Balaca şahzadə. Антуан де Сент-Экзюпери

Чтение книги онлайн.

Читать онлайн книгу Balaca şahzadə - Антуан де Сент-Экзюпери страница 3

Balaca şahzadə - Антуан де Сент-Экзюпери Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

kiçik çıxır. Mən onun paltarının rəngini də pis xatırlayıram. Mən onu həm belə, həm elə, zənlə, birtəhər çəkmək istəyirəm. Nəhayət, hansısa başqa mühüm xırdalıqda da səhv eləyə bilərəm. Ancaq siz irad tutmayın. Dostum heç vaxt mənə bir şey deməmişdi. Bəlkə, o elə bilirmiş ki, mən də onun kimiyəm. Amma mən təəssüf ki, yeşiyin taxtaları arasından quzunu görməyi bacarmıram. Bəlkə, mən bir az yaşlılara bənzəyirəm. Yəqin, qocalıram.

      V

      Mən hər gün onun planeti, o planeti necə tərk etməsi və səyahəti haqqında yeni bir şey öyrənirdim. O, yeri gələndə bu barədə az-az danışırdı. Üçüncü gün mən baobab faciəsini bu yolla bildim.

      Bu da quzunun ucbatından oldu. Sanki Balaca şahzadə birdən dərin şübhələrə daldı. O soruşdu:

      ‒ Doğrudanmı, quzular kolları yeyirlər?

      ‒ Bəli, yeyirlər.

      ‒ Yaxşı oldu!

      Mən quzuların kolları yeməsinin nə üçün belə mühüm məsələ olduğunu başa düşmədim. Balaca şahzadə isə əlavə elədi:

      ‒ Deməli, onlar baobab da yeyirlər?

      Mən etiraz elədim ki, aobab kol deyil, nəhəng ağacdır, boyu zəng qülləsinə çatır. Əgər o, bir sürü fil də gətirsə, onlar bir baobabı yeyib qurtara bilməzlər.

      Fil sözünü eşidəndə Balaca şahzadə güldü:

      ‒ Onları bir-birinin üstünə çıxarmaq lazım gələrdi.

      Sonra isə düşüncəli-düşüncəli dedi:

      ‒ Baobablar əvvəl-əvvəl, hələ boy atmamışdan balaca olurlar.

      ‒ Düzdür. Amma nə üçün sənin quzun kiçik baobabları yeməlidir?

      ‒ Bəs necə! ‒ dedi, sanki söhbət ən adi, hamıya məlum həqiqətdən gedirdi. İşin nə yerdə olduğunu dərk edənə qədər mən xeyli fikirləşməli oldum.

      Hər bir başqa planetdə olduğu kimi, Balaca şahzadənin də planetində faydalı və zərərli otlar bitir. Deməli, orada yaxşı faydalı otların yaxşı toxumu, pis alaq otlarının ziyanlı toxumu var. Axı toxum gözə görünmür. Toxumlar yerin dərinliklərində yatır, birdən görürsən ki, biri ayıldı. Oyanan toxum zoğ atır, qəddini düzəldib günəşə doğru boylanır, əvvəlcə qəşəng, sakit, zərərsiz görünür. Əgər bu, gələcəyin qırmızı turpu, ya qızılgül koludursa, qoy boy atsın. Ancaq pis, zərərli otdursa, tanıyan kimi onu kökündən çıxarıb atmaq lazımdır. Balaca şahzadənin planetində dəhşətli, çox ziyanlı toxum var… Bu, baobab toxumudur. Planetin torpağı baobab toxumu ilə doludur. Əgər baobabı vaxtında tanımasan, sonra ondan yaxanı qurtara bilməzsən. O, bütün planeti tutar. Kökləri ilə torpağı deşik-deşik eləyər. Əgər planet çox kiçikdirsə, baobab çoxdursa, onlar planeti parçalayıb dağıdarlar.

      Sonralar Balaca şahzadə mənə dedi:

      ‒ Belə bir dəyişməz qayda var… Səhər durdun, əl-üzünü yudun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal. Baobabları qızılgül kolundan ayırmaq mümkün olan kimi ‒ onlar təzə çıxanda bir-birinə çox oxşayırlar ‒ hər səhər mütləq onları dartıb çıxarmaq lazımdır. Bu, çox bezikdirici işdir, amma qətiyyən çətin deyil.

      Bir dəfə o mənə məsləhət verdi ki, çalışım elə şəkil çəkim, bizim uşaqlar da onu yaxşı başa düşsünlər.

      O dedi:

      ‒ Əgər bir zaman səyahətə çıxsalar, bu onlara gərək olar. Bəzi işlər bir az gözləyə də bilər, ziyanı yoxdur. Ancaq baobabları özbaşına buraxsan, başın ağrıyacaq. Mən bir planet tanıyırdım, orada bir tənbəl yaşayırdı. O, üç kolu vaxtında çıxartmamışdı…

      Balaca şahzadə hər şeyi müfəssəl təsvir elədi. Mən bu planetin şəklini çəkdim. Mənim adamlara öyüd-nəsihət verməkdən zəhləm gedir. Hərçənd baobabın nə cür zərər verdiyini bilən az tapılar, amma asteroidə düşən hər kəsin məruz qalacağı təhlükə çox böyükdür. Buna görə də mən bu dəfə həmişəki təmkinimi pozmağı qərara aldım. “Uşaqlar, ‒ deyirəm, ‒ baobabdan özünüzü gözləyin!” Mən öz dostlarıma çoxdan onları izləyən təhlükə haqqında xəbərdarlıq etmək istəyirəm, onlar bunu, əvvəllər mən ağlıma gətirmədiyim kimi, ağıllarına belə gətirmirlər. Bax elə bunun üçün mən bu şəklin üstündə bu qədər zəhmət çəkmişəm, sərf elədiyim əməyə də heyfim gəlmir. Ola bilər, siz soruşasınız: nə üçün bu kitabda baobab qədər təsirli başqa bir şəkil yoxdur? Cavab sadədir: mən çalışmışam, amma bir şey çıxmayıb. Baobabları çəkəndə isə məni bunun çox vacib və təxirəsalınmaz olması fikri ilhamlandırıb.

      VI

      Ey Balaca şahzadə! Mən sənin həyatının necə hüznlü, necə yeknəsəq olduğunu da yavaş-yavaş anladım. Uzun müddət sənin təkcə bir əyləncən olub: qüruba tamaşa eləmisən. Mən bunu dördüncü günün səhəri öyrəndim, özü də sənin:

      ‒ Mən qürubu çox sevirəm. Gedək günün batmasına baxaq, ‒ deməyindən bildim.

      ‒ Gözləmək lazım gələcək.

      ‒ Nəyi gözləmək?

      ‒ Günəşin batmasını.

      Əvvəlcə sən çox heyrət elədin, sonra isə özün özünə gülüb dedin:

      ‒ Mənə hələ də elə gəlir ki, öz evimdəyəm.

      Əslində də belə idi. Hamı bilir ki, Amerikada günorta olanda Fransada günəş qüruba gedir. Əgər bu zaman bir anlığa Fransaya düşsən, günəşin qürubuna tamaşa eləyə bilərsən. Bədbəxtlikdən Fransa çox, çox uzaqdır. Sənin balaca planetində isə stulu bir neçə addım qabağa çəkmək kifayətdir. Sən dönə-dönə qürub səmasına baxarsan, təki kefin istəsin…

      ‒ Bir dəfə mən günəşin batmasını bir gün ərzində qırx üç dəfə gördüm.

      Bir az fasilədən sonra sən əlavə etdin:

      ‒ Bilirsən… Ürəyin çox dolanda günəşin batmasına tamaşa eləmək yaxşı olur…

      ‒ Deməli, qırx üç qürub gördüyün gün halın çox pərişan idi?

      Balaca şahzadə cavab vermədi.

      VII

Скачать книгу