertə
Bu kitabı yaşlı adama həsr elədiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Haqq qazanmaq üçün deməliyəm: bu yaşlı adam mənim ən yaxşı dostumdur. Bundan əlavə: o, dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Bir də o, Fransada yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur. Onun təsəlliyə çox-çox ehtiyacı var. Əgər bunların hamısı mənə bəraət qazandırmırsa, onda bu kitabı həmin uşağa həsr eləyirəm ki, o, indi mənim yaşlı dostumdur. Axı bütün yaşlılar əvvəlcə uşaq olublar, amma bunu xatırlayan çox azdır. Deməli, ithafımı düzəldirəm:
uşaq vaxtlarındakı Leon Vertə
I
Altı yaşım olanda balta dəyməmiş meşədən danışan “Gerçək əhvalatlar” adlı bir kitabda əcaib şəkil gördüm. Bu şəkildə nəhəng bir əfi ilan yırtıcı heyvanı udurdu. Şəkil belə çəkilmişdi:
Kitabda yazılmışdı: “Əfi ovunu çeynəmədən, bütöv udur. Bundan sonra tərpənə bilmir, altı ay ‒ yediyi həzm olana qədər yatır”.
Mən macəra dolu cəngəllik həyatı barədə uzunuzadı düşünüb rəngli karandaşla özümün ilk şəklimi çəkdim. Bu mənim 1 nömrəli şəklim idi. Mən belə bir şey çəkmişdim:
Mən əsərimi böyüklərə göstərib vahiməli olub- olmadığını soruşdum.
‒ Şlyapa niyə vahiməli olur? ‒ deyə etiraz etdilər.
Lakin bu, şlyapa deyildi, fil udmuş əfi ilan idi. Onda mən yaşlılara aydın olsun deyə əfinin iç tərəfini də çəkdim. Axı böyüklərə gərək həmişə hər şeyi izah eləyəsən. Bu da mənim 2 nömrəli şəklim.
Yaşlılar mənə məsləhət gördülər ki, daha ilanı nə içindən, nə də çölündən çəkim. Bunun əvəzinə coğrafiya, tarix, hesab və yazı qaydaları ilə maraqlanım. Bax beləcə, hələ altı yaşımda ikən mən gözəl rəssamlıq sənətindən əl çəkdim. 1 və 2 nömrəli şəkillərlə uğursuzluğa düçar olub özümə inamı itirdim. Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.
Beləliklə, mən başqa peşə seçməli oldum, təyyarəçilik öyrəndim. Az qala bütün dünyanı dolanmışam. Coğrafiya, doğrudan da, mənim çox karıma gəldi. Mən Çini Arizonаdan bir baxışla ayırırdım. Gecə yolu azanda coğrafiyanı bilməyin xeyri çoxdur.
Mən öz həyatımda hər cür ciddi adamları çox görmüşəm. Yaşlılar arasında uzun müddət yaşamışam. Onları lap yaxından görmüşəm. Düzünü desəm, elə buna görə də onlar haqda yaxşı fikirdə deyiləm.
Mən başqalarına nisbətən ağıllı, qanacaqlı görünən bir yaşlıya rast gələndə 1 nömrəli şəklimi ‒ mən onu saxlamışdım, həmişə yanımda gəzdirirdim ‒ göstərirdim. Mən bu adamın həqiqətən bir şey anlayıb-anlamadığını bilmək istəyirdim. Amma hamısı belə cavab verirdi: “Bu, şlyapadır”. Mən də daha onlarla nə əfilər, nə cəngəlliklər, nə də ulduzlar haqqında danışırdım. Mən onların anlayışlarına alışmışdım. Mən onlarla bric və qolf oyunlarından söz açır, siyasət haqqında, qalstuklar barəsində söhbət eləyirdim. Belə ağıllı bir adamla tanış olduqları üçün yaşlılar da çox məmnun qalırdılar.
II
Mən tənha yaşayırdım, ürək açmalı bir adam yox idi. Altı il bundan qabaq çarəsiz qalıb Böyük səhraya enməyə məcbur oldum. Təyyarəmin motorunda nə isə sınmışdı. Yanımda nə mexanik, nə sərnişin var idi. Qərara aldım ki, çox çətin olsa da, təyyarəni özüm təmir eləyim. Mən ya motoru düzəltməli, ya da məhv olmalı idim. Su ehtiyatım bir həftəyə çətin çataydı.
Beləliklə, birinci gecə mən səhra qumları üstə yatdım, minlərlə mil ətrafda heç bir yaşayış yeri yox idi. Gəmidə qəzaya uğramış, dəryanın ortasında sal üstündə qalmış adam da mənim kimi yalqız olmazdı. Dan üzü incə bir səsə oyananda nə qədər təəccübləndiyimi təsəvvür eləyin. O dedi:
‒ Lütfən… mənə bir quzu şəkli çək.
‒ Nə?
‒ Quzu şəkli çək.
Mən yerimdən sıçradım, eynən başımın üstə ildırım çaxmışdı. Gözlərimi ovuşdurdum. Yan-yörəmə baxdım. Məni ciddi surətdə gözdən keçirən qəribə bir balaca adam gördüm. Bu onun sonralar çəkə bildiyim ən yaxşı şəklidir. Amma mənim şəklimdə o, əlbəttə, əslində olduğu kimi gözəl deyil. Bu mənim günahım deyil. Altı yaşım olanda böyüklər məni inandırmışdılar ki, məndən rəssam çıxmayacaq, mən də əfinin həm çölünü, həm də içini çəkməkdən başqa bir şey öyrənməmişdim.
Beləliklə, gözlərimi bərəldib bu qeyri-adi adama baxırdım. Unutmayın, mən insan məskənindən minlərlə mil uzaqda idim. Bununla belə, bu uşaq qətiyyən azmış, bərk yorulmuş, ya qorxmuş, yaxud da aclıqdan, susuzluqdan üzülmüş uşağa oxşamırdı. Onun görkəmindən heç demək olmazdı ki, insan ayağı dəyməyən səhrada dolaşan bu uşaq yurdundan, yuvasından uzaqlarda qalıb. Nəhayət, mənim dilim açıldı, soruşdum:
‒ Bəs… sən burda neyləyirsən?
O, yenə astadan və ciddi tərzdə xahiş elədi:
‒ Lütfən… quzu şəkli çək…
Bütün bunlar o qədər sirli, o qədər ağlasığmaz idi ki, mən boyun qaçıra bilmədim. Bu səhrada nə qədər mənasız olsa da, həyat tükdən asılı qalsa da, mən cibimdən bir vərəq kağız, bir də qələm çıxardım. Ancaq elə buradaca xatırladım ki, mən coğrafiyanı, tarixi, hesabı və yazı qaydalarını daha yaxşı öyrənmişəm, ona görə də uşağa dedim (hətta bir az acıqlı dedim) ki, şəkil çəkməyi bacarmıram. O cavab verdi:
‒ Nə olur-olsun. Quzu şəkli çək.
Mən ömrümdə heç vaxt quzu şəkli çəkmədiyimə görə əvvəlki iki şəklimdən birini təkrarladım, bacardığım bu idi ‒ ilanın xarici görünüşü.
‒ Yox, yox! İlan qarnında fil mənə lazım deyil! İlan çox qorxuludur, fil isə çox böyükdür. Mənim evimdə hər şey çox xırdadır, mənə quzu lazımdır. Quzu şəkli çək. ‒ Bunu eşidəndə çox təəccübləndim.
Mən şəkli çəkdim.
O, çəkdiyim şəklə diqqətlə baxıb dedi:
‒ Yox, bu quzu çox sısqadır. Başqasını çək.
Çəkdim.
Təzə dostum yüngülcə, iltifatla gülümsədi:
‒ Sən özün də görürsən, bu, quzu deyil: bu, qoçdur. Onun buynuzları var…
Mən ayrı cür çəkdim. Amma o bunu da qəbul eləmədi.
‒ Bu, çox qocadır. Mənə elə quzu lazımdır ki, çox yaşasın.
Burada